Üzeyir bəy Hacıbəyli: «Yazı yazanın yazı yazmaqdan qabaq fikri»

– Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı öz əhvalımızdan nə yazım? Cəhalət…

Ah! Daha bu söz zəhləmizi tökdü! Bəs nə… bu qarandaşı çıxardan nə ağıllı adammış… Qarandaş! Bu sözün əsli qarandaş deyil, qara daşdır, deməli, türk sözüdür, bəs onda gərək qarandaşı icad edən də türk olsun!… O kim imiş?…

Osmanlıda Qanuni-əsasi – qoy bu barədə yazım. İran ilə Osmanlını tutuşdurum… Amma biz də qəribə adamlarıq ha! Bildir sultana söyürdük, İran şahını tərif edirdik. İndi İran şahını söyürük, sultanı tərif eləyirik. İndi bunu bir əvam adama söyləsəm deyərki, Siz mütəqəllib adamsınız… Mütəqəllib. Yəqin bu söz qəlp sözündən çıxıb. Qəlp pul, qəlp adam. Adəm Əleyhissəlam… Məsələn, 200 ildən sonra bizdən heç bir nişanə də qalmayacaq… Amma təəccübdür, vallah! Keçən gün Qız qalasına baxırdım… Neçə illərdir ki, durur və neçə-neçə şeylər görür, deməli, tarixin dilsiz şahididir. Amma məni yandıran burasıdır: canım, axı bu qalanı, bu hasarı bir adam tikibdir, onun üstündə əlləşibdir, bax haman bu daşları öz əli ilə götürüb, gətirib buraya qoyubdur. Yaxşı, bəs indi o adam hanı?… hanı o adam? Vallah, lap acığım tutub. Bu barını tikən, bu daşları düzən o çanlı, başlı, ağıllı, hissli adam yox olub gedib, amma onun qayırdığı bu cansız, ruhsuz, hissisiz şey indiyə qədər qalıb, hələ bundan sonra da nə qədər qalacaqdır!…Hə, indi mən nə yazım? Ah, bu əhvalat məni xarab elədi: yaşa, ömür elə, əziyyət gör, cəfa çək, utan, inci, qorx, ağla, ağla balam, ağla, sonra da öl! Yox ol, dön torpaq ol!

İndi ki, belədir, indiki axırda mən ölüb heç olacağam, indi ki, mənim bu əziyyətlərim, çəkdiyim cəfalar hamısı əbəs olacaqdır, onda!… adam çox fikirləşsə anarxist olar, vallah! İran padşahlarını pisləyirik ki, deyirmişlər:

«Pəs əz mən hərce bada-bad!»

Vallah, doğru deyirmişlər. Çox da deyək ki, məsələn, Nəsrəddin şahdan sonra İran bütün dünyanın hakimi olub, iranlılar da lap qızıldan paltar geyinmişlər! Bundan Nəsrəddin şaha nə? Hərgah öləndən sonra bunu hiss eləyə bilsəydi, yenə sözümüz olmazdı – axı hiss eləmir!… Əşi, bu sonranın fikridir, hələ qoy görək indi nə yazaq!

Çox gözəl, sultan qanuni əsasi verdi… Adam indi İstambula gedə, yox, əvvəl Tehrana gedə, ondan sonra İstambula gedə! Gərək 4 gün yol gedəsən. Əvvəl Batuma… kim deyirdi ki, Məşədi Rüstəm Batumdadır? Gərək ki, mən dünən onu
bazarda gördüm, boynunda başlıq vardı… İranda adamların boynuna zəncir salırlar… Dəmir şişləri qızdırıb bədəninə soxurlar! Bah, bah, biz bu sözləri eşidirik, amma heç halımıza təfavüt eləmir. Məsələn, dünən yazılmışdı ki, İranda «Ruh-ül qüds» müdirini ölüm cəzasına məhkum edibdirlər, sonra da yazılmışdı: «Onu boğacaqlar»… gör ha, o adamı boğacaqlar.

Biz hamımız bunu oxuduq, sonra qəzetəni yerə qoyub işimizə getdik. Dəxi bir fikir eləmədik ki, axı necə yəni «onu boğacaqlar»?

Adamı boğmaq çox pis şeydir… Necə olar ki, adamı boğsunlar!… Məsələn, kəndiri boğazına salıb dartacaqlar, onun nəfəsi tıncıxacaqdır… ürəyi qısılacaqdır, istəyəcəkdir ki, çıxsın getsin evlərinə… arxayınca otursun… bu çəlladlar nədir? Onlar da bizim kimi adam deyillərmi? Nə üçün adamı boğurlar?…

Şah buyurur!… Şahı boğsunlar, yəni bir azca boğsunlar, onda o görər ki, bu çürə şeylər pis zaddır, daha bir də adamı boğdurmaz…

Allahın altında insanın bədəni elə yaranmış olaydı ki, onu nə boğmaq, nə güllə ilə deşmək, nə xəncərlə parçalamaq, nə qayalardan atıb əzdirmək, nə suda qərq etmək, qərəz, bir şey ilə öldürmək mümkün olmamayaydı…

Ah, çox fikir adamı dəli divanə elər. Amma bir tərəfə baxsan dəli olmaq da bəd deyil…

Yox, bu gün mən heç zad yaza bilmədim, qalsın sonraya!..

Bu xəbəri paylaşın: