Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.
Təbrikdə qeyd olunur ki, uşaqlar xalqımızın gələcəyi, dövlətimizin ən böyük mənəvi sərvətidir. Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmış, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə və yüksək rifah şəraitində böyüməsi istiqamətində mühüm dövlət proqramları həyata keçirilir. Eyni zamanda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların inkişafı, sağlamlığı və mənəvi tərbiyəsi sahəsində həyata keçirilən layihələr Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilir.
Təbrikdə xüsusi olaraq vurğulanıb ki, Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizin və canını fəda etmiş şəhidlərimizin övladları xalqımız üçün əmanət və qürur mənbəyidir. Bildirilib ki, onların daim dövlət qayğısı ilə əhatə olunması, layiqli təhsil alması, sağlam və firavan böyüməsi hər bir azərbaycanlının mənəvi borcudur.
AVMVİB sədri Füzuli Rzaquliyev qazilərimizin və şəhid ailələrinin övladlarına müraciətlə qeyd edib ki, onlar qəhrəman ailələrin davamçılarıdır və Azərbaycanın gələcəyi məhz belə vətənpərvər gənclərin əllərində olacaqdır. Onlara uğurlu gələcək, sağlam ömür və xoşbəxt həyat arzulanıb.
AVMVİB-in Mətbuat xidməti
