Səhər saat doqquz tamamı göstərəndə artıq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çatmışdıq. Bir vətəndaşın müraciəti əsasında onu narahat edən məsələni — illərdir pensiyasından tutulan artıq məbləğin səbəbini bilmək istəyirdik. İçəri daxil olub, vətəndaşın işinə hansı icra məmurunun baxdığını öyrənmək üçün ümumi şöbəyə müraciət edirik. Müraciətçinin ad-soyadını söyləyirik. Şüşənin arxasından qısa cavab gəlir: «İşə Tural İsayev baxır. Əyləşin, gözləyin».
Əyləşirik. Saatın əqrəbləri yavaş-yavaş irəliləyir. Tez-tez qol saatına baxmaq adətə çevrilir. Gözləmə zalında sükut hökm sürür, amma içimizdə narahatlıq artır.
Bir müddət sonra əməkdaşlardan birinə yaxınlaşıb ehtiyatla soruşuruq:
— Tural müəllim gələcəkmi? Məzuniyyətdə deyil?
— Gələcək, — deyə qəti cavab alırıq.
Bir az rahatlayıb yenidən otururuq. Dəqiqələr bir-birini qovalayır.
Nəhayət, içəridən səslənən bir cümlə gözləməmizə son qoyur: “Tural müəllim, vətəndaş sizi səhərdən gözləyir.” O an anlayırıq ki, Tural müəllim artıq gəlib. Ayağa qalxmaq istədiyimiz an isə Tural müəllimin sərt və soyuq səsi eşidilir:
— “Gözləsin”
Yenə gözləməli oluruq. Tural müəllim gecikməsinə baxmayaraq, sanki “Gecikmə” adlı yeni bir xidməti təqdim edirmiş kimi, bayırda dayanıb deyib-gülməyə başlayır. İş saatı çoxdan başlayıb, amma onun üçün vaxt, görünür, elastik bir anlayışdır — istədiyi kimi uzadıb-qısalda bilir.
Biz isə içəridə məmur tərəfindən verilən əmri icra edirik «gözləmək». Qapı arxasından məmurların rahat şəkildə dayanıb, gülüşərək söhbət etdikləri səslər eşidilir. Əlacsızlıqla saata baxırıq. Gözləməkdən başqa çarə yoxdur. Dəqiqələr ağır-ağır keçir, sanki divardakı saat da bu binanın ab-havasına uyğunlaşaraq tələsib harasa çatmaq istəmir.
Bu vaxt başqa bir icra məmuru yaxınlaşır, üzündə işgüzar maraq əlaməti var:
— Siz bayaqdan kimi gözləyirsiniz?
— Tural müəllimi.
Bu cavabdan sonra o, ani olaraq susur və heç bir əlavə şərh vermədən uzaqlaşır.
Nəhayət, Tural müəllim də bayırda dayanmaqdan yorulub, asta addımlarla içəri keçir. Qısa, əmrlə dolu cümlə eşidirik:
— “Arxamca gəlin.”
Pilləkənlərlə yuxarı qalxmağa başlayırıq. Otağına keçib əyləşəndən sonra bizi içəri dəvət edir. Məmurun gəlişi ilə çay süfrəsi üçün lazım olan tədarük də görülməyə başlayır: boş qənddan əlvan kağızlı müxtəlif olçüdə şirniyyatlarla doldurulur. Buğlanan ətirli çay masanın üzərinə qoyulur. Nəhayət Tural müəllim çaydan bir qurtum alıb başını ağır-ağır qaldırır və bizi süzür:
— Nə məsələdir?
Vətəndaş vəziyyəti ona izah edir. Bildirir ki, aylıq pensiyasından uzun müddətdir ki, 114 manat tutulmalar olub. Halbuki tutulma qanunla 91 manat təşkil etməlidir. Lakin iki aya yaxındır ki, qanunla 91 manat olan, faktiki 114 manat tutulan məbləğ indi daha da artıb və 138 manat təşkil edib. Vətəndaşla məmur arasında aşağıdakı şəkildə diaqol qurulur:
— Sən «imenno» nədən narazısan ki?
— Artıq tutulmalar olub, istəyirəm araşdırılsın ki…
— Artıq tutulma ola bilməz, mən burda ona görə əyləşmişəm ki, qanunun icrasına dəqiq nəzarət edim.
— Bəs niyə 91 manat əvəzinə 114 tutulur?
— Uşağına gedir də.
— Bilirəm, dörddə bir uşaq üçün tutulur. Qətnamədə də məhz bu yazılıb. Amma bundan başqa tutulma da varmı? Çünki, mənim hesablamama görə artıq məbləğ tutulur.
Tural müəllim vətəndaşa mənalı-mənalı baxır, sonra «araşdırmağa» başlayır və sanki axtardığını indi tapıbmış kimi başını ağır-ağır, müdrikcəsinə tərpədir:
— Hə, aydın oldu indi. Sistemin günahı imiş. Biz ora rəqəm yox, faiz daxil edirik, ona görə belə çox tuturmuş. Geri qaytarım?
— Bəli, mümkünsə.
— Bunu sistem edib, mənlik bir şey yoxdur.
— Yaxşı, deyək ki, bu sistemin günahıdır. Bəs onda 138 manat tutulma niyə meydana gəlib? Sanki, məbləğ ikiqat qalxıb.
— Qalxmalı imiş ki, qalxıb da. Deməli, səbəbi var.
— Anlamadım, ətraflı izah edə bilərsiniz?
— Sən özünü çox ucuz tutursan. İki uşaq atasısan, gəlmisən ki, bu niyə qalxıb, o niyə düşüb.
Sözün düzü, icra məmurunun vətəndaşın ona qaranlıq qalan məsələni araşdırmaq istəməsini «ucuz» davranış kimi qiymətləndirməsi məndə sual işarəsi yaratsa da dialoqu sona qədər dinləyirəm.
— Axı, mənim bir övladım var.
— Bir uşağın var sənin?
— Bəli. Bir övladım var.
— Hmm…
— Ola bilərmi ki, siz iki uşağa görə tutulma etmisiniz?
— (Sükut) Hə, ona görə etmişəm. İndi düzəldərik.
Tural müəllim köməkçisinə elektron imzanı gətirməsini tapşırır. Sonra kompüter qarşısına keçib düzəliş etmək istəyir, amma nə fikirləşirsə, düzəlişdən əvvəl telefonu götürüb harasa zəng edir. Çox keçmədən məlum olur ki, yığdığı şəxs tələbkar tərəfdir.
Tələbkarla danışıb onun razılığını alır. Sonra başqa telefondan ona zəng gəlir. Bir qədər danışdıqdan sonra vətəndaşa «Gedə bilərsən, düzəldi» deyib yenə danışmağa davam edir. Artıq gözləməyin bir mənası olamdığını dərk edib idarəni tərk edirik.
Vətəndaşa “sən” deyə müraciət edən, onun dövlət idarəsinə gəlib qanuni haqqını tələb etməsini “ucuz hərəkət” kimi qiymətləndirən Tural müəllim… Öz səhvi nəticəsində baş verən qanunsuz artıq tutulmanı dərhal düzəltmək əvəzinə, qarşı tərəflə məsləhətləşməsi, guya iki uşağın olub-olmadığını “dəqiqləşdirməsi”, qanundan yox, qarşı tərəfdən icazə alırmış kimi davranması — bütün bunlar təkcə bir məmurun məsuliyyətsizliyini deyil, bəzi dövlət idarələrində kök salmış biganəliyin, hegemonluğun və favorizmin soyuq üzünü də açıq şəkildə göstərirdi. Yəqin ki, bura gələn hər kəsin içində eyni duyğu hakim olardı: haqqa çatmaq, amma bunun üçün əvvəlcə səbrinin sınanması.
Vətəndaşların saatlarla dəhlizlərdə oturub məmurun kefinin kökəlməsini gözləməsi, vətəndaşın qanuni haqqını icra etmək əvəzinə, qanundan yox, başqa birinə zəng edib ondan “razılıq” alınması — bütün bunlar bir dövlət idarəsində baş verən bu kiçik epizod ilə bizə böyük bir həqiqəti pıçıldayırdı: «…….»
Qoy, bu pıçıltınının nədən ibarət olduğunu oxucu öz qəlbindən eşitsin.
Müseyib Eldaroğlu