DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli: https://fedai.az/?p=47533https://fedai.az/?p=47533https://fedai.az/?p=47611, https://fedai.az/?p=47692)

Yəni üsyançı Babək belə xəlifələrdən daha imanlı idi. Xəlifələrin İslamı aradan qalxızmaq gücündə təsvir etdiyi Babək üsyanı əslində Abbasilərin hakimiyyətini yer üzündən silə bilərdi.


Tarixi mənbələrdə Babək dövrü yetərincə yanlış bilgilərlə anladılıb. Çünki o dövr ərəb – türk düşmənçiliyi yüksək həddəydi. Türk millətinə, türk sərkərdələrinə qarşı törədilən xəyanətlərə qarşı narazılıq həmişə olmuşdur. Bu gün bəzi tədqiqatçıların milli etnik bölünməni son əsrlərə aid etmələri gülüş doğuracaq qədər sadəlövhlükdür. İnsanlar dini baxımdan deyildiyi kimi millətlərə bölündüyü ilk gündən bu günədək milli kimlik mübarizəsi mövcud olub.


İbn-ül Əsir “Tarih-ül Kamil” əsərində artıq oturuşmuş xəlifələrin və ərəblərin türklərə münasibətini diqqətinizə çatdırım: ”Xaçlıların Antakya yaxınlarında məşhur yamyamlıqları (adam yemələri) ərəbləri sevindirmişdi. Aclıq çəkən xaçlılar türk şəhidlərinin cəsədlərini məzarlardan çıxarıb kabab edərək yedikləri tarixin daima haşiyət və lənətlə anacağı bir vəhşət xatirəsidir. “Bir gün 1500 şəhid cəsədi çıxarılıb, 300 nəfərin mübarək başı kəsilərək Misirdəki xəlifeyi İslamın əhli-salib (səlibçi) ordugahında türklərə qarşı ittifaq razılığına gəlmiş elçilərinə göstərildi… Misir xəlifəsinin elçiləri türklərin bu şəkildə öldürülmələrinə sevindilər… İştə bunlar da sabitdir ki, sünni və şiə ərəblər arasında ortaq olan ulusal və tarixi Türk düşmənliyi əhli-səlibin müsəlman türkə qarşı göstərdiyi dini kin və qərəzdən, nifrətdən heç də az deyildi. Zatən sünni ərəblər arasında əhli-salib ordularına muzdla əsgər yazılanlar belə vardır və hətta bunlar önəmli yekunlar tutmaqdadırlar” (Prof. Dr. İlhan Arsel. ”Arap milletçiliği ve Türkler”. Kaynak Yay. 269.7. basın şubat 2011 s. 280-281).


İbn-Əl İbri adıyla məşhur olan Qriqorius Əbulfərəc ibn Əhrun “Tarixi Müxtəsər əd-Düvəl” əsərində (Z.Bünyadovun tərcüməsində s.304) yazırdı: “Onun (Babəkin – müəl.) tərəfdarları nə kişiyə, nə qadına, nə cavana, nə də uşağa rəhm etmirdilər, həm müsəlmanları, həm də zimmiləri öldürürdülər. Onların əliylə qırılanları saydılar – 255.500 nəfər oldu”. “Babək Tusini məğlub edərək yüz əlli minlik ordusunu qovdurdu…” (M.Kolanqatlı “Albaniya tarixi” Bakı 1993 s.195).


Babək Azərbaycanın böyük bir hissəsini ərəb işğalından azad etmişdi. Quzey Azərbaycanın da böyük hissəsi Babəkin nəzarəti altında idi. Digər ərazilərə isə xristian alban türklərin pavlikilər üsyançıları nəzarət edirdilər. “…Babək Şimalı Azərbaycanın bir sıra vilayətlərini fəth etsə də onlarla (pavlikilərlə) hesablaşırdı” (Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə Bakı .1989 s. 218).


Babək üsyanı zamanı öldürülənlərin sayı Əl Əsirdə və digər bütün mənbələrdə isə 255.500 nəfər olaraq göstərilib. Bu, o dövr üçün çox böyük rəqəmdir. Babəkin məğlub olmasını ən yaxşı qələmə alan isə Əbu Cəfər Məhəmməd ibn Cəzir ət-Təbərinin “Tarixi ər-Rəsul vəl-mülk” əsəridir (Təbəri. yenə orada s.299): “İbn Sunbat Babəki Afşinə satdıqdan sonra bir nəfər adam göndərməsini xahiş etdi. Babək bu adamı tanımadığına görə soruşdu: “Bu adam kimdir?” İbn Sunbat dedi ki, bu adam Xorasandandır. O, xaçpərəstdir və çoxdan bizdədir – bununla usruşanlıya (Soğdiyanın xalqı belə adlanırdı – müəl.) başa saldı ki, nə demək istəyir. Sonra Babək soruşdu: “Nə vaxtdan burada qaldın?” O, cavab verdi: “Filan ildən”. Babək soruşdu: “Necə oldu ki, burada qaldın?” O adam cavabında dedi: “Mən burada evlənmişəm”. Babək dedi: “Sən doğru deyirsən. Bir adamdan soruşanda ki, haralısan, cavab verər: “Arvadımın doğulduğu yerdən” (yenə orada s.295) (Bu deyim bu gün də Azərbaycan türkcəsində qalmaqdadır–müəl.).


“…Babək soruşdu: “Siz kimsiniz?” Onlardan biri cavab verdi: “Mən Əbu Səidəm”. O biri dedi: “Mən Buzbarayam”. “Yaxşı”– deyib Babək atdan düşdü. İbn Sunbat ona baxırdı. Babək onun üzünə baxıb dedi: “Olmaya sən məni yəhudilərə (ərəblərə belə deyilirdi. Bu bir çox mənbələrdə belədir–müəl.) cüzi bir pula satmısan? Əgər sən pul istəyirdinsə, məndən istəyəydin, mən sənə ondan çox pul verərdim” (yenə orada s.296). (Burada bir faktı bir daha təkrar edim ki, Səhl Sunbat Qaraman–Qıpçaq Ərməniyyəsindən idi. Bu şəxsin haylara heç bir dəxli olmadığı, Babəklə eyni dildə danışması ərmənilərin türk olmalarını sübut edir– müəl.).


Babəkin tutulması xəbəri bütün xilafətə yayıldı. “…Lakin hər tərəfi çəpərləmiş gənclər və qadınlar onu görəndə üzlərini sillələməyə (baş-gözlərinə döyməyə – müəl.) başladılar və fəryad-şivən qopardılar ki, səsləri asimana ucaldı. Afşin onlara dedi: “Dünən axşam siz fəryad edirdiniz ki, o sizi əsir etmişdir, bu gün isə onun üçün ağlayırsınız. Allah sizə lənət eləsin!” Onlar isə dedilər: “O, bizə yaxşı baxırdı” (yenə orada. s.296).


İbn Kəsir “Əl Bədiyyə” əsərində yazır ki, Xəlifə Mötəsim iki gün yol getdi ki, bir an əv-vəl Babəki görsün, amma Babək onu tanımadı. Deyilənlərə görə, Babək 20 il ərzində 255.500 nəfər öldürmüşdü. Yəhya ibn Müaza, İsa ibn Məhəmməd ibn Əbu Xalidə, Əhməd ibn əl Cüneydə (onu əsir almışdı), Süreyk ibn Əli ibn Sədəqə, Məhəmməd ibn Humeyd ət-Tusiyə və İbrahim ibn əl Zeysə qalib gəlmişdi.
Babəkin son döyüşündə özü ilə birlikdə 3309 nəfər adam əsir alınmış, onun yanında əsir olan 7600 nəfər müsəlman qadın və uşaq azad edilmişdi.


Babəkin 17 oğlu və 23 qız-gəlini Afşinin əlinə keçmişdi (Təbərinin məlumatları Ziya Bünyadovun tərcüməsində s.299).


Maraqlı burasıdır ki, Babəkin üzərinə göndərilən sərkərdələr ərəb sərkərdələridir, onların arasında türk əsgərlər olsa da türk sərkərdələr yoxdur. Bəzi mənbələr, xüsusən Azərbaycanın müasir tarixi Afşini türk sərkərdəsi sayır. Bu, yanlışdır. Afşin Soğdiyalıdır. Soğdların farsdilli olmadığını arxeologiya təsdiqləyib. “Soğdların dövləti və dili təxminən iki min il əvvəl məhv olub. Bu yaxınlarda dilşünaslar aşkar ediblər ki, Pamir dağlarında, bir neçə qışlaqda yaqnoblar – öz əcdadları soğdların dilini mühafizə edən kiçik etnos yaşayır” (A.Kondratov “Sirdən biliyə doğru” Bakı 1975 s.6).


Ənənəvi ərəb xəyanətinə uyğun olaraq Afşini qazandığı qələbədən sonra yaşatmaq öz hakimiyyətini təhlükəyə atmağa bərabər idi. Afşini suçlayanlar onu sünnətsiz, atəşpərəst, bütpərəst, firon, qiyamçı, guya Babəkə “kömək etmiş” və s. günahlarda ittiham etdilər. Xilafət tarixçiləri evindən tapılan “Zarava” adlı kahinlər kitabı, bütə bənzər fiqurlardan bəhs edirlər. Onun usruşan dilində məktublar yazaraq əcdadlarının taxtını qaytarmaq istəməsi də qeydlər arasındadır.

Afşin sadəcə türklərə sığınmışdı. Ona görə də ərəblər fərq qoymadan ona “bəy” deyirdilər. Təbəri (III c. s. 1310–1311) yazır: “Belə müraciət (bəy) Orta Asiya türklərinin müraciətidir. Afşinin məhkəməsində müəyyən olundu ki, özünə ərəblərin “İlah Əl-Alihat” sözüylə müraciət etməyə icazə verirmiş”.


Babəkin məğlubiyyətindən əvvəl Məzyər asanlıqla məğlub edilir. Peyğəmbər (s) soyun-dan gələn İmam Məhəmməd Təqi (ə) 835-ci ildə şəhid edilir. Babək 838-ci ildə edam edilir və Afşini də edam edirlər. Beləcə, Xəlifə özünə qarşı təhlükə yaradan bütün gücləri neytrallaşdırır.


Babəki hiylə ilə ələ keçirən Afşinin edam olunması hürrəmilər hərəkatının yeni dalğasının başlanması ilə eyni vaxta təsadüf edir. Bunun xalqın Babəkə sevgisindən xəlifənin qorxması səbəbindən edilməsi ağlabatandır. Babəki satan Səhl ibn Sunbat onu tanıdı, çünki bundan əvvəl Babəkə əsir düşmüşdü və çoxlu pul verib canını qurtarmaq istəmişdi, “ancaq Babək qəbul etməmiş, onun gözü qarşısında anasının, bacısının və arvadının başına pis işlər gətirmiş, çünki bu “İblis” əsir olanlarla, onların arvad-ları ilə belə rəftar edirdi” (yenə orada s.114/308).


Mənbələrdən aydın olan bir şey, xalqının yollar boyunca kilometrlərlə ərazilərə düzülüb Babəki görməyə axışmasıdır. Maraqlıdır, heç bir mənbədə Babəkə qarşı xalq nifrəti nümunəsi qələmə alınmayıb. Üstəlik, hamı görsün deyə ona hazırlanan filin heç zaman belə bəzədilməməsini Əhməd ibn Əcəm Əl Kufi “Kitab Əl Fütuh” əsərində qələmə alıb.


Hər halda Babək dünyanın gördüyü ən böyük üsyançı idi. Qarşısında imperiyalar diz çökən xilafətin onlarla ordusunu darmadağın elədi. O, Əhli-Beyt sevdalı bir müsəlman idi. Nizamülmülk şiələri gözdən salmaq üçün daim Babəkin adını çəkir: “Bu yoldan azmışlar (Babək nəzərdə tutulur – müəl.) özlərini peyğəmbər (s) övladlarını sevənlər kimi qələmə verərlər” (“Siyasətnamə” Bakı 1987 s.185).


Babək gerçək bir qəhrəmandı. “İbn Təqriberdi deyir ki, “Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti dəhşətə gətirən bir igid idi” (Z. Bünyadov “Azərbaycan VII-IX əsrlərdə Bakı 1989 s. 256).


“Babək Hürrəmini Mötəsimin yanına gətir-dilər. Mötəsim əmr etdi ki, Babəkin əllərini və ayaqlarını onun gözü qabağında kəssinlər. Siftə onun sağ qolunu kəsdi, qan axanda Babək bütün üzünü qana boyadı ki, üzündə zərrə qədər də yer qalmadı. Mötəsim dedi: “Ondan soruşun, nə səbəbə belə etdi?” Babəkdən soruşdular, o da belə cavab verdi: “Xəlifəyə deyin: “Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan qanı dayandırmağa sənin hökmün yetməz və nə qədər ki, başım kəsilməyib bu qan axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb solsun. Adamlar da elə düşünər ki, guya elə əvvəldən ölümdən qorxurammış. Məhz buna görə belə etdim, yoxsa qanımın axdığı üçün etmədim. Mən üzümü qana boyadım ki, üzümün rəngi qaçmış kimi görünməsin.” Onda Mötəsim dedi: “Əgər onun gördüyü və bağışlanmasına imkan verməyən işlər olmasaydı, bu faydalı adamı saxlamaq düzgün olardı”… Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Sonra Babəkin əllərini, ayaqlarını və başını qarnına soxaraq neft tökərək yandırdılar” (Ət Tənuhi “İşvar” s.75).


Babəkin qardaşını da şaqqaladılar. Bu qəhrəmanların qışqırtı, ah-nalə etməmələri müəlliflərin heyrətinə səbəb olmuşdu…

Tarixin istehzasına baxın. Babəkə qalib gəldiyinə görə başına tac qoyulan soğdiyalı Afşin az sonra mühakimə edildi. O, bütpərəstlikdə günahlandırılırdı. Ondan nə üçün sünnət olunmadığını soruşanda “qorxduğu üçün sünnət olunmadığını” söylədi. Afşinin mühakiməsi zamanı ortaya çıxan bir faktı Ət Təbəri qələmə alıb. Buradan aydın olur ki, əslində Afşin Məzyərlə razılaşdığı və ona da təklif edilən Xosrov dövrünə uyğun Sasani dövlətini qurmaq istəyinə qarşı, məhz Babək çıxıb.


Bu gün Babəki kafirlikdə ittiham edən adamların bir az oxumaları məsləhətdir. Çünki bizim inandığımız İlahi kitab da “Oxu!”– deyə əmr edir…


Bu gün İmam Cəfəri Sadiqin (ə) imtina etdiyi bir hakimiyyətin sünni qardaşlarımızla davasını döymək yersizdir. Qoy bizim dini mübahisələrimiz təsəvvüf və irfan üstündə olsun. Qoy hər iki məzhəbin nümayəndələri Allahı kimin daha çox sevməsi üçün yarışsınlar. Bu gün hədislərin dinimizə ziyan verdiyini hər birimiz görürük. Amma hədislərsiz də ötüşmək olar.

Bir deyim var: “Yalançının şahidi yanında olar”. Əfsuslar olsun ki, uydurulmuş onlarca hədis, məhz yalançılara şahidlik etməkdədir. İslam aləmi bunun fərqinə varmalıdır. Qoy bizim şahidimiz Qurani-Kərim olsun ki, biz də yalançı durumuna düşməyək.


Məzhəblərarası mübahisə predmetinə çevrilən məsələlərdən biri də Əhli-beytlə bağlıdır. Əslində hər iki məzhəbin bu mövzuda birləşməli olduğunu düşünsək də, reallıqda fərqli mənzərəylə rastlaşmaqdayıq. Bir qrup İmam Əli (ə), İmam Hüseyn (ə), İmam Həsən (ə) və Fatimə anamızı, bir qrup təkcə Aişəni, başqa bir qrup isə Əhli-beytə digər ev əhlini də əlavə edirlər. Müaviyənin xəlifəliyi dönəmində Müaviyə özünü Əhli-beyt adlandırırdı. İstər keçmişdə, istərsə də indiki anlamda Əhli-beyt geneloji olaraq nəslin davam etməsi deməkdir.

Müsəlman olan hər bir kəs bilir ki, Allahın təqdiriylə Peyğəmbərimizin (s.ə.s) oğlu olmayıb (kiçik yaşlarında vəfat etmişlər – müəl.), digər qızlarının da övladları olmayıb. Çox güman ki, İlahi bir nədənlə Peyğəmbər (s.ə.s) soyunun Allah Həzrəti Fatimə və Həzrəti Əli izdivacından doğulan övladlarla davam etməsini istəyib. Bu məxsusluğu hər iki məzhəb qəbul etməkdədir. Bu gün Həzrəti Peyğəmbərimizin (s.ə.s) bizə buraxdığı ikinci əmanətlə bağlı müzakirələrə hörmətsizlikdən başqa ad vermək mümkün deyil. Belə çıxır ki, Məhəmməd (s.ə.s) öz əhli-beytini bu adamlar qədər müəyyən edə bilməyib? Adi bəşəri həqiqəti mübahisə predmetinə çevirmək, deməli kimlərəsə gərəkdir.

Peyğəmbərimizin (s.) dediyi: “Mən elmin şəhriyəm, Əli isə onun qapısıdır” – sözləri hər bir məzhəbin qəbul etdiyi bir məqamdır. Amma Əli (ə) haqqında danışılan kimi bu danışan şiədirsə, mütləq sünni qardaşlarımız Əbubəkr (r.a), Ömər(r.a) və Osmanın(r.a) xəlifəliyindən danışmağa başlayırlar. Əlbəttə, bu üç şəxs İslam tarixində Əli (ə) ilə bərabər dörd mömin xəlifə kimi anılacaq. Bu gerçəyi nə şiələr, nə də sünnilər dəyişə bilməz. ”Qabusnamə”də bu barədə dəyərli fikirlər var: ”Məzhəb fərqinə görə heç kəs kafir adlandırılmamalıdır. Çünki kafirlik dinin əksidir, məzhəbin əksi deyildir” (Qabusnamə s.204). Əlinin (ə) vəlayətinə gəlincə isə fikirlər haçalanır. Burada hər iki tərəfin ən böyük din və elm xadimlərinə bir sual ünvanlayıram: “124 min peyğəmbərdən bizə məlum olanlarından hansı vəlayətlərini səhabələrinə əmanət etdi?”


Sünni qaynaqlarının təsdiq etdiyi hədisdə deyilir: “Sad bin Abu Vakkasın (r.a) dediyinə görə, Təbük Səfərinə gedəndə öz yerinə Mədinədə təyin etdiyi Əli (ə.s) Allahın elçisinin yanına gəlib soruşdu: “Nədən məni arvad və uşaqların içərisində qoymaq istəyirsən?” Peyğəmbər (s.ə.s) dedi: “Sənin durumun mənə görə Musanın yanında Harunun durumu kimidir. Məgər bundan narazısan? Sadəcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq” (Сахих аль Бухари «Достоверные предания» Москва 2005 с. 645 hədis: 1618(4416).


Həzrəti Əlinin (ə) bu durumu hər üç xəlifə tərəfindən gözlənməsi faktı həm şiə, həm də sünni mənbələrində göstərilib. Şiələr AllahınArslanı, qılıncı olan Əlinin (ə) dəfələrlə rəyini soruşduğu, həmçinin Qurani Kərimin tərtibi ilə bağlı son rəyi Əli (ə) tərəfindən verildiyi, Həzrəti Ömər və Həzrəti Osmanın ondan məsləhətlər alması fikri sabitdir. Bu da Əli (ə) vilayətinin dini-mənəvi olmasını sübut edir. Xəlifə Osmanın (r.a) qətlindən sonra Əli (ə) xəlifəliyi Ömərin (r.a) oğlu Abdullaha təklif etməsi, onun da bu təklifi qətiyyətlə rədd etməsi, həm hədislərdə, həm də tarixi mənbələrdə əks olunub. Hətta o dövrləri əks etdirən “Albaniya tarixi”ndə (M. Kolanqatlı – müəl.) Xəlifə Osmanın (r.a) öldürülməsindən sonra Ömər ibn Xəttabın (r.a) oğlu Abdullah (r.a) xəlifə kimi göstərilib.

Bu da yuxarıda söylənənləri bir daha təsdiqləyir. Amma məlumdur ki, Əli (ə) tərəfdarı olanlar, mömin xəlifələr haqqında Peyğəmbərin (s.ə.s) söylədiyi sözləri nə tez unutdular: “Ümmətimin ən mərhəmətlisi Əbubəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman, ən yaxşı hökm verən isə Əlidir”.

Bu adları bu gün küfrə alət edən kim olursa-olsun İslamın dostu ola bilməz. Çünki bu xəlifələrin özlərinə ailələrindən deyil, dostlardan varis buraxmaları onların Allah dostu olmalarını sübut etmək üçün yetərlidir.


Ardı var

Bu xəbəri paylaşın: