
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri olaraq tez-tez rayonlara səfər edirəm və yolumuz düşərkən hər dəfə mütləq Qobustan rayonu ərazisində yerləşən Acıdərə Türk Şəhidliyini ziyarət edir, Türk əsgərlərinin ruhuna dualar oxuyuruq. Son vaxtlar müşahidələrim əsasında demək olar ki, bu abidənin abadlığının qayğısına qalınmır, aidiyyəti qurumlar məsuliyyətsizlik nümayiş etdirirlər.
1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində Bakı və digər bölgələr daşnak-bolşevik işğalından azad edildi. Bu şanlı tarixi əks etdirən Acıdərə Türk Şəhidliyi həmin dövrdə canını fəda etmiş Türk əsgərlərinin xatirəsinə ucaldılmışdır. Lakin bu gün bu tarixi abidənin vəziyyəti heç də ürəkaçan deyil.
Abidənin ətrafı baxımsız vəziyyətdədir. Çirkab və toz-torpaq içində olan kompleks hər keçən gün daha da bərbad hala düşür. Hətta bəzi yerlərdə uçuq-söküklər müşahidə olunur. Ətrafı kol-koslarla örtülmüş, abadlaşdırılmamış vəziyyətdədir. Bu, həm şəhidlərimizin ruhuna hörmətsizlik, həm də tarixi irsimizin qorunmasına qarşı biganə münasibətdir.
Əgər dövlət səviyyəsində şəhidlik komplekslərinin qorunması prioritet məsələdirsə, bəs niyə bu abidənin baxımsız qalmasına göz yumulur? Mədəniyyət Nazirliyi, Qobustan Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar niyə bu məsələ ilə bağlı heç bir addım atmır? Yaxud yerli icra orqanları və bələdiyyə niyə bu müqəddəs məkana sahib çıxmır?
Bu cür laqeydlik həm yerli sakinlərdə, həm də tariximizi bilən hər kəsdə narahatlıq yaradır. Acıdərə türk şəhidliyi yalnız bir abidə deyil, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarının simvoludur. Bu abidənin baxımsız qalması iki qardaş xalqın ortaq tarixinin unudulmasına yol açır.
Təklif edirik ki, aidiyyəti qurumlar dərhal bu məsələyə müdaxilə etsin. Abidənin təmir edilməsi, ətrafının abadlaşdırılması və qorunması istiqamətində konkret tədbirlər görülsün. Eləcə də, mütəmadi olaraq şəhidliyə qulluq göstərilməsi üçün xüsusi plan hazırlanmalı, könüllü təşəbbüslərlə birlikdə bu müqəddəs məkanın qorunmasına çalışılmalıdır.
Unutmayaq ki, tariximizə sahib çıxmaq, qəhrəmanlarımızın xatirəsini yaşatmaq bizim borcumuzdur!







