Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi bu gün silahdaşlarımızdan Natiq Həsənovun vaxtsız vəfatı ilə əlaqədar onun dəfn mərasimində iştirak etmək üçün Mingəçevir şəhərində olmuşlar.
Qeyd edək ki, ötən gün AVMVİB-in Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov qəfildən Haqqın rəhmətinə qovuşmuşdur.
Dəfn mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev öz nitqində Natiq Həsənovun əsil el adamı olduğundan, məsuliyyətli və yüksək işgüzar keyfiyyətlərindən bəhs edərək onun vaxtsız vəfatından dərindən kədərləndiyini, bu xəbərin Natiq müəllimi tanıyan təşkilatın üzvlərini dərindən sarsıtdığını dilə gətirmişdir. AVMVİB sədri həmçinin vurğulamışdır ki, Natiq Həsənov kimi millətini, xalqını sevən Vətən oğulları heç vaxt unudulmayacaq və xatirəsi onu sevənlərin qəlbində əbədi məşəl kimi yanacaqdır.
Daha sonra Natiq Həsənovun dəfn mərasimində iştirak edən AVMVİB rəhbərliyi və kollektivi mərhumun məzarı önünə əklil qoymuş, Uca Yaradandan onun ruhuna dualar oxumuş, mərhumun ailəsinə başsağlığı verib səbr diləmişlər.
Allah rəhmət etsin!
AVMVİB Mətbuat xidməti
Elçin Qədirov
Bölgə müxbiri