Türk Dövlətlərinin Veteran İctimai Birliklərinin Beynəlxalq TURAN İttifaqı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin vəfatı ilə əlaqədar başsağlığı yayıb.
Qeyd edək ki, Beynəlxalq TURAN İttifaqı 2023-cü ilin oktyabrında Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstanın veteran təşkilatlarının təşəbbüsü ilə yaradılıb. İttifaqın əsas məqsədi türk dövlətlərinin veteran təşkilatları arasında əməkdaşlığı gücləndirmək, müharibə veteranlarının hüquq və maraqlarının müdafiəsinə dəstək vermək, tarixi yaddaşı qorumaq və türk dünyasında veteran həmrəyliyini möhkəmləndirməkdir.
Təşkilatın yaradılmasında mərhum Füzuli Rzaquliyevin rəhbərlik etdiyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi də fəal iştirak edib.
Beynəlxalq TURAN İttifaqının yaydığı başsağlığı mətnində deyilir:
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin vəfatı xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladıq.
Türk Dövlətlərinin Veteran İctimai Birliklərinin Beynəlxalq TURAN İttifaqı adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına, silahdaşlarına, həmkarlarına, bütün veteran ictimaiyyətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Füzuli Rzaquliyevin vəfatı Azərbaycanın veteran hərəkatı və bütövlükdə türk dünyası üçün ağır və əvəzolunmaz itkidir.
O, ömrünü veteran qardaşlığına xidmətə, tarixi yaddaşın qorunmasına, müharibə veteranlarının hüquq və maraqlarının müdafiəsinə, veteranlar arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsinə həsr etmişdir.
Füzuli Rzaquliyevin əziz xatirəsi, gördüyü işlər və veteran hərəkatının inkişafına verdiyi töhfələr daim qəlbimizdə yaşayacaqdır.
Bu ağır itki qarşısında Azərbaycan xalqının kədərini bölüşür, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına səbir, dözüm və mənəvi güc arzulayırıq.
Uca Allahdan mərhuma rəhmət diləyir, günahlarının bağışlanmasını, məkanının cənnət, ruhunun şad olmasını arzulayırıq.
Allah rəhmət eləsin!
Türk Dövlətlərinin Veteran İctimai Birliklərinin Beynəlxalq TURAN İttifaqı
