Fazil Mustafa “TÜRKSOY” medalına layiq görüldü

Türk dünyasının mədəni birliyini və ortaq dəyərlərini təmsil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanı “TÜRKSOY” medalı ilə təltif edib.

Bu təltif, Fazil Mustafaya Türk dünyası mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə verilib.Təltif sənədini TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayev imzalayıb.Fazil Mustafa təkcə siyasətçi və qanunverici orqanın üzvü kimi deyil, eyni zamanda Türk dünyasının düşüncə adamı, maarifçi-publisist və mədəni inteqrasiyanın fəal iştirakçısı olan alim kimi tanınır. Onun əsərləri, çıxışları və ideoloji mövqeyi, ortaq türk kimliyinin çağdaş dönəmdə yenidən formalaşmasına, milli suverenliyin və dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir.

Bu təltifin Azərbaycan Milli Məclisinin üzvünə verilməsi Türk dünyasının intellektual inteqrasiyasında Azərbaycan mədəni-siyasi nüfuzunun bir daha təsdiqidir.

Qeyd edək ki, oktybar ayının 15-də Fazil Mustafanın 60 yaşı tamam olmuşdur.

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanı həm yubiley, həm də “TÜRKSOY” medalı ilə təltif edilməsi ilə əlaqədar təbrik edir, ona gələcək fəaliyyətində tükənməz uğurlar arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: