AVMVİB sədri Füzuli Rzaquliyevin 8 Noyabr — Zəfər Günü münasibətilə təbriki

Əziz həmvətənlər, hörmətli müharibə veteranları!

Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından 8 Noyabr — Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi Qələbəni qeyd edirik. 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və Şuşanın azad edilməsi Zəfər Gününü milli qürurumuzun rəmzinə çevirdi.

Bu Qələbəyə aparan yol Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməlindən keçir. Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu xalqımızın illərlə gözlədiyi tarixi Zəfərə imza atdı. Müharibə günlərində xalqı, dövləti və Ordunu birləşdirən «Dəmir Yumruq» bu gün də milli həmrəyliyimizin güclü ifadəsidir.

Zəfər sevincini yaşayarkən Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Qazilərimizin və müharibə veteranlarımızın göstərdiyi şücaət, şəhid ailələrinin mərdliyi qarşısında baş əyirik. Birlik olaraq onların yanında olmaq, qayğı və problemlərinə həssaslıqla yanaşmaq bizim mənəvi borcumuzdur.

Əminəm ki, xalqımız Zəfər ruhunu gələcək nəsillərə ötürəcək, dövlətimizin müstəqilliyini və qazandığımız tarixi nailiyyətləri daim qoruyacaqdır.

Zəfər Günümüz mübarək olsun! Yaşasın Azərbaycan!

Bu xəbəri paylaşın: