Qazilərimizin hörmətə və hüquqa ehtiyacı var – gediş haqqı deyil, Haqqın özü

Mən, adətən, şəxsi avtomobilimlə hərəkət edirəm. İctimai nəqliyyatdan az istifadə etdiyim üçün bu sahə ilə bağlı şəxsi təcrübəm çox deyil. Amma bu gün avtomobilim təmirə verildiyindən avtobusa mindim və orada yaşadığım bir hadisə məni həm təsirləndirdi, həm də düşündürdü.

Avtobusa əlində əsa ilə bir nəfər daxil oldu. Görünüşündən və davranışından onun qazi olduğu hiss olunurdu. Sürücü ondan gediş haqqını tələb etdi. Qazi isə sakit səslə, “Mən qaziyəm” dedi. Nəhayət, bir xanım onun gediş haqqını ödəyərək nəciblik nümayiş etdirdi.

Bu mənzərə bir sualı aktuallaşdırdı: Qazilərimiz ictimai nəqliyyatdan güzəştli və ya pulsuz şəkildə istifadə edə bilməlidirlərmi?

Bu sual təkcə bir sərnişinin müşahidəsi deyil, bu, hər birimizin içindən gələn vicdani bir çağırışdır.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın igid övladları Vətən uğrunda döyüş meydanına yollandılar. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etdilər. Şəhidlərimiz tarixə yazıldı, qazilərimiz isə bu qələbənin canlı daşıyıcıları kimi gündəlik həyatlarını davam etdirirlər.

Dövlətimiz müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Onların sosial müdafiəsi, mənzil və tibbi təminatı istiqamətində mühüm proqramlar həyata keçirilmiş, bir sıra hüquqlar təsbit olunmuşdur. Bu təşəbbüslər Azərbaycan dövlətinin və rəhbərliyinin qazilərimizə olan yüksək münasibətinin təzahürüdür.

Eyni zamanda, zaman keçdikcə yeni ehtiyaclar və texnoloji imkanlar meydana çıxır. Bu ehtiyaclara uyğun olaraq qazilərimizin ictimai nəqliyyatdan istifadəsinin daha da rahatlaşdırılması məqsədəuyğun ola bilər.

Dünya təcrübəsində bu məsələ belə həll olunur:
• Türkiyədə qazilər şəxsiyyət kartı ilə ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.
• ABŞ-da veteranlara nəqliyyat güzəştləri ilə yanaşı, sosial və psixoloji dəstək proqramları təqdim olunur.
• Rusiyada müharibə iştirakçıları regionlardan asılı olmayaraq ictimai nəqliyyatdan güzəştli istifadə hüququna malikdirlər.

Azərbaycanda qazilər üçün təklif edilə biləcək təşəbbüslər:
1. Veteran vəsiqələrinin rəqəmsallaşdırılması və nəqliyyat sistemlərinə inteqrasiyası
– Mövcud veteran vəsiqələrinin BakıKart və digər nəqliyyat sistemləri ilə texniki uyğunluğu təmin edilə bilər.
2. Qanunvericiliyin təkmilləşdirilməsi
– Mövcud sosial müdafiə qanunvericiliyinə əlavə və ya dəyişikliklər edilməklə, qazilərin ictimai nəqliyyatdan güzəştli və ya pulsuz istifadəsi qanunla tənzimlənə bilər.
3. Sürücülər üçün maarifləndirmə proqramları
– İctimai nəqliyyat sürücülərinə qazilərlə davranış mədəniyyəti ilə bağlı təlimlər keçirilməsi cəmiyyətimizdə empatiyanın və hörmətin artırılmasına xidmət edər.
4. ASAN Xidmət və BakıKart əməkdaşlığı
– Qazilərin vəsiqələrinin nəqliyyat kartlarına rahat və şəffaf şəkildə inteqrasiyası üçün müvafiq qurumlar arasında əməkdaşlıq gücləndirilə bilər.

Bu cür təşəbbüslər qazilərə göstərilən diqqət və qayğının daha da sistemli və texnoloji əsaslarla genişləndirilməsinə xidmət edər. Bu, dövlətin və cəmiyyətin qəhrəmanlara olan münasibətinin bariz nümunəsi olar.

Qazilərimiz döyüş meydanında öz borclarını yerinə yetiriblər. Onlara göstəriləcək hər bir qayğı, hər bir jest bizim minnətdarlığımızın ifadəsidir.

Əgər bir gün hər bir avtobusda qapıdan daxil olan qaziyə gülümsəyərək “Buyurun, qəhrəmanımız” deyilərsə, bu, xalq olaraq birlik və minnətdarlıq duyğularımızın ən gözəl ifadəsi olar.

Müəllif: Tural Kəlbəcərli

Bu xəbəri paylaşın: