AVMVİB sədri Füzuli Rzaquliyevdən Türkiyə Cümhuriyyət Bayramı münasibətilə təbrik

29 oktyabr — Türkiyə Cümhuriyyətinin elan olunduğu və qardaş türk xalqının tarixində dönüş nöqtəsi sayılan gündür. Bu əlamətdar tarix münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edib.

Füzuli Rzaquliyev saytımıza açıqlamasında bildirib ki, Türkiyə Cümhuriyyətinin qurulması türk dünyasının taleyində mühüm bir mərhələnin başlanğıcı olmuşdur. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əldə edilən bu böyük zəfər yalnız Türkiyənin deyil, bütün türk xalqlarının azadlıq və müstəqillik ideallarının təntənəsidir.

AVMVİB sədri vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyə münasibətləri Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə söykənir və bu birliyin kökləri tarixə, mədəniyyətə, qardaşlığa dayanır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin mənəvi və diplomatik dəstəyi bir daha sübut etdi ki, bu dostluq və qardaşlıq əbədidir.

“Biz hər zaman Türkiyə Cümhuriyyətinin uğurlarına öz uğurumuz kimi sevinir, onun güclənməsini bütün türk dünyasının güclənməsi kimi dəyərləndiririk. Qardaş ölkəyə davamlı sülh, inkişaf və rifah arzulayıram. Qoy Türkiyə bayrağı hər zaman zirvədə dalğalansın,” – deyə Füzuli Rzaquliyev qeyd edib.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: