İyulun 5-də şəhid leytenant Məhərrəmov Ülvi Tahir oğlunun anım mərasimi keçirilmişdir. Yaşasa idi onun 28 yaşı tamam olacaqdı. Tədbirdə AVMVİB Sumqayıt şəhər şöbəsinin rəhbərliyi və kollektivi də iştirak etmiş, Sumqayıt şəhər Şəhidlər xiyabanında şəhidimizin məzarını ziyarət etmişlər.
Anım mərasimində şəhidin ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri də iştirak etmişlər. Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzmüş, ruhuna dualar oxunmuş və onun keçdiyi şərəfli döyüş yolu haqqında xatirələr səsləndirilmişdir.
Tədbirdə çıxış edən AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov çıxış edərək şəhid leytenant Ülvi Məhərrəmovun Vətən müharibəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etmişdir ki, “şəhidlərimizin hər biri Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək əbədi qəhrəmanlıq salnaməsi yazıblar. Onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”.
Anım mərasimində, həmçinin şəhid Ülvinin itkin düşmüş əmisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Mirzə Məhərrəmovun da xatirəsi ehtiramla yad olunmuş, ailəsinin bu iki ağır itki ilə üz-üzə qaldığı qeyd edilmişdir.
Tədbirin sonunda şəhidin ailəsi tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılmış, iştirakçılar bütün şəhidlərimizin ruhuna dualar oxumuş və onların müqəddəs xatirəsini bir daha anmışlar.
AVMVİB-in Mətbuat xidməti




