Müəllim, oğluma bunları öyrədin!

Övladım birinci sinfə qədəm qoyur. Əlifbanı öyrətməzdən əvvəl yaltaqlığı öyrədin oğluma. „Palaza bürün, elnən sürün“ qaydasını başa salın balama. Qoy elə indidən sürünməyə alışsın.

Avropanın tərsini, ərəblərin düzünü öyrədin oğluma. Amma nəbadə Avropanın düzünü aşılayasınız. Birdən azad düşünməyi, sual verməyi, haqqını tələb etməyi öyrənər. Onda Kefli İsgəndər olar, sizə də rahatlıq verməz.

Nəsə yaratmağı, ixtira etməyi, düşünməyi öyrətməkdənsə, dua etməyi öyrədin. Qoy duası çox olsun, başı da dua ilə qarışsın ki, ömrü boyu haradan gəldiyini, hara getdiyini düşünməsin.

Dünyəvi təhsildən ruhani təhsili üstün tutmağı öyrədin oğluma. Dünyəvi təhsil aldıqdan sonra «dayısı» olmasa işsiz qalacağını deyin. Bacardığınız qədər molla edin. Heç olmasa iki ölüyə Yasin oxuyub çörək pulunu qazanacaq.

Çox xahiş edirəm ki, dirisinə məddahlıq etməyi, ölüsünə Yasin oxumağı öyrədin.

Farsın ibadətindən danışın ki, şərab içməyi də öyrənsin. Tiflimə onu da başa salın ki, hər badəni müdirinin sağlığına içsin. Yoxsa onda getmir: ya boğazında qalır, ya da boğazında qoyurlar.

Pulun qüdrətini, vəzifənin gücünü öyrədin uşağıma. Deyin ki, dostluğun da, sədaqətin də qiyməti var. Hətta dostunu beş manata satmayandan adam olmayacağını da başa salın.

Bir sözlə, müəllim, oğluma həyatın ən vacib „dərslərini“ mənimsədin: necə yaltaqlanmaq, necə susmaq, necə sürünmək, necə baş əymək və necə güclünün yanında olmagı öyrədin.

Elnur Səlim

Bu xəbəri paylaşın: