Bismillahir –Rəhmanir–Rəhim!
“İnna lilləhi və inna iləyhi raciyun” – Biz həqiqətən Allah üçünük və Allaha tərəf də qayıdacağıq.
Hər bir kəs dadacaq ölüm şərbətin,
Varlı da, kasıb da anlayacaq ki:
Sən demə var imiş həyatın sonu,
Ey dostum, dünyada kim qalacaq ki…
(Tahir Fikri)
Çox qəfil, heç gözləmədiyimiz xəbər hamımızı sarsıtdı. Qəribədir ki, hamı bilir ki, ölüm haqdı. Amma hamı da eyni sualı düşündü. “Niyə?”. Axı çox cavandı. Kimsənin xətrinə dəyməyzdi. Günahdan və pis vərdişlərdən heç danışmağa dəyməz. Onda bəs niyə? Bəlkə ürək bu yükə dözmədi? Bəlkə uzun çəkdi mənəvi əzablar, köçkün yaşamaq məcburiyyəti bəlkə onluq deyildi. İşıqlı bir ümid yaşadırdı onu bəlkə. Amma axı nəhayət o işıqlı ümid 2020-ci ildə gəldi həyatımıza. Hamı fərəh, sevinc dolu ümidlə Zəngilana dönəcəyimiz günü gözlərkən niyə bizi tərk etdin?
Elçin barədə danışıram. II dərəcəli Müharibə qazisi – Zəngilandan olan dostumuz.
Dağ ömrümü qış əritdi, yaz yıxdı,
Dərdim keçən yollar yazıq-yazıqdı.
Desəm dilim yanar, dilim yazıqdı,
Deməsəm duymazlar üzümdən mənim. (Məmməd Araz)
Məmmədov Elçin Yaqub oğlu 1972-ci ildə Zəngilanda – Seyyid Həsən Ağanın qızı seyyidə Xədicə xanımın ailəsində dünyaya göz açmışdı. Elə orada böyüdü, təhsil aldı, əsgər getdi. Zəngilanın ən ağır günlərində qayıtdı və son gücü ilə müdafiə dəstələrində döyüşərək yaralandı və qazi oldu. Sonra da Bakıya köçürüldü. Burada qalan ömrünü yaşadı. Çalışqanlığı, mehribanlığı, olduqca məğrur olması ilə fərqli idi. Sakit, səmimi və gözəl dost idi Elçin.
Heç qəlb qırmaz, eyni zamanda həmişə ədalətin tərəfində olardı. Onunla xidmət edənlər bilirlər ki, Elçin əla döyüşçü idi. Tədbirli, ağıllı və uzaqgörən idi. Kimsəyə basqı etməz, özünün də basqı altında saxlanmağına dözməzdi.
Mən Elçinin xidməti və döyüş məharəti barədə danışmayacağam. Çünki, 90-cı illərdə Zəngilan camaatının nələrdən keçdiyini hamı bilir. Məmmədovlar aiəsindən də yan keçmədi. Ailədə demək olar ki, ya fiziki, ya da mənəvi zərbə aldı. Üstəlik məcburi köçkünçülük özü də ağrılı mərhələ idi.
Mən Elçinlə Bakıda yaşadığı dövrdə də eyni rayonda olmuşuq və mütəmadi əlaqələrimiz olub. Çox yaxşı maşın ustası idi. Nəqliyyatın hər növündən başı çıxar, dosta –tanışın bu barədə ehtiyaclarına qarşı həmişə diqqətli olardı. Əslində demək olar ki, hamıya lazım bir adam idi.
İkinci Qarabağ Müharibəsi qələbə ilə başa çatanda artıq sevincimizin həddi-hüdudu yox idi. Nədənsə bu qələbə bizi elə arxayın etdi ki, elə bldik ki, daha heç kim ölməz. Hələ ki, Elçin kimi həyat dolu, cavan bir adamın qəfil sıralarımızı tərk edəcəyi kimsənin ağlına gəlməzdi.
İtkisindən elə dərin bir boşluq yarandı ki, qəlbimizi kədər bürüdü:
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil,
Bizim dost itirən vaxtımız deyil. (Hafiz Baxış)
Şairin sözləri ilə desək bizim nə dost qazanan, nə də itirən vaxtımız deyil. Yaşımızın bu vaxtında dəyərli bir dostun itkisi qəlblərimizi göynətdi.
Mənim rəhmətlik atam mərhum Xalıqverdi kişi öz atası mərhum Haqverdi kişinin dilindən hikmətli və ibrətamiz bir hekayə nəql edərdi. Deyərdi ki, iki övliya öz nökəri ilə yol gedərkən bir məntəqədə yaşlı bir çobana qonaq olurlar. Səyyahlar salam-kalamdan sonra çobana buyururlar ki, biz Allah qonağıyıq, acmışıq…
Çoban ədəblə onların salamını alır, sürüdən bir neçə heyvanı tutub sağır və qonaqlarını ağartıya çörək doğrayıb doyuzdurur. Qonaqlar qalxıb gedərkən çobana təşəkkür edir və övliyaların böyüyü ona dua edib deyir ki, “Allah sənə daha 30 il ömür versin!”. Digər övliya və xadim də “Amin” deyib sağollaşırlar.
Bir müddət yol getdikdən sonra 14-15 yaşlarında cavan bir çobana rast gəlirlər. O da sürüsünü otarırmış. Övliyalar ona: “Allahın salamı olsun sənə ey çoban, biz Allah qonağıyıq, yol yorub, acmışıq” – deyirlər.
Uşaq əlini sinəsinə qoyub ədəblə təzim edir və “QonaqBehiştin bələdçısıdır, Allaha da qurban olum, qonaqlarına da” – deyir. Tez bir qoç kəsir, bişirtdirir və övliyaları qonaq edir. qonaqlar yeyib doyandan sonra ayağa qalxır və səlahiyyət sahibi böyük övliya üzünü cavana tutub dua edərək deyir: “Allah verdiyin bu ehsanı qəbul etsin, inşəallah qayıdarkən sənin il namazına duraq!”. Digər övliya və xadim könülsüz “Amin!” desələr də üzlərində narahat bir ifadə yaranır. Düşünür ki, 80-90 yaşlı bir qocaya daha 30 il ömür, 14-15 yaşlarında bir cavana “il namazı” diləmək nə qədər ədalətli duadır?
Yollarına davam edirlər və təxminən bir il müddətinə qayıdan səyyahların yolu yenə həmin məntəqədən keçir. Burada eşidirlər ki, həmin cavan çoban dünyasını dəyişibdir və bu gün onu dəfn edirlər. Qərara gəlirlər ki, biz duamıza vəfa edib onun il namazına durmalıyıq. Belə də edirlər. Yüksək səviyyədə orada iştirak edir və onun ruhuna dua edirlər.
Xadimin ürəyi rahatliq tapmır, hey eyni suala cavab tapmağa çalışır. Nəhayət, dözə bilməyib onlardan bu məsələnin hikmətini soruşur.
Övliya dillənir: “O yaşlı çoban yaşlanmış, lakin, mərifətdən heç nə anlamamışdır. Qonağın Allah dərgahındakı yerini bilməməsi ilə insanda mərhəmət oyadır. Odur ki, Allahdan onun üçün bu dünyada bir qədər də vaxt istədim ki, bəlkə cahillik günahından xilas olar. Cavan çobanın isə az yaşına baxmayaraq ağzını açan kimi mərifəti bəlli oldu. Bu dünyadan pak-pakizə getməsini,bu dünyanın çirkinliyinə bulaşmamsını istədim. Allah da duamızı qəbul etdi”
Elçin qardaşımız da çox yaşamadı,(51 yaş) ibadət əhli olmasa da gözəl əməllər sahibi idi. Bu gözəl əməllər xatirinə Allah onu behiştlə mükafatlandırsın.
Canım qara torpağın,
Nəfəsim göylərindi,
Qəbirdə yatsam belə,
Həmişə həyatdayam.
Mərhum atam Xalıqverdi kişi həmişə cavan insan dünyadan köçərkən mütləq Səməd Vurğunun “Komsomol” poemasından bu parçanı oxuyardı:
Əzəldən belədir çünki kainat,
Həyat daimidir ömür amanat.
Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi gedərik, sən yaşa, dünya!
Elçinin əzizlərinə, doğmalarına Allah səbr versin. Dəyərli qardaşımızın qəbri nurla dolsun. O, bu qısa ömrünün hər anını Vətən yolunda fəda etdi. Peyğəmbərimizin (s) “Vətəni sevmək imandandır” kəlamını A.Səhhətin “Vətən” şeirinindən bir parça ilə tamamlamaq istəyirəm. Çünki, bu şeir peyğəmbərimizin həmin kəlamına istinadən yazılmışdır.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir
Vətəni sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz
Allah rəhmət eləsin!
Qazi-ruhani, Haci Həsən Hüseyni