“Mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” — Daşnakların azərbaycanlıları yox etmə planı

Apardığımız araşdırmalar nəticəsində qarşımıza ermənilərin törətdikləri qırğınlar haqqında bir çox faktlar çıxır. Bunlar arasında daşnakların, istər Osmanlı, istərsə də Azərbaycan ərazisində törətdikləri qətliamlarla bağlı kifayət qədər də məlumatlar var.

Bunlardan biri də O.A.Arutyunyanın 1956-cı ildə rus dilində İrəvanda dərc olunmuş “Xatirələr” kitabında daşnakların “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı altında 1905-ci ildə Qəmərlidə törətdikləri vəhşiliklər zamanı silahdan korluq çəkmədiklərini, canişin Vorontsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini deyir.

Beləliklə, Arutyunyanın xatirəsindən həmin hissəni oxuculara təqdim edirik: 1905-ci ilin əvvəllərində cərəyan edən qırğınlar silahlı daşnak dəstələri tərəfindən Qəmərlidə də davam etdi. Daşnaklar azərbaycanlıları “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı ilə yox etmək üçün kampaniyaya başladılar. Daşnaklar erməni kəndlərinə gedərək qətliam barəsində danışıqlar apardılar, yaşlı kəndliləri də əllərində silah ermənilərin “qürurunu və həyatını qorumağa”çağıraraq, erməniləri azərbaycanlılara qarşı silahlandırmağa çalışırdılar…

Daşnak quldurları hər yanı yağmalayıb, əhalini öldürərək, kəndlərinə də od vurdular. İşlərini bitirdikdən sonra erməni xalqının sözdə “xilaskarları” evlərinə dönüb “zəfərlərinin” şərəfinə şölənlər düzənlədilər. Daşnaklar silahdan korluq çəkmədilər. Belə ki, erməni yepiskopları Xoren və Suren tərəfindən səlahiyyət verilərək Vorontsov-Daşkovun (Çar Rusiyasının Qafqazdakı qubernatoru – R.S) yanına göndərilən heyət qubernator tərəfindən silahlandırılır. Daşnak humbalar (humbalar — daşnak silahlı dəstəsi – R.S.) kəndlər üçün ağır bir yük idi. Erməni kəndlərində olarkən kənd əhalisindən qan içən hmbapetlərin (hmbapetlər — daşnaq silahlı dəstələrinin komandirlərinə verilən ad – R.S.) fəaliyyətləri haqqında şikayətlərini dinləmişdim. Eşitdiklərim adamı dəhşətə gətirirdi. Kəndlilər deyirdi ki, “Biri gedir, digəri gəlir. Hamısını da bəslə, özlərinə yatmağa yer, atlarına arpa və quru ot veririk”. Kəndlilərdən biri “bəs nə vaxt gedəcəksiniz?” deyə sual vermişdi. Kəndlilərin belə “həyasızlığına” qarşı cavab verən humbapet: “Çünki siz bizə möhtacsınız”. Cavab olaraq — “Niyə ki?” sualını verən kəndliyə — “Çünki biz sizin həyatınızı qurtarırıq. Əgər biz olmasaydıq, azərbaycanlılar gəlib hamınızı doğrayar, evlərinizi yandırar, heyvanlarınızı da aparardılar” deyiblər.

Kəndlilər isə haqlı olaraq: “Biz azərbaycanlılarla dostcasına yaşayırıq, bizlər onlardan yox, sizdən zərər görürük” – deyə cavab veriblər.

Hmbapetlər kəndliləri təhdid edərək onlardan pul və yemək alırdılar. Silah satın almaq bəhanəsi ilə zorla pul toplamaq 1907-ci ilə qədər davam etdi. Artıq bölgənin kənd camaatı hmbapetlərin fırıldaq və təcavüzlərinə dözə bilməyib hamısını kəndlərdən qovub: “Sizi və atlarınızı kifayət qədər bəslədik. Özümüzün imkanımız olmadığı təqdirdə də sizə ağır xəraclar verdik. Bizi kasıbçılığımız və ailələrimizin qayğıları ilə baş-başa buraxın” – deyiblər.

Silahlıların təhdidləri boşuna idi. Qan içən daşnaklar tərəfindən bütün talan edilən və əziyyət görən kəndlilər onlara kömək etməyi rədd etməklə bərabər, bütün daşnak sürülərini kəndlərdən qovub çıxardılar.

Macəra və qətllərdən zövq alan cani daşnaklar səbəbsiz yerə hər zaman silahlarını insan öldürmək üçün istifadə etməyə hazır idilər. Kəndlərdə daşnaklar tərəfindən təşkil olunan toplantıda “milli qəhrəman” olan hmbapet Sumbat, humbasının “zəfərlərindən” danışmağa başladı və bölgədə tək-tük qalan və ermənilərin həyatı üçün sözdə təhlükə yaradan azərbaycanlıları necə məhv etdiklərini dedi. Bir dəfə o toplantılardan birinə mən də rast gəldim. Cəsarətimi toplayıb hmbapet Sumbata qarşı çıxaraq, hiddətlə ona azərbaycanlıların ermənilər üçün təhlükəli olmadığını söylədim. Sözlərimi bitirməmiş hmbapet Sumbat silahını çəkib məni nişan aldı. Ancaq qismətdən yanımda olan müəllim yoldaşım Xaçik onun qolundan tutub “bolşevik”in öhdəsindən gəlməyə imkan vermədi. Ona görə “bolşevik” deyirəm ki, bu ləqəbi mənə bizim bölgənin daşnakları və hmbapetləri vermişdi.

Mənbə: (O.A.Arutyunyan, Vospominaniya, s.47 vd. Armyanskoe Qosudarstvennoe İzdatelstvo, Yeravan, 1956)

Təqdim etdi: Rəşad Sahil

Bu xəbəri paylaşın: