Veteranların həyat və döyüş təcrübəsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır.
Dünən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin ofisində, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Vətən müharibəsi iştirakçılarının gənclərlə görüşü” adlı tədbir keçirildi. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayonundan olan fəal üzvləri, müharibə veteranları və gənclər iştirak etdilər.
Tədbiri Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə xanım Mahmudova açaraq görüşün məqsədi və əhəmiyyəti barədə danışdı. O, veteranların döyüş təcrübəsinin gənc nəslə çatdırılmasının, Vətən sevgisinin, milli ruhun və tarixi yaddaşın qorunmasının vacibliyini vurğuladı.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxışında veteranlarla gənclərin bu cür görüşlərinin əhəmiyyətindən danışaraq, döyüş yolu keçmiş insanların xatirələrinin, yaşadıqları hadisələrin və təcrübələrinin gələcək nəsillər üçün dəyərli örnək olduğunu qeyd etdi.
Görüşdə ehtiyatda olan mayorlar Ceyhun Azayev, Yusif Hümbətov, Elsevər Məmmədov, Zöhrab Muradov və Cavanşir Abdullayev, 1992–1993-cü illərdə Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısı, 44 günlük Vətən müharibəsində oğlu İsmayılzadə Məhəmmədi şəhid vermiş Rüzuli İsmayılov, I qrup müharibə əlili Eldar Hüseynov, 44 günlük Vətən müharibəsinin iştirakçıları Bəxtiyar Kazımlı və Azər Şükürov, həmçinin müharibə veteranları Bəxtiyar Məmmədov və Füzuli Nəcəfli çıxış etdilər.
Veteranlar keçdikləri döyüş yolundan, cəbhədə yaşadıqları çətinliklərdən, döyüş yoldaşlarının fədakarlığından, Azərbaycan əsgərinin sarsılmaz iradəsindən və ordumuzun döyüş əzmindən danışdılar. Onlar bölüşdükləri xatirələrlə Vətən uğrunda mübarizənin, torpağa bağlılığın, xalqın birliyinin və əsgər ruhunun nə qədər böyük güc olduğunu bir daha diqqətə çatdırdılar.
Çıxışlarda qəhrəman şəhidlərimizin və döyüşçülərimizin şücaəti, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası xüsusi vurğulandı. Bildirildi ki, gənclərin Vətən tarixini, müharibə həqiqətlərini və Zəfər yolunu bilavasitə həmin hadisələrin iştirakçılarından öyrənməsi böyük əhəmiyyət daşıyır.
Gənclərin veteranlara ünvanladıqları suallar və səmimi fikir mübadiləsi görüşün daha canlı, maraqlı və yaddaqalan keçməsinə səbəb oldu. Belə görüşlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə, Vətənə sevgi, dövlətə sədaqət və məsuliyyət hissinin formalaşmasına xidmət edir.
Tədbirin sonunda veteranlarla gənclərin görüşlərinin mütəmadi keçirilməsi, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi qərara alındı.
Şəhidlərimiz Vətənimizin əbədi qəhrəmanlarıdır!
Tarix yazan ordumuza eşq olsun!
Yaşasın bütöv Azərbaycan!

.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
