Oktyabrın 11-də Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində 2020-ci ilin Vətən müharibəsinin iştirakçısı şəhid kapitan Həmid Cəfərliyə həsr olunmuş filmin nümayişi baş tutmuşdur. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, həmçinin təşkilatın Binəqədi, Nəsimi, Sumqayıt, Xankəndi, Zəngilan rayon şöbələrinin sədrləri və müharibə veteranları, «Qarabağ Qaziləri» İctimai Birliyinin sədr müavini Rey Kərimoğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəhid ailələri və müharibə veteranları ilə iş idarəsinin nümayəndəsi, Müdafiə Nazirliyinin əməkdaşları, Vətən Müharibəsinin Qəhrəmanı polkovnik Nizami Mövlanov, Ali Hərbi Akademiyanın kursantları, zabitlər və gizirlər, şəhidin ailəsi və yaxınları iştirak etmişlər.
Filmdə şəhidin ailə həyatı, məktəb illəri, hərbi məktəb və keçdiyi hərbi xidməti haqqında maraqlı və ən yadda qalan xatirələr lentə alınıbdır. Filmdə şəhid kapitan Həmid Cəfərlinin keçdiyi döyüş yolu və qəhrəmanlığını əks etdirən real video kadrlar, səs yazıları və fotolardan istifadə olunubdur. Filmin yarardıcı heyəti aşağıdakı tərkibdə olmuşdur: Layihə rəhbəri: Şəmistan Əlizamanlı Ssenari müəllifi: Rey Kərimoğlu Quruluşçu rejissor: Roman Yaşar Montajçı: Amo Yaşar Redaktor: Həcər Hüseynova Prodüssor və təşkilatçı: Elmar Hüseynov.
Qeyd edək ki, kapitan Cəfərli Həmid Kərim oğlu 1990-cı ilin avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub. 8-ci sinifə qədər bu məktəbdə təhsil alıb.
Həmidin arzusu zabit kimi xalqına şərəflə xidmət etmək olub. Elə bu arzu ilə 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirib, leytenant hərbi rütbəsi alıb. Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunub.
2013-cü ildə döyüş və ictimai hazırlıqda, nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman, “Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb.
2015-ci ildə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlib. 2017-ci ildə isə N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib.
O, 3-cü dərəcəli «Qüsursuz xidmtlərinə görə» və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. 2019-cu ildə N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib.
2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb və ilk olaraq Cəbrayıl rayonu istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib.
Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Döyüş zamanı iki gün şəxsi heyyəti ilə mühasirədə qalıb.
2020-ci ilin oktyabr ayının 2-də kapitan Həmid Cəfərli Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunub. Lakin o,»müharibə qurtarandan sonra təyinat yerinə gedərəm»- deyib. Həmid döyüşçü dostlarına deyirmiş ki, «- Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam». Özünə şəhidlik zirvəsi arzulayan kapitan Həmid Cəfərli 27 sentyabrda dostuna yazıbmış: “Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”. Kapitan Cəfərli Həmid Kərim oğlu 5 oktyabr, 2020-ci ildə saat 13.20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Cabbar, Hüseyn və qızı Zeynəb adlı övladları var.
Ölümündən sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə
-3-cü dərəcəli “Rəşadət” ordeni,
-“Vətən uğrunda”,
-“İgidliyə görə”,
-“Cəbrayılın azad olunmasına görə”,
-“Füzulinin azad olunmasına görə”,
-“Xocavəndin azad olunmasına görə” və həmçinin Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi” 3-cü dərəcəli «Qüsursuz xidmtlərinə görə» “Silahlı Qüvvələrin yaranmasının100 illiyi” yubiley medalları təltif olunubdur.
AVMVİB Mətbuat xidməti






