Kamalov Akif Haqverdi oğlu-2 noyabr 1960- cı ildə Kəlbəcərdə anadan olmuşdur. 1977-ci ildə Kəlbəcər 2 nömrəli orta məktəbini, 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun iqtisadiyyat fakültəsini bitirmişdir. 1987-1991 cı illərdə Kəlbəcər rayonunda iqtisadçı və əmək müvəkkili vəzifələrində çalışmışdır. 1991- cı ilin oktyabrında Kəlbəcər Ərazi Müdafiə Batalyonunun yaradıcılarından biri olmaqla komandir müavini vəzifəsində həmin batalyonun yaradılmasında və Kəlbəcər bölgəsinin müdafiəsinin təşkilində biləvasitə iştirak etmişdir. Batalyon 1992- cı ilin mayında 701 saylı hərbi hissə ilə birləşdikdə sonra Ağdərə, Laçın istiqamətində hücum əməliyyatlarına cəlb edilmiş və leytenant Akif Kamalov da həmin döyüşlərdə aktiv iştirak etmişdir. Sonralar Kəlbəcərin müdafiəsində, Murovdağ qış əməliyyatlarında, Füzuli, Tərtər, Ağdam istiqamətlərində gedən çoxsaylı döyüş əməliyyatlarında bölük komandiri, taborun qərərgah rəisi, tabor komandiri olmaqla iştirak etmişdir. Bir neçə dəfə yaralanmış, kontuziya almış, çətin döyüşlərdən, düşmən mühasirələrindən çıxmış A. Kamalov 1997- cı ildə kapitan rütbəsində 3- cü taborun qərərgah rəisi vəzifəsindən tərxis edilmişdir. 2020- cı ilədək dövlət qulluğunda çalışmışdır. 2022-ci ildən AVMVİB-nin Kəlbəcər rayonu üzrə sədridir.

