27 Sentyabr – Anım Günü münasibətilə Hərbi Yönümlü Təşkilatların İttifaqının nümayəndələri, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin mühüm səhifələrindən birinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən uğrunda canından keçmiş şəhidlərə dərin ehtiramın ifadəsi olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Saytımıza açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirib ki, 27 Sentyabr xalqımızın yaddaşında həm böyük hüznün, həm də Vətən uğrunda göstərilən qəhrəmanlığın rəmzi kimi yaşayır:
“Bu gün biz Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad etmək üçün buradayıq. 27 Sentyabr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək bir tarixdir. Həmin gün başlayan Vətən müharibəsində Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda döyüşə qalxdı. Bu yolun ən böyük qəhrəmanları isə öz canlarını Vətənə fəda edən şəhidlərimizdir.
Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Onların ailələri bizə əmanətdir, keçdikləri döyüş yolu isə gələcək nəsillərə örnəkdir. Veteran təşkilatları olaraq bizim üzərimizə düşən əsas vəzifələrdən biri də bu qəhrəmanlıq tarixini yaşatmaq, gənc nəslə çatdırmaq, şəhid ailələrinin və qazilərimizin daim yanında olmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Saytımıza danışan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin Birinci müavini Vahid Abdurəhmanov da Anım Gününün veteranlar üçün xüsusi mənəvi məna daşıdığını bildirib:
“Bu gün biz buraya şəhidlərimizin əziz xatirəsini yad etməyə gəlmişik. 27 Sentyabr bizim üçün adi bir gün deyil. Bu gün Vətən uğrunda canından keçən qəhrəman oğullarımızı xatırlayırıq. Onların hər birinin qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Biz müharibə veteranları olaraq o günləri yaşamışıq, o ağrını da, o qüruru da bilirik. Şəhidlərimiz canını Vətənə verdi, qazilərimiz sağlamlığını bu Vətən yolunda qoydu. Hər birinin bu torpaqda öz izi, öz əməyi var. Biz bunu heç vaxt unutmamalıyıq.
Bizim ən böyük borcumuz şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin yanında olmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların qarşısında baş əyirik. Vətən sağ olsun!”
Ziyarət bir daha Vətən uğrunda həyatını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin daim uca tutulduğunu, veteranların isə döyüş yoldaşlarının xatirəsini yaşatmağı özlərinin mənəvi borcu hesab etdiklərini nümayiş etdirib.
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
.jpg)

