Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 28 May — Müstəqillik Günü və Müqəddəs Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bildirilib ki, müasir Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan Respublikası regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və xalqla birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, Azərbaycan xalqı tarixi Zəfərə qovuşmuşdur.
Təbrikdə həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə göstərdiyi xüsusi diqqət və qayğı yüksək qiymətləndirilib. Füzuli Rzaquliyev bildirib ki, Müqəddəs Qurban Bayramı xalqımızın birlik, mərhəmət və həmrəylik rəmzidir. Bu əziz günlərdə şəhidlərimizin ruhu dərin ehtiramla yad olunur, qazilərimizə möhkəm cansağlığı, müharibə veteranlarımıza uzun ömür arzulayırıq.
Sonda AVMVİB sədri bütün Azərbaycan xalqını 28 May – Respublika Günü və Müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edib, ölkəmizə sülh, əmin-amanlıq, firavanlıq və yeni uğurlar arzulayıb.
AVMVİB-in Mətbuat xidməti
