Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 9 Noyabr — Dövlət Bayrağı Gününü xalqımızın müstəqilliyinə və dövlətçilik ənənəsinə ehtiram günü kimi qeyd edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilən üçrəngli bayrağımız bu gün azad və suveren Azərbaycanın rəmzidir.
AVMVİB üçün bayrağın mənası döyüş yoldaşlarının taleyi ilə də bağlıdır. Onun ucalığı naminə canından keçən şəhidlərimizi anır, qazilərimizin və müharibə veteranlarımızın xidmətlərini minnətdarlıqla xatırlayırıq. Bayrağa ehtiram həm də şəhid ailələrinin yanında olmaq, veteranların qayğılarına diqqətlə yanaşmaq və onların keçdiyi yolu gənc nəslə anlatmaqdır.
AVMVİB sədri Füzuli Rzaquliyev Bayraq Günü münasibətilə təbrikində bu fikri ifadə edib: “Bayraq dövlət və millət olmanın bir simvoludur.” O, həmin müraciətində bayraq uğrunda canını ortaya qoyan insanları və şəhidlərimizi xüsusi ehtiramla yad edib. Sədrin 8 Noyabr — Zəfər Günü münasibətilə müraciətində də şəhid ailələrinin, qazilərin və veteranların yanında olmağın Birlik üçün mənəvi borc olduğu vurğulanır.
Dünən qeyd etdiyimiz Zəfər Günü ilə bugünkü Bayraq Günü bir-birinə bağlıdır. Azərbaycan əsgəri döyüşə üçrəngli bayrağı yenidən doğma torpaqlarımızda ucaltmaq amalı ilə yollandı. Bu gün həmin bayrağın azad torpaqlarımızda dalğalanması şəhidlərimizin fədakarlığını, Ordumuzun gücünü və xalqımızın birliyini xatırladır.
AVMVİB bütün həmvətənlərimizi Dövlət Bayrağı Günü münasibətilə təbrik edir. Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
AVMVİB-in Mətbuat xidməti
