AVMVİB sədri Füzuli Rzaquliyevin əziz xatirəsi anılıb

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mərkəzi Qərargahında təşkilatın yaradılmasında və təşkilatlanmasında xüsusi xidmətləri olmuş, uzun illər Birliyə rəhbərlik etmiş mərhum sədr Füzuli Rzaquliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Birliyin sədr müavini Vahid Abdurahmanovun verdiyi məlumata görə, anım tədbirində AVMVİB İdarə Heyətinin üzvləri, Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri, eləcə də mərhum sədrin yaxın silahdaşları və döyüş yoldaşları iştirak ediblər. Mərasimdə Füzuli Rzaquliyevin peşəkar hərbçi və Vətən fədaisi olduğu vurğulanaraq, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ruhuna dualar oxunub. Daha sonra çıxış edən İdarə Heyətinin üzvləri və şöbə sədrləri mərhum sədrin keçdiyi şərəfli ömür və döyüş yolundan, Vətənə olan sonsuz sevgisindən, veteran hərəkatının formalaşması və inkişafındakı misilsiz rolundan söz açıblar

Döyüş yoldaşları onunla bağlı kövrək xatirələrini bölüşərək qeyd ediblər ki, Füzuli Rzaquliyev hər zaman çətin anlarda silahdaşlarının, şəhid ailələrinin və qazilərin yanında olan, mərdliyi, prinsipiallığı və səmimiyyəti ilə seçilən bir lider idi. Vurğulanıb ki, onun əsasını qoyduğu dəyərlər və əziz xatirəsi bütün veteranların qəlbində daim yaşayacaq. Tədbirin sonunda mərhuma bir daha Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir dilənib.

Allah rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: