Bu gün qəhrəman döyüşçülərimizdən biri — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş çavuş İbad Mövsüm oğlu Hüseynovun doğum günüdür. Oktyabr ayının 18-də onun 55 yaşı tamam olur. O, 1970-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində dünyaya göz açıb.
İbad Hüseynov gənc yaşlarından Vətənə sədaqət və döyüş ruhu ilə seçilib. Dağlıq Qarabağda ilk toqquşmalar başlayanda, o, Sovet ordusunda xidmət edirdi. 1990-cı ildə Azərbaycana dönərək doğma Xocavənddə yerli özünümüdafiə dəstələri yaradıb, düşmənə qarşı cəsarətlə vuruşub. İbad Hüseynovun yaratdığı “kəşfiyyat-diversiya dəstəsi” erməni silahlı birləşmələrinə ağır zərbələr endirib, çoxlu sayda silah-sursat ələ keçirib.
1993-cü ilin dekabrında döyüş zamanı ağır yaralanan qəhrəman, uzunmüddətli müalicədən sonra yenidən cəbhəyə dönərək döyüş yolunu davam etdirib. Onun igidliyi, dönməz iradəsi və Vətənə sarsılmaz sevgisi bu gün də gənclərə nümunədir.
İbad Hüseynov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə, 2020-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunub.
O, həm Azərbaycan, həm də qardaş Türkiyədə müxtəlif dövlət və ictimai qurumlar tərəfindən onlarla orden və medalla, o cümlədən “Üstün Cəsarət”, “Türk Dünyası Kahramanı İbad Hüseynli” və “Heydər Əliyevin 100 illiyi” medalları ilə təltif edilib.
Qəhrəmanımızın adı bu gün Türkiyənin Afyonkarahisar vilayətində prospektə, Kırşehirdə isə “Harı Bülbül bulağı”na verilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İbad Mövsüm oğlu Hüseynovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və Vətən yolunda başladığı şərəfli missiyada daim ucalıq arzulayır!
AVMVİB-in Mətbuat xidməti
