«DƏDƏMİZİ ÖLDÜRÜRÜK Kİ, GORUNA AND İÇƏK»…

Azərbaycanda bir əsilsiz deyim var: «Dədəsini öldürüb ki, goruna and içsin».

Müstəqillik əldə etdikdən sonra düşünürdük ki, dünyaya nəhənglər bəxş etmiş ölkəmizdə güclü elmi mərkəzlər, araşdırma mərkəzləri və s. yaradılacaq. Lakin biz gözləməkdəykən, tikilənlər şadlıq evləri və xeyir-şər evləri oldu. Müllətin yolları bəlli şəkildə aydınlaşdı. Xeyirlə şər qardaşdı. Bunun üçün Böyük Nizami kimi «Xeyir və Şər» yazmağa nə hacət var? Camaat şadlıq evinin adını bir başa «Xəmsə» qoyur. İllərcə söz qovalayıb əsər yazmaqdansa, al Qaradağın daşını, ucalt «abidəni». Həm ticarət, həm ziyarət.

Çünki millətimizin kitab oxumaq halı qalmayıb. Köhnələr təzə əlifbanı öyrənməyə, təzələr isə, ümumiyyətlə, öyrənməyə ərinirlər. Rusun əsarətinə düşdüyümüzdən üzü bəri, bu milətə vacib yaşam meyarı olan 100 qəpik əvəzinə 99 qəpik verməyə davam edirlər. Mən bu araşdırmanı Sovet dövründə də aparıb «Gənclik» jurnalında da dərc etdirmişəm. Milləti bu 1 qəpik yüz illərdir ki, dəli edib. Bu 1 qəpiyə görə kimi rüşvətxor, kimi oğru, kimi əxlaqsız, kimisi də ağlagəlməz işlərin sahibi kimi gözümüzü tökür. Kimdi günahkar?

Millətimiz öz «1 qəpiyini iynə ilə gor qaza-qaza» «olum»dan və «ölüm»dən qazanmağa çalışır. Amma yazıqlar olsun ki, bu sahədə də hesabatımızı apara bilməmişik. Toy edəndə qohum — əqrabanın pullarının adını «nəmər» qoyub yığıb veririk şadlıq evlərinin sahiblərinə ki, aparın yeyin. Vay edəndə isə eyni üsulla adını «yastama» qoyub yığıb veririk mollalara ki, cənnətə «asfalt yol çəkdirsinlər». Bu minvalla kreditə evlənib, kreditə ölən milləti heç ağuçu da pulsuz ağlamaz…

Harada yanlış etdiyimizi əyani şəkildə nəzərdən keçirək. Səudiyyə Ərəbistanının kralı ilə bizim «X» rayonunda yaşayan bir kolxozçunun yas xərclərini tutuşdursaq, məncə hər şey aydın olar.

Səudiyə Ərəbistanı kralının dəfn və mərasim xərcləri:
—Kəfənlik- 2×2 m.=10 USD
—Xalça- 2×1 m.=70 USD
—Qonaqların daşınması üçün avtomobillərə ayrılmış yanacaq-200 l = 80 USD
—KİV nümayəndələri və imamları daşıyan avtomobilə ayrılmış yanacaq — 100 l = 40 USD
Cəmi: 200 USD

Bizim kolxozçunun mərasim və dəfn xərcləri:
—Yuyat (məsciddə)- 40 USD
—Kəfənlik- 10 USD
—Məzar yeri- 350-1000…USD
—Kirayə mağar dəsti- 200-500 USD
—Ehsan- 1500-3000 USD
—Mollaya —100 USD
Hələ bəzi xərcləri gəlmirəm ki, ayıb olar…
Cəmi: 2200-4650 USD

Ha çalışırıq ki, qabağa düşək, dədəmiz ölür, yenə geri düşürük. Elə bizə «dədəmizin goruna and içmək qalır». Amma bivec oğul, vay o günə ki borca düşə…


Allah göstərməsin!

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: