Fəxrəddin Əliyev — 60

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdam rayon şöbəsinin sədri Əliyev Fəxrəddin Abbas oğlunun doğum günüdür. İyul ayının 7-də onun yubileyidir — 60 yaşı tamam olur. Əliyev Fəxrəddin Abbas oğlu 1965-ci il, iyul ayının 7-də Ağdam şəhərinin Kəngərli kəndində dünyaya gəlmişdir.

Gənclik illərini Sovet ordusunda hərbi xidmətlə başa vuran Fəxrəddin Əliyev Vətənə dönərək təhsilini davam etdirmiş və Mirhəsən Vəzirov adına Şuşa Kənd Təsərrüfatı Texnikumunun məzunu olmuşdur. Lakin həyat onun qarşısına daha çətin, daha şərəfli bir yol çıxardı – müharibə yolu. 1992-ci ildə Azərbaycan torpaqlarının işğala məruz qaldığı ağır günlərdə o, könüllü olaraq silaha sarıldı. Əvvəlcə Qarabağ Müdafiə Şahinlərinin tərkibində, daha sonra isə 708-ci batalyonun artilleriya bölməsində xidmət göstərdi. Qrad qurğularının komandiri kimi düşmən mövqelərinə sarsıdıcı zərbələr endirən bu mərd döyüşçü, həm silahdaşı, həm vətənpərvər ruhu ilə seçildi.

Döyüşlərdə ağır yaralanan Fəxrəddin Əliyev hazırda II qrup müharibə əlili kimi yaşayır. Onun keçdiyi həyat yolu, təkcə bir insanın bioqrafiyası deyil, bu xalqın yaddaşına yazılmış qəhrəmanlıq salnaməsidir. O, yalnız bir ailənin oğlu deyil — Vətənin oğlu, torpağın müdafiəçisi, xalqın qürurudur.

Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin rəhbərliyi, Əliyev Fəxrəddin Abbas oğlunu yubiley münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür, işlərində nailiyyətlər arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-07-at-15-24-38

Whats-App-Image-2025-07-07-at-15-24-08

Whats-App-Image-2025-07-07-at-15-25-51

Bu xəbəri paylaşın: