Avrosentrizm nədir: Avrosentristlərin ilk hədəfləri Türk tarixini yox etməkdir

XAQANİ ƏDƏBOĞLU

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Türklər öz tarixlərinə sahib dura bilsələr dünya xalqları tarixsiz qalarlar…


Azərbaycanda hələ bir çoxları Avrosentrizmin mürtəce mahiyyətindən xəbərsizdirlər və bilavasitə bilərəkdən, yaxud da bilməyərəkdən bu mürtəce ideologiyaya xidmət edirlər. Avrosentrizm lap əvvəldən Avropa humanitar elmləri üçün xarakterikdi. Humanitar sahədə o, Avropa, daha geniş mənada Hind-Avropa xalqlarının tarixi və müasir vəziyyətinin problemlərinin öyrənilməsi prosesi kimi yaranmışdır.

Avropa xalqlarının problemlərini tədqiq edən avropalı alimlər, təbii ki, öz problemlərini ön plana çıxarırdılar və başqa xalqların problemləri onlar üçün əsas deyildi. Beləliklə, təbii yolla tarix elmində avrosentrizm yarandı və getdikcə öz mövqeyini möhkəmləndirdi.


Qeyd: Avrosentrizm (Avromərkəzçilik) Avropa xalqlarının və Qərbi Avropa sivilizasiyasının mədəni sferada digər xalqlar və sivilizasiyalardan üstünlüyünü, Avropa xalqlarının həyat tərzinin üstünlüyünü, onların dünya tarixində xüsusi rolu açıq və ya üstüörtülü şəkildə bəyan edən xarakterik fəlsəfi cərəyan və siyasi ideologiyadır.


Avrosentrizm bir növ etnosentrizm hesab olunur. Professor Filip Hoffmanın qeyd etdiyi kimi: “1492-1914-cü illər ərzində avropalılar yer kürəsinin 84%-ni fəth ediblər”.

Tarix, fəlsəfə və sosial elmlər demək olar ki, həmişə Qərbin təcrübəsi və irsinin öyrənilməsinə diqqət yetirib və onların dediklərini əsas götürüblər. Bunun niyə səhv olduğunu və buna görə nələri gözdən qaçırdığımızı izah etməyə çalışacağıq.


Gənc rus politoloq və jurnalisti Aleksandr Artmonovun yazdığı bəzi mülahizələri əlavələr etməklə və əlavə şərhlərlə diqqətinizə çatdırmaq istərdik.


Avrosentrizm (avromərkəzçilik) dünyanın mənzərəsinin belə qəsdən və ya istəmədən təhrif edilməsidir ki, burada Avropa sivilizasiyasının (həm Amerika, həm də Rusiya daxildir) məziyyətləri, nailiyyətləri və təcrübəsi şişirdilir, digər sivilizasiyaların nailiyyətləri isə aşağı salınır.


Platonun barbarlara qarşı müharibənin doğru və xeyirli olması ilə bağlı fərziyyələrindən tutmuş, Kiplingin “Ağ adamın yükü”nə qədər Qərb dünyası eqoistcəsinə digər mədəniyyətlərin bərabər sayılmaq hüququnu inkar etmişdir. Bir çox xalqların əvəzolunmaz təcrübəsi sadəcə olaraq heç bir şəkildə öyrənilməyə layiq görülmürdü.

Tanınmış türkoloq və Qazaxıstan yazıçısı Oljas Süleymanov avrosentrizmin humanitar elmlərə təsiri haqqında yazıb: “Dəqiq elmlər də var, humanitar elmlər də var, yəni qeyri-dəqiq elmlər – dilçilik və tarix sayılır. Onlar avrosentrizmin qərəzli münasibətlərindən çıxış edirdilər. 19-cu əsrdə Avropada arizmin ideoloji bünövrəsi üzərində formalaşaraq bu günə qədər onun qalıqlarından qurtula bilmirlər. Bəşəriyyətin qədimliyinə 19-cu əsrin siyasi və mədəni xəritəsi prizmasından baxılırdı. Bu qeyri-dialektik baxış tarixi perspektivi əhəmiyyətli dərəcədə təhrif etməyə və bu elmlərin başlanğıc nəzəriyyəsinə çevrilmiş və nəticələrə təsir etməyə bilməzdi».


20-ci əsrin bütün mədəniyyəti avrosentrizm ideallarının böhranı ilə xarakterizə olunur. Bu böhran apokaliptik əhval-ruhiyyə (xüsusən də sənətdə distopiya janrı) ilə aktuallaşdı. Avanqardizmin xüsusiyyətlərindən biri avrosentrizmdən uzaqlaşmaq və Şərq mədəniyyətlərinə diqqəti artırmaqdan ibarət idi.


20-ci əsrin bəzi fəlsəfi cərəyanları avrosentrizmə qalib gəlməyi qarşılarına məqsəd qoydular. Filosof Emmanuel Levinas avrosentrizmi iyerarxizasiyanın (irqi, milli və mədəni) xüsusi halı hesab edirdi. Derrida üçün isə avrosentrizm loqosentrizmin xüsusi halıdır.

Qeyri-Avropa mədəniyyətlərində yeni ideoloji cərəyanlar meydana çıxdı. Afrikada laqeydlik bir tərəfdən siyasi və sosial zülmün tərkib hissəsi kimi avrosentrizmə və məcburi mədəni assimilyasiya siyasətinə, müstəmləkəçilərin irqi-etno-mədəni (sonra isə dövlət-siyasi) özünü təsdiqinə qarşı müqavimət nəticəsində yarandı.


Mənşəyində Afro-neqro (və sonra bütün Negroid xalqlar), Latın Amerikası mahiyyətinin fəlsəfəsi (nuestro-amerikanizm) universal Avropa diskursunun desentrasiyasını əsaslandırdı, onun müəyyən mədəni kontekstdən kənarda ifadə olunması iddialarını təkzib etdi. Avrosentrizmin əleyhdarları arasında Aya de la Torre, Ramos Maqanya, Leopoldo Seaa vardı. Bizim ölkədə isə bu illər ərzində və hətta XXI əsrdə də eyni üslubda Elmlər Akademiyası, Avrosentristlərin cızdığı xəttdən kənara çıxa bilməyən tarixi araşdırmaları misal olaraq göstərə bilərəm. Ümumiyyətlə, deyə bilərəm ki, sanki bu proseslərin bizim ölkəmizə aidiyyatı yoxdur.

Bəzi məqamlara diqqət yetirək.


Haşiyyə: Qərb, elə xristian sivilizasiyası deməkdir. Bu tezis çərçivəsində xristianlıq “müsəlman Şərqi”nə qarşı Qərb insanının formalaşdırıcı əlaməti kimi şərh olunur. Samir Əmin qeyd edir ki, Müqəddəs Ailə, Misir və Suriya Kilsə papaları avropalı deyildilər. S. Q. Kara-Murza yazır ki, “bu gün Qərbin xristian deyil, yəhudi-xristian sivilizasiyasıdır”. Eyni zamanda, pravoslavlıq şübhə altına alınır (məsələn, dissident tarixçi Andrey Amalrik və bir çox digər rus qərbçilərinin fikrincə, Rusiyanın Bizansdan xristianlığı qəbul etməsi tarixi bir səhvdir).


Guya Qərb qədim sivilizasiyanın davamıdır. Bu tezisə görə, Avrosentrizm çərçivəsində müasir Qərb sivilizasiyasının köklərinin Qədim Roma və ya Qədim Yunanıstana gedib çıxdığı, orta əsrlərin isə susdurulduğu iddia edilir. Eyni zamanda mədəni təkamül prosesinin davamlı olduğu düşünülür. Samir Amin və S. Q. Kara-Murza tərəfindən istinad edilən Martin Bernal göstərirdi ki, «Hellenomania» 19-cu əsrin romantizminə gedib çıxır və qədim yunanlar özlərini qədim Şərqin mədəniyyət sahəsinə aid hesab edirdilər. M.Bernal “Qara Afina” kitabında Avropa sivilizasiyasının mənşəyinin “ari” modelini də tənqid etmiş və əvəzində Qərb sivilizasiyasının hibrid Misir-Semit-Yunan əsasları konsepsiyasını irəli sürmüşdür…


Haşiyyə: Avrosentristlər qədim Avrasiyada yalnız hind-avropalıların yaşadığını sübut etməyə çalışırlar. Digər qeyri Hind-Avropa xalqları guya avropalılardan xeyli gec yaranıblar, ona görə də qədim zamanlarda Avrasiyada mövcud olmayıblar. Türklər isə guya yalnız eramızın III-IV əsrlərində formalaşıblar. Altayda, oradan başqa bölgələrə yalnız eramızın 7-ci əsrində yayılmağa başladılar.


Əslində bu Hind-Avropalılar arasında türk xalqları çox asanlıqla fərqləndirilirlər: arilər, baktriyalılar, parfiyalılar, xorosanlılar, soqdilər, qandariyalılar, dadiklər, midiyalılar, aqafirslər, skiflər, sakaliblər…


Bu gün sivilizasiyamız belə bir cinayətkar yanaşmadan tamamilə peşman olmuş kimi görünür. Müasir etika digər mədəniyyətlərə marağı yayar. Halbuki bütün Avropa elmi bu ağ eqoizmin kölgəsində formalaşmışdı. Əgər əsaslı şəkildə yeni etika yaratmaq, insanları başqa mədəniyyətlərə münasibətdə daha humanist dəyərlərlə ruhlandırmaq çətin olsa da, mümkündürsə, onda iki min beş yüz illik eqoizmin bir hissəsinə çevrilmiş elmi ənənədən qaçmaq mümkün deyildir.


Bu gün avrosentrizm xüsusilə elmdə fəal şəkildə aradan qaldırılır. Amma təhsil sektoru həmişə bu tempi tutmaqdan uzaqdır. Bu, xüsusilə məktəblərdə və qeyri əsas universitetlərdə “xarici”/“dünya” tarixinin tədrisində özünü büruzə verir. Orda da, proqramın 70-80%-i Qərb sivilizasiyası ölkələrinə həsr olunub, tarixin qalan hissəsi isə bu qalıq prinsipi ilə tədris olunur.


Avrosentrizmin mahiyyətinə diqqət edək. Aleksandr Artmonov yazır ki, Amerika tarix kitablarında Kolumbla birlikdə yad edilir. Çin mövzusu Konfutsinin ölümü ilə hardasa yox olur və ən yaxşı halda tiryək müharibələri zamanı yenidən üzə çıxır — axı onları avropalılar səhnələşdiriblər. Qara Afrikadan isə yalnız Amerika üçün qul mənbəyi kimi və Avropa supergüclərinin çəkişmə səbəbi kimi danışılır.
Fəlsəfədə, politologiyada və digər sosial elmlərdə də vəziyyət oxşardır — Avropa və Amerika həmişə birinci yerdədir, qalanları necə olsa olar. Problem təkcə başqa qitələrin sakinlərinə qarşı ədalətsizliklə bitmir. Fakt budur ki, humanitar və sosial elmlər insanlara kömək etməlidir:


1) insan təcrübəsindən müdrik nəticələr çıxarmaq,
2) artıq edilmiş səhvləri etməmək,
3) uğurlu nümunələri təkrarlamaq.


Bəs bu ümumi insan təcrübəsinin böyük bir hissəsi sadəcə göz ardı edilirsə və yaxşı və pis nümunələr naməlum qalırsa, bu necə mümkün ola bilər?

Avrosentrizmdə iki əsas qərəz var: unitarizm və ksenofobiya. Onlar bir-biri ilə sıx bağlıdır, lakin yenə də bir qədər fərqli iki mənbədən gəlir.


AVROSENTRİZMDƏ UNİTARİZM


Bu yanlış fikirdir ki, Qərb cəmiyyətini araşdırmaq dünyanı kəşf etməyə bərabərdir. Avropalılar və Şimali Amerikalılar üçün işləyən həll üsulu başqaları üçün də işləyəcək.


Avrosentrik unitarizm, avrosentrik ksenofobiya kimi, dünyanın bütün sivilizasiyalarının eyni yolla getməsindən irəli gəlir. Təbii ki, bu yolda Avropanın tarixi nümunə götürülür. Bir çox tanınmış alimlər bu səhvə yol veriblər.

Məsələn, Avqust Kont hesab edirdi ki, qədim və orta əsrlər Avropasının nümunələri istənilən cəmiyyətin inkişaf prinsiplərini tam şəkildə təcəssüm etdirir. Karl Marks da eyni yolla addımladı. O, əvvəlcə formasiyalar vasitəsilə öz tarixi inkişaf konsepsiyasını ortaya atdı, lakin sonra ona sığmayan çoxlu tarixi presedentlərin olduğunu anladı və bütün bu kimi halları təsvir etməli olan mübahisəli “Asiya istehsal üsulu” konsepsiyasını təqdim etdi.


Eyni tendensiyanı müasir siyasətdə də görmək olar. Avropada yaranan liberal demokratiya modeli ədalətli nizamlanmış dövlətin universal modeli hesab olunur. Bu yanaşmanın gözəl nümunəsi Frensis Fukuyamanın tarixin sonu nəzəriyyəsidir ki, ona görə Qərbin liberal demokratiyası bəşəriyyətin inkişafının zirvəsidir, üstündə heç nə olmayan zirvədir. Bu konsepsiya Marks və Veberin nəzəriyyələrindən fərqli olaraq kifayət qədər müasirdir — kitab 1992-ci ildə nəşr olunub və Corc Buş administrasiyasının xarici siyasətinin manifestinə çevrilib. Ancaq yenə də avrosentrik eqoizm ruhu aşılanır. Qeyd etmək lazımdır ki, sonradan müəllif bu nəzəriyyədən tamamilə imtina etdi — dünyada baş verən sonrakı hadisələr, məsələn, qlobal terrorizmin yaranması bu ideyanın uğursuzluğunu göstərdi. Amma bizim dövrümüzdə belə anlayışların meydana çıxmasının özü də avrosentrizmin tamamilə məhv edilməsinin hələ çox uzaqda olduğunu göstərir.


Qərb demokratik modeli nəinki təbliğ olunur, hətta bəzən aqressiv şəkildə tətbiq edilir. Bir çox müasir politoloqlar demokratiyanın liberal parlament formulunu mövcud olmağa layiq yeganə variant kimi qəbul edirlər. Siyasətçilər isə buna sevinirlər. Eksklüzivliyə bu münasibət və Qərb yoluna sədaqət onların əl-qolunu açır, bəzən də bu pərdə arxasında dəhşətli işlər görürlər.

Qərb ölkələri tərəfindən demokratiyanın genişləndirilməsi və avtoritarizmlə mübarizə adı altında daha da şiddətlənən bir çox dağıdıcı müharibələr başladıldı. Bəlkə də bəzən buna haqq qazandırmaq olardı. Ancaq həmişə yox. Bəzən demokratiyanın genişlənməsi pərdəsiylə, əslində təsir dairələrinin həyasızcasına genişlənməsi örtülür. Mahiyyətcə bu müharibələr, əslində Avrosentizmin müdafiəsi üçün təşkil edildiyi faktı ortadadır.

Eyni üslub elmi nailiyyətlərə də tətbiq edilir. Tarixşünaslıq bu yalanların əsil meydanına çevrilib. Cızılmış xətlər mövcuddur və bu xətlərdən kənar olan heç nəyi bu sahəni monopoliyaya almış Avrosentrizm kahinləri tanımazlar. Uyğun gəlməyəni isə yəhudi, iran və ən nəhayət Çin pərdəsiylə yox etməyə çalışarlar…

Ardı var…

Bu xəbəri paylaşın: