Vüqar Şirinoğlu
Tağım komandirim, dostum, mərdlik timsalı şəhid gizir Hacıyev Kamal Hüseyn oğlunun əziz xatirəsinə
Dağlar deyəndə ilk Kamal düşərdi yadıma…
O, dağlara yaraşan oğul idi. Mərd, sakit, dərindən baxan gözləriylə danışan, sözə deyil, əmələ güvənən idi.
O, Azərbaycanın ağrılı qəlbində – Kəlbəcər rayonu, Çaykənd kəndində, sazla nəfəs alan, şeirlə yaşayan bir el ağsaqqalının – «Bığlı Hüseyn»in ocağında dünyaya göz açmışdı. Elə balaca yaşlarından da fərqli idi. Dağlara baxanda qürur, çaya baxanda həsrət oxuyardı. Hələ uşaqlıqda qəlbində bir qəribə hiss vardı – Vətən sevgisi.
Orta məktəbi başa vurub sovet ordusuna çağırıldı. Orada gizir rütbəsi aldı. Amma Vətən onu çağırırdı. 90-cı illərin əvvəllərində Qarabağda müharibə alovlananda Kamal düşünmədən qayıtdı. Özünümüdafiə dəstələrində, sonra 701 saylı briqadanın 712-ci taborunda vuruşdu. Onun komandiri polkovnik-leytenant Eldar Həsənov idi. Kamal Vətənin hər qarış torpağına canını sipər etmişdi.
Mühasirədə – Ölümə Gülən Üz
1994-cü ilin yanvarı… Qarlı Murovdağ sanki nəfəs almırdı. Təbiət qəzəblənmişdi. Kamal və üç komandir mühasirəyə düşdü. Düşmən silahı yerə qoymalarını əmr etdi. Kamal səssizcə əyildi, guya silahı yerə qoyacaqdı… Amma içindəki od onu tərpətdi – avtomatın qoruyucusunu açdı və cəld atəş açaraq düşmənə qan uddurdu. Qarın içində qaranlığa qarışaraq qaçdı. Ayağında ayaqqabı yox, ruhunda isə tonqal kimi yanan Vətən vardı.
Dağlar onu udurdu. Qaranlıq, boran, şaxta… Və bir gecə – Kamal qarın altında qaldı. Ölmədi. Vətəni ilə, torpağı ilə bir nəfəs aldı. Gözlərini yummadı, qorxmadı. O torpaq altında şəhidliyə gedən yolun yuxusunu gördü.
Ayaqları yox, qüruru yanan gizir
Nəhayət, Daşkəsənə çatdı. Orada hərbi hospitala gətirildi. Ayaqları soyulmuşdu – qan, buz və ağrı içindəydi. Amma gözlərində bir damla qorxu yox idi. Elə oradaca, şair təbiətli Kamal bir şeir yazdı… Bu, sanki özünün ölüm fərmanı yox, şəhidlik andı idi:
Namərd düşmən çox güvənmə özünə
Torpağımda güllə mənə dəyərmi?
Pulemyotun, avtomatın qəlpəsi,
Vətənimdə duz qəddimi əyərmi?
Torpağımda güllə mənə dəyərmi?
Təslim etmək istəyirsən sən məni,
Parçalamaq istəyirsən sinəmi,
Qabağında heç saymıram mən səni,
Sənin güllən məni yerə sərərmi?
Torpağımda güllə mənə dəyərmi?
Qarlı dağı cəsarətlə almışıq,
Vətən torpağıyla qucaqlaşmışıq,
Qələbəyə yeni bir yol açmışıq,
Bu yollardan vətən oğlu dönərmi?
Torpağımda güllə mənə dəyərmi?
Bu şeir onun ruhunun hayqırtısı idi – güllənin, ölümün, soyuğun önündə diz çökməyən Azərbaycan oğlunun fəryadı.
Son Məktub – Qəlbdən gələn vəsiyyət
Şəhid Kamalın yazdığı məktub isə – qəlbimizin dərinliklərinə sancılan bir bıçaq kimi idi. Bu məktubla o, təkcə həyat yoldaşı Gülnaza deyil, bizlərə – gələcək nəsillərə, hər bir vətən oğluna səslənirdi:
«Mehribanım Gülnaz,
Məni gərək qınamayasan… Damarlarda Azəri qanı axan hər bir vətən oğlu, bu ağır gündə əlinə silah almalıydı. Qız-gəlinin əsir düşməsinə, qoca anaların tapdanmasına göz yuma bilməzdim. Mən fərarilik edə bilməzdim. Bu yolu – bu müqəddəs yolu – gələcəkdə övladlarımın məni istəməsi naminə seçdim. Əgər bu mənasız müharibənin qurbanı olsam, məni bağışla… Amma bil ki, Sənin Kamalın qorxmadı. Mən inanıram – biz doğma yurdumuzu azad edəcəyik. Balaca Ülvü mütləq atalı böyüyəcək…
Səni sevən – KAMAL
24.12.1993 – Kəlbəcər, Alaxançallı»
Bu məktub indi muzeydə saxlanılmalı bir sənəddir – içində vətən, şəhidlik, ailə, əmanət olan müqəddəs bir miras.
Şəhadət və əbədiyaşarlıq
1994-cü ilin fevralında Kamal son döyüşünə çıxdı. Kəlbəcər qış əməliyyatlarında o, kapitan Mürşüd Məmmədovla, qərargah rəisi Alışov Fehruzla, minaatan komandiri Hümmətov Xalid və daha neçə-neçə igidlə birlikdə şəhid oldu. Bu, adi bir ölüm deyildi – bu, mərdliklə yoğrulmuş əbədiyyət idi.
Balaca Ülvü atasız böyüdü… Amma o, heç zaman başı aşağı olmadı. Çünki onun atası fərarilik etməmişdi. O, Vətənin üstündə yox, içində – torpağın bağrında uyuyurdu. İllər sonra Ülvü atasının adını oğluna verdi. İndi o evdə yenidən bir Kamal böyüyür…
Və biz inanırıq – bu torpaq şəhidlərin, Kamalların, Mürşüdlərin, Fehruzların torpağıdır. Qoy yağı düşmən unutmasın – bu torpaq heç vaxt onlara vətən olmayacaq. Burada Kamalın səsi, ayaq izləri, son nəfəsi yatır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qoy Kamalın ruhu rahat yatsın – onun adı ilə yeni nəsil böyüyür. O, bir insan deyil, bir dastandır.