Dünyada neçə Gəncə var?

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

Belqay xalqının ambiani və atrebat tayfalarının yaşadıqları əraziləri bir-birindən bugün Kanche adlanan çay ayırırdı. Kanche çayının sahillərində Kanche adlı kənd vardır.

Rusiya Federasiyasının Krasnodar diyarında Qanja adını üç çay və bir neçə yaşayış mətəqəsi daşıyır. 631-ci ildə Xan Kubrat (605–665) məhz indiki Krasnodar diyarının ərazisində Böyük Bulqar Xaqanlığını (631–671) qurmuşdu.

E.ə. 323-cü ildən sonra Atropatenanın (Azərbaycanın) paytaxtı olmuş şəhərin bir adı Gəncək, digər adı isə Qazaka idi.

  • Şimali Azərbaycanın da ən qədim şəhərlərindən biri Gəncədir. Onun yaxınlığından Gəncəçay axır. Gəncə şəhərindən 104 km qərbdə isə Qazax rayonu yerləşir.

Qeyd etmək lazımdır ki, Gəncə toponimi bütün Avrasiya məkanında geniş yayılmışdır. Rusiya, İran, Hindistan, Pakistan və Nepalda Gəncə adlı çoxlu yaşayış məntəqəsi mövcuddur. Nəzərə almalıyıq ki, adı çəkilən ölkələrin hamısı zaman-zaman saka dövlətlərinin hakimiyyəti altında olmuşdur.

  • Qanja – Rusiyanın Krasnodar diyarında üç çay və bir kənd.
  • Gəncə – İranın Həmədan ostanında kənd.
  • Gəncə – İranın Luristan ostanında kənd.
  • Gəncə – İranın İsfahan ostanında kənd.
  • Gəncə – İranın Gilan ostanında kənd.
  • Gəncə – İranın İlam ostanında kənd.
  • Ganja – Hindistanın Uttar-Pradeş ştatının Allahabad dairəsində kənd və şəhər.
  • Ganja – Hindistanın Faizabad dairəsində kənd.
  • Ganja Rupana – Hindistanın Haryana ştatında şəhər.
  • Ganja – Hindistanın Odişa ştatının Kendrapara və Balasore dairələrində iki kənd.
  • Ganjam – Hindistanın Odişa ştatında vilayət.
  • Surat Ganja – Hindistanın Qərbi Benqal ştatının Medinipur dairəsində kənd.
  • Ganja — Hindistanın Pəncab ştatının Gurdaspur dairəsində kənd.
  • Ganjha – Hindistanın Uttarakhand ştatının Bageshwar dairəsində şəhər.
  • Ganja – Nepalda kənd.
  • Ganja – Pakistanın Pəncab vilayətində yer adı.
  • Ganja – Pakistanın Khyber Pakhtunkhwa vilayətində toponim.
  • Hindistanın ən böyük çayının – Qanqın da adı ehtimal ki, Gəncə və ya Gəncək adı ilə əlaqəlidir. Qədim yunan coğrafiyaçısı Megasthenesin (e.ə. 350–290) əsərinə əsaslanan yunan tarixçisi Siciliyalı Diodor (e.ə. 90–30) yazırdı: “Hindistanda gəmiçiliyə yararlı çoxlu çay var. Onların mənbələri (bu ölkənin) şimal sərhədləri boyunca uzanan dağlardadır.
  • Həmin çaylar düzənlik ərazilərdən keçir, sonra bir-birinə qovuşaraq Qanq adlı çayla birləşirlər. Eni 30 stadiya (bir stadiya 178 metrdir) olan bu çay şimaldan cənuba doğru axır və okeana tökülür. Gangaridai (dövlətinin) şərq sərhədləri Qanq çayına dirənir. Bu, böyük filləri olan güclü xalqdır”.
  • Gangaridai etnonimilə bağlı tarixçilər qəti bir fikrə gələ bilməyiblər. Zənnimizcə, gangaridai adını qədim kəngər etnonimilə də müqayisə etmək mümkündür. 659-cu ildə indiki Qazaxıstan ərazisində qurulmuş, 750-ci ildə süqut etmiş türk dövlətinin adı Kəngər Odağı (İttifaqı) idi.

Nüfuzlu tarixçilərin əksəriyyəti kəngər xalqını kanqlı, qanqlı və kanqyu xalqları ilə eyniləşdirirdilər. Populyar nəzəriyyəyə əsasən, kanqlı (qanqlı) xalqı türkdilli, kanqyu xalqı (e.ə. IV əsr – eramızın IV əsri) isə hind–Avropa dilli olmuşdur. Amma tanınmış sovet tarixçiləri Aleksandr Natanoviç Bernştam (1910–1956) və Anatoliy Qavriloviç Malyavkin (1917–1994) hesab edirdilər ki, kanqyu xalqı da türk dilli idi. Yeri gəlmişkən, belə fikirlərinə görə A.N.Bernştam 1953-ci ildə çox sərt tənqidlərə məruz qalmışdı. Yəhudi əsilli bu obyektiv alimi türk millətçiliyində ittiham etmişdilər.

Kanqyu dövlətinin ilk paytaxtı Kanka adlanırdı. Qazax dilçisi Abduali Kaydarovun (1924–2019) fikrincə, kanqlı (qanqlı) tayfasının adı iki komponentdən – Sibir türklərinin dilindəki “kanq” (çay) sözündən və “lı” mənsubiyyət şəkilçisindən ibarətdir.

“Qədim türk dili lüğəti”nə əsasən, əski türk dilində “kan” sözünün bir mənası da mənbə (qaynaq) olmuşdur. Rusiya Federasiyası Krasnoyarsk diyarının ən iri çaylarından biri Kan (629 km) adlanır. Həmçinin Rusiyanın Altay Respublikasında Kan (30 km), Saxa Respublikasında da Kan (22 km), Xantı-Mansi Respublikasında isə Kanya (23 km) adlı çaylar vardır. Qan (446 km, 760 km) adlı daha iki çay Çinin Daxili Monqolustan Muxtar Rayonundadır. Rusiyanın Murmansk vilayətində bir çayın (48 km) və bir gölün adı Kanadır. Rusiyanın Başkortostan Respublikasında da Kana (94 km) adını bir çay daşıyır.

Ukrayna əsilli ABŞ tarixçisi Omelyan İosifoviç Pritsak (1919–2006) hesab edirdi ki, kəngər etnoniminin ilkin forması kəngər as olmuşdur. Sovet tarixçisi Sergey Tolstov (1907–1976) kəngər as (peçeneq) tayfasını saka xalqının apasiak tayfası ilə eyniləşdirmişdir.

P.S. VIII əsrdə kəngərlərin indiki Qazaxıstan ərazisində saldıqları şəhərlərdən birinin adı Yası idi. Məşhur sufi şeyxi Xoca Əhməd Yasəvi (1103–1166) bu şəhərdə yaşamışdır. Həmin şəhər bugün Türküstan adlanır. Yası toponimi Avrasiyanın digər ölkələrində də mövcuddur:

Yası – Rumıniyada qəza və şəhər (keçmişdə alan yurdu olub).
Yası – Rusiyanın Pskov vilayətinin Pustoşkin rayonunda göl və kənd.
Yası – Rusiyanın Tver vilayətinin Toropetsk rayonunda göl.
Yası – Qırğızıstanın Uzgen rayonunda çay.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: