AVMVİB sədrinin müavini hər kəsi qaydalara riayət etməyə çağırdı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov koronavirus pandemiyası dövründə təşkilatın fəaliyyəti ilə bağlı sualımızı cavablandırarkən bir sıra maraqlı məqamlara toxundu.

AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov dedi: «Hələ də bəzi şəxslər bu işin ciddiliyini dərk etmirlər. Ölkə rəhbəri cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı dediyi: «Mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir»-fikirlərini ciddi bir fəaliyyət proqramı kimi qəbul etməliyik.

Bu gün artıq bölgələrimizdən yoluxma xəbərləri alırıq. Bu bir siqnaldır ki, virus sərhəd tanımır. Öz həyatını, sağlamlığını qorumaqla, öncə ailənin, daha sonra yaşadığın məntəqənin və nəhayət xalqın həyatını qorumuş olursan. Bu məsuliyyətli bir işdir. Biz müharibə veteranları olaraq bu işdə də nümunə olmalıyıq».

Az təminatlı müharibə veteranlarının minumum yaşayışının təmin olunmaması barədə sorğumuza cavab olaraq, V. Abdurəhmanov bildirdi ki, biz bu məsələ ilə bağlı aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət etmişik. Lakin bu nazirliyə təyin olunanlar nəinki iş görmək, heç adi şikayət məktublarına, müraciətlərə cavab vermək qabiliyyətində deyillər. Prezidentin elan etdiyi sosial proqramları bu qurum anlamır və verilən qərarları ən pis şəkildə icra etməklə məşğul olurlar. Hesab edirik ki, ölkə rəhbəri bu nazirliyin işini araşdıran bir komissiya yatatmalıdır. Az təminatlı sosial təbəqələrdən yüzlərlə müraciətlər almaqdayıq. Bu, sadəcə biyabırçılıqdır. Səlim Müslümov özündən qabaqkının, bu nazir isə S. Müslümovun ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov koronovirusla bağlı sonda veteranlara müraciət edi: «Azərbaycan hakimiyyətinin, həkimlərimizin bu yolda etdiyi fədəkarlığı və işbirliyini dəstəkləməliyik. Tanıdığımız insanları həmrəyliyə çağırmalıyıq. Bu bir imtahandır. Bu bir savaşdır. Məsuliyyətli və intizamlı olmaq, göstərişlərə əməl etmək əsas şərtdir. Gələcəyimiz, sabahımız uğrunda bu savaşda birgə müqavimət göstərməliyik. Dövlətimizin bu bəladan qurtulmağımız, minimum itkiylə çıxmağımız üçün yürütdüyü siyasət və cəmiyyətə etdiyi tövsiyyələrə laqeyd qalmamalıyıq. Bu gün həkimlərin dəyərli məsləhətlərinə diqqət kəsilib, deyilənlərə əməl etmək ümumi bəladan itkisiz qurtarmağımıza kömək edər. Bu savaşdan az itkiylə çıxmaq üçün bizdən tələb olunan qadağalara əməl etmək borcumuzdur. Çünki bu işdə birgə mübarizə aparmalıyıq. Biz həqiqətən də birlikdə güclüyük!»

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: