XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı. I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur… imperiya siyasəti: parçala, hökm sür.
Məhz bu dövrdən etibarən dilimizin lüğət fonduna mənşəcə yeni sözlər «rus-Avropa mənşəli» sözlərin daxil olması şərtləndi. Bu sözlər dilimizdə milli və ərəb-fars mənşəli sözləri sıxışdırır və ya paralelində dayanırdı. Zamanla imperiyanın məkrli siyasəti Azərbaycan dilinin unutdurulmasına yönəldi. Nüfuzlu şəxslərin övladlarının müxtəlif səbəblərlə imperiyanın ucqar nöqtələrinə aparılması və onların milli kimliyini dəyişdirmək planları müəyyən mənada özünü doğrultdu. Dünyəvi məktəblərdə rus dilinin tədrisi və ən nəhayətində Qori Müəllimlər Seminariyasının fəaliyyəti rusdilli azərbaycanlı təbəqəsinin formalaşması ilə nəticələndi. Və bu təbəqə rusca danışmaqla rus kimi düşünmək hissini də daxilində böyütmüşdü. Çar Rusiyasının bu məkrli siyasəti sonrakı dövrdə Sovet imperiyası tərəfindən də davam etdirildi. Rus dili dövlət idarəçilik dilinə çevrildi. Təhsildə rus bölməsi yaradıldı. Rus dilini bilməyən azərbaycanlıların sayı çox az miqdarda müşahidə olunmağa başladı. Məhz sovet dövründə rus dili azərbaycanlı ailəsinin məişət dili səviyyəsinə çatdı. Rus dilində danışmaq savadlılığın, ziyalılığın, dünyagörüşlü olmağın və s. göstəricisinə çevrildi.
Ən nəhayətində Azərbaycan XX əsrin son onilliyində müstəqilliyini qazandı. Çar Rusiyasının və sovet imperiyasının birlikdə milli düşüncəmizin, dilimizin altşüuruna ən azı 200 ildən artıq yeridilmiş zəhərli dil siyasəti müstəqillik dönəmində də canımızdan çıxmadı. Təhsilimizdə rus bölməsinin mövcudluğu aydın məsələdir ki, təkcə rus dilini öyrənmək marağının deyil, bəlkə də rus “sevdalılığının” təzahürüdür.
Cəlil Məmmədquluzadə “Xatiratımda” yazır:
Və bizim dilçilərimiz ədəbi, fənni, akademik dili axtarınca “Molla Nəsrəddin”də də açıq və sadə türk dili ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qaradəryaları da vurub Türkiyəyə və Türküsatana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını açıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsirəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı. Bu cavablar bizim üçün tək bircə həqiqəti təsdiq etməkdə idi ki, yazdığımız dil “Molla Nəsirəddin” məcmuəsi üçün gərək haman sadə və açıq dil olmalıdır. Bu haman dildir ki, iyirmi üç ilin müddətində biz haman “Molla Nəsirəddin” dilini tutub gedirik. Və bu 23 ilin təcrübəsi bizə bunu göstərdi ki, əgər məcmuəmiz türklərə çox asanlıqla dağılıb öz sözünü onlara çox açıq vəchlə yetirə bildi, bunun səbəbi məhz məcmuənin asan dilidir; onunçün də bu yolda biz bərk-bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik.
Sonra davam edir:
Və kim bilsin: bəlkə, məcmuənin asan dilinin camaatımıza olan mənfəəti və xidməti biz güman etdiyimizdən də artıqdır. Bunu bilmək lazımdır ki, bütün islam aləmində ümumən və Qafqaz müsəlmanları içində, xüsusən, ərəb əlifbasının çətinliyi səbəbindən və habelə dəxi qeyri səbəblərdən savad işləri həmişə tənəzzüldə olubdur. Və əlinə qələm götürüb bir mətləb yazmaq istəyən bir Allah bəndəsi bilməyib yazını nə dildə və nə ləhcədə yazsın və dilin imla qanunlarına necə riayət etsin və müxtləif sövtləri hansı hürufat şəklinə salsın; onunçün də indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır.
Ədibin “Azərbaycan” məqaləsindən bir parça:
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dildi?
– Azərbaycan dili!
– Yəni Vətənim haradır?
– Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.