Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin fəal üzvləri Nərimanov batalyonunun yaranmasının 33-cü ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun verdiyi məlumata görə, ziyarətdə şöbənin fəal üzvləri, döyüşçü veteranlar və məktəblilər iştirak ediblər. Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri və əklil qoyulub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Nərimanov batalyonu 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vətənin müdafiəsinə səfərbərlik çağırışına dəstək olaraq yaradılmış hərbi birləşmələrdən biridir. Batalyonun formalaşmasında və döyüş fəaliyyətində iştirak edən könüllülər həmin ağır dövrdə Vətənin müdafiəsi naminə böyük fədakarlıq nümayiş etdiriblər.
Bu gün batalyonun yaranmasının 33-cü ildönümünün qeyd olunması təkcə tarixi bir hadisənin xatırlanması deyil, həm də döyüş yoldaşlarına, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, nəsillər arasında vətənpərvərlik ruhunun yaşadılmasının bariz nümunəsidir.
Ziyarətdə məktəblilərin də iştirak etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki şəhidlərimizin qəhrəmanlıq yolu, veteranlarımızın döyüş xatirələri gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
.jpg)
