AVMVİB rəhbərliyi Şamaxıdakı Türk Şəhidliyini ziyarət edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və bir qrup müharibə veteranı Şamaxı rayonunda yerləşən Türk Şəhidliyini ziyarət ediblər. Ziyarət zamanı fədakar türk əsgərlərinin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub. AVMVİB sədrinin birinci müavini Vahid Abdurəhmanovun verdiyi məlumata görə, bu ziyarət çoxəsrlik Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını müharibə veteranları adından növbəti dəfə nümayiş etdirmək və müqəddəs ruhlara ehtiram göstərmək məqsədi daşıyır. Şamaxı ərazisindəki bu məzar və abidələr 1918-ci ildə xalqımızın xilası üçün canından keçən qardaşlarımızın bizə qoyduğu tarixi əmanətdir.

Vahid Abdurəhmanov həmçinin xüsusi olaraq vurğuladı ki, AVMVİB bu gün regional çərçivədən çıxaraq bütöv Türk dünyasında söz sahibinə çevrilmişdir: “Təşkilatımızın Türkdilli Dövlətlərin Müharibə Veteranları Təşkilatları Birliyinin tamhüquqlu üzvü olması və bu platformada aktiv rol oynaması bizim üçün böyük qürur mənbəyidir. Biz bu təşkilatda təkcə Azərbaycan veteranlarının hüquqlarını müdafiə etmir, həm də türkdilli dövlətlərin veteran təşkilatları arasında sıx inteqrasiyanı, ortaq hərbi-tarixi irsin qorunmasını və gənc nəslin ümumtürkçülük ruhunda tərbiyə olunmasını hədəfləyən layihələrə rəhbərlik edirik. Şamaxıdakı Türk Şəhidliyini ziyarətimiz də bu qardaşlıq bağlarının real əməli müstəvidəki təzahürüdür”.

Ziyarət zamanı AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki: “1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını və ətraf rayonları erməni-bolşevik işğalından azad etməsi tariximizin ən şərəfli səhifəsidir. Osmanlı dövləti özünün ən ağır dönəmində azərbaycanlı qardaşlarının köməyinə yetmiş, tökülən müştərək qanlar bu günümüzün sarsılmaz müttəfiqliyinin təməlini qoymuşdur. 44 günlük Vətən müharibəsində Türkiyənin yanımızda olması məhz bu müqəddəs ruhların və Şamaxıda uyuyan şəhidlərimizin bizə qoyduğu mənəvi mirasın davamıdır”.

Veteranlar Şəhidlik abidəsi önünə tər çiçəklər düzərək, canını bu torpaq üçün fəda etmiş qardaş türk əsgərlərinin xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Ruhları şad olsun!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-05-19-at-23-30-44
Bu xəbəri paylaşın: