Bu günlərdə özünə tarixçi deyən bir tanışım mənə professor İlhami Cəfərovun bir neçə facebook statusunu mənə atıb və öz aləmində Avrosentrist ağalarının İran sabunuyla yuduğu ağlıyla görkəmli alimimizin araşdırmalarına «qulp qoymaq» istəyirdi. Bildirdim ki, İ. Cəfərsoy mənim müəllimim olub. Görkəmli alimimizin yazdıqları isə sənin kimilərinin anlamaq halətində olmadığı dərin tariximizdir.
İlhami Cəfərsoy yazıb: «MAKEDONİYALI İSGƏNDƏRİN ANASI ARAN NƏSLİNDƏNDİR»
Bütün zamanələrin böyük türk şairi Nizami Gəncəvi də belə yazıb. Amma bunu N. Gəncəvidən müdafiə edən alimlərimiz bilmir. Bu bizdə mümkündür. «Alim alimdir», daha kitabı niyə oxusun ki?!
Nizami Gəncəvinin «İsgəndərnamı» əsərini incələyərkən əsərdə Makedoniyalı İsgəndərin bir mənalı olaraq türk olmasının yazıldığını gördüm. Hətta dahi şair bizim fars yalanlarına mübtəla olduğumuzu bilərək əsərdə Firdovsini də yalançı olduğunu yazır:
Zərdüştilərdə var başqa rəvayət,
Verir İsgəndəri Daraya nisbət.
Vurdum tarixləri biri biriə,
Baxdım Firdovsinin öz əsərinə,
Hər iki rəvayət məncə pozuqdur,
Uydurma sözlərdir, həqiqət yoxdur.
(Nizami Gəncəvi «İsgəndərnamə» Bakı 1982. s.63).
Başqa bir misralarda isə onu «Rum papaqlı bir türk», «Rum qiyafəli, türk canlı», dönə — dönə «5-ci ölkənin hökmdarı — 5-ci ölkə Türk ölkəsi sayılırdı», «Əfrasiyab mülkünün varisi» və s. adlandırır:
Tədbir soruşardı işbilənlərdən,
Odur ki, olmuşdu özü işbilən.
Yoxsa rum papaqlı bir türk nə sayaq,
Çinə, Hindistana basardı ayaq (s. 432)
850 il sonra isə dəyərli alimimiz İ. Cəfərsoy yazır:
— Makedoniyalı İsgəndərin anası Aran nəslindən idi. Yunanlar onun adını Olimpia kimi yazırlar. Əslində isə qadının adı Alinpe idi. Aran alpları Naxçıvandakı Əlincə dağını Alinpe adlandırırdılar. İlk olimpiada yarışlarını Əlincə dağının ətəyində keçirirdilər. Onlar Troyanın işğalından bir az qabaq er.əv. XV əsrin sonlarında Elladanı tutdular. Alinpe yarışlarını orada keçirməyə başladılar. Yunanlar Elladaya gələndən sonra ətəyində idman yarışları keçirilən Alinpe dağını Olimp adlandırdılar. Alinpe Aran dilində «at alınlığı» deməkdir. Aran alpları döyüş atlarının alnına metal alınlıq taxırdılar ki, zərbələrə davam gətirsin və öz gözəl qadınlarına Alinpe adı verirdilər.
Arxeoloqlar Əlincə dağından bürünc at alınlığı tapıblar. Er.əv. ll minilliyə aid o alınlıq S. Peterburqda Ermitaj muzeyində saxlanır. Şəkildə alınlığın tapıldiğı yaşayış məskənini görürsünüz. Biz AMEA-da bu tapıntıları müzakirə etməli, dünyanın ilk olimpiada yarışlarının bizim Naxçıvanda Əlincə dağının ətəyində keçirildiyini və Olimpiada sözünün Türk mənşəli olduğunu sübuta yetirməliyik. Akademik Piotrovskinin və onun erməni arvadının Rusiyaya apardığı bürünc at alınlığını Azərbaycana qaytarmalıyıq…
İlhami Cəfərsoy daha sonra yazır: «Makedoniyalı İsgəndər ata xəttiylə Karan, ana xəttilə Aran nəslindəndir. O, Şuşa xəzinədarlarından bir neçə ton qızıl alıb ordunu təchiz etmiş, Əhəməni dövlətinin varlığına son qoymuşdu. Avropa tarixçiləri bunları bilirlər. Bilə-bilə Şuşa şəhərini Suz, Şuşa ölkəsini Suziana adlandırırlar. Ön Asiyada iki Şuşa şəhəri var idi. Biri Şumerin qonşuluğunda, biri indiki Türkiyədə Kızıl İrmak çayı boyunda idi.Türkiyədəki Şuşa Baq Şuşa adlanırdı. Baq Şuşa Xətay şəhəri idi. Nesililər xətayların ölkəsini tutub Baq Şuşa şəhərini özlərinə paytaxt elədilər. Avropa tarixçiləri məkrli məqsədlə həmin şəhəri Xattuşaş, Xətayların adını Xatti yazırlar. Şəkildə Elamın Şuşa şəhərindən tapılan insan başlı qanadı buğa heykəlini görürsünüz. Hündürlüyü 3m 30sm olan heykəl qədim dünyanın 10 sənət incisindən biridir. Fransız arxeoloqu E.D. Ami Şeyx xan və Şuşa yaşayış məskənlərindən tapılan insan başlı buğa bütlərini antropoloji cəhətdən Şuşa azərbaycanlılarına bənzədir. Yaxşı olar ki, biz öz mədəniyyət abidələrimizə yiyə duraq. İnsan başlı buğa heykəlinin birini son Şuşamızda, işğaldan azad etdiyimiz mədəniyyət paytaxtımızda qoyaq»…
Biz öz həqiqətlərimizə deyil, yad nağıllara inanarıq. Çünki yalanlar daha çox beynimizə yeridilir. İlhami Cəfərsoyun dediyi bu tarixi faktların, həm arxeoloji, həm mifoloji, həm də tarixi kökləri var. Bunları birbəbir sizlərə anladacağam.
Öncə bildirim ki, Nizami Gəncəvinin yazmış olduğu «İsgəndərnamə» əsərindən sonrakı bəzi araşdırmalarımın bir qismini sizlərə təqdim edəcəyəm. Düzü geniş araşdırma verən kimi «dostlarımız» yazdıqlarıma sahib çıxır və hətta özlərini müəllif kimi təbliğ edirlər. Bircə onu deyə bilərəm ki, Nizaminin əsərləri o qədər zərgər dəqiqliyi ilə yazılıb ki, orada nöqsan axtarmaq, vurma cədvəlində səhv axtarmaq kimi bir şeydir. İstər elmdə, fəlsəfədə, istər astrologiyada, istərsə də tarixi məlumatlarda və s. onun bərabəri dünyada yoxdur və olması da mümkün deyil. Amma bizim bu beyinsizlər buradakı faktları şair təxəllüsü hesab edib fərqinə varmırlar. Hətta Nizaminin səhv yazdığını düşünürlər.
Qanı və ruhu təmiz araşdırmaçılarımıza məsləhət bilərdim ki, onları sağdan və soldan sapdırmaq istəyənlərə tutarlı cavab verməklə irəliləmək lazımdır. Avrosentrizm yalanlarını bizim beynimizə inam yoluyla ötürə bilib. Bu yalanların qarşısında isə bir türk olaraq o ağ yalan olduğunu bilən bizləri qoyub. Türk dilinin hər hərfi və hər bir sözünün arxasında canlı bir tarix durur. Bu üslub türk üslubudur və tezliklə bunu hər kəs biləcək. Siz arxayınsınız ki, hansısa dönmə qaraçı soyu Midiyaya, hansısa biri Albaniyaya, hansısa biri tək torpaqlarına deyil, hətta varlığına və kimliyinə sahib olmaq üçün utanmadan saxta iddialar ortaya qoyurlar. Özü də bu iddia irəli qoyanların özləri belə nə üçün və necə yaradıldıqlarını bilmirlər. Bu bizlərin işidir.
Tadqiqatçı faktlara düzgün yanaşsa, məqbul şəkildə istənilən faktı çək-çevirə salsa, həqiqəti ortaya qoya bilər. Yeni tarixi tədqiqatlar əsasən reallığı araşdıran şəxsdən daha çox asılıdır. Çünki müasir tarix elmi faktları dəqiqləşdirmək üçün sağlam məntiqin və vicdanın ümidinə buraxılmışdır. Bunu unutmaq olmaz. Akademik E.Tarle bu deyilənlərə münasibət bildirərək yazırdı: «Memuar yazan həmişə az və ya çox dərəcədə dini, siyasi, şəxsi təəssüb naminə tarixçini aldatmaq haqqında düşünür. Tarixçi adına layiqsinizsə onunla mübarizə aparmalısınız. Memuarları nə ilə tutuşdurmalısınız? Yenə də tarixçini yolundan sapdırmaq istəyən başqa bir memuarlamı? Burada isə ya başa düşəcəyiniz, ya da anlaya bilməyəcəyiniz bir mübarizə gedir».
Firdovsi və Ktesiy kimi fırıldaqçıların başladığı bəzi tarixi oyunların və yalanların bu gün də ortada olması onların güclü olması ilə deyil, bizim savadsız və tənbəl olmamızla bağlıdır…