(Hacıyev Elxan Əmiraslan oğlu 1975-1994)
Bismilləhir – Rahmənir – Rahim!
Şəhid olmaq ən ali bir zirvədi,
Şəhidlərə cənnət özü teşnədi,
Qur’an dedi, səhid ölməz ölmədi
Şəhid oglum, şəhadətin mübarək!
(Hacı Fərman Azançı)
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bakı şəhəri Xətai rayonunda yerləşən baş ofisində şəhidin anım günü qeyd edildi. Şəhidin doğmaları və yaxınlarını iştirakı ilə keçirilən tədbirdə təşkilatın sədri Füzuli Rzaquliyev, sədrin təkilat məsələləri üzrə müavini Vahid Abdurahmanov, Zəngilan şöbəsinin sədri Azad Musayev, Qazi Hacı Həsən Hüseyni, şəhidin bacısı Mehriban Hacıyeva və başqaları iştirak etdilər.
Sədr anım günü münasibətilə şəhidin anasını təşkilatın “Fəxri Fərman”ı və AVMVİB Zəngilan rayon şöbəsinin hazırladığı » Şəhid Anası» döş nişanı ilə təltif etdi. Şəhidin anası Zemfira xanım xəstə olduğundan mükafatlar şəhidin bacısı Mehriban Hacıyevaya təqdim olundu.
Şəhid Elxan Hacıyev barəsində “Vətəni Sevmək Imandandir” kitabımda “Çöpədərənin ən gənc şəhidi” adlı bir yazı yazmışdım. Həmin yazıda onun haqqında xatırələrimi qələmə almışdım. Bu gün anım günü münasibətilə bir daha xalam oğlu şəhid Elxan barədə xatirələrimi dostlarla bölüşməyə ehtiyac duydum. Kitabım çapına bir qədər vaxt var deyə həmin yazını olduğu kimi Sizlərə təqdim edirəm.
Vətən yolun, doğru gedən şəhidlər
Şücaətdən izlər qoyub gedirlər.
Canın yurda, qurban edən şəhidlər
Ləyaqətdən izlər qoyub gedirlər
Qanında var qanun, Vətən sağ olsun
Yurdu üçün dada yetən sağ olsun.
Vətənində şanlı bitən sağ olsun
Səxavətdən izlər qoyub gedirlər.
Şəhid ölməz,öz adında diridir,
El könlündə, el yadında diridir.
Elman, haqqın qanadında diridir,
Ədalətdən izlər qoyub gedirlər (O.D.Elman)
Elxan mənim doğma xalam oğludur. Bütün uşaqlığı, yeniyetməliyi və gəncliyi gözlərim önündə keçib. Onun haqqında yazmaq mənim üçün çox çətindir. Hər kəlmədə xəyalı gözlərim önündə canlandığı üçün gözlərim yaşlarla dolur, hərflər qarışır, vərəqi görmürəm.
Yeddi bacının tək qardaşı olan Elxan 1975-ci il iyun ayının 20-də Çöpədərə kəndində anadan olmuşdu. Çöpədərə və Sobu arasında demək olar ki, məsafə yoxdur. O qədər yaxındı ki, məişətimiz də eynidir. Xalamın səkkiz övladı vardı. Onların içində yeganə oğil övladı Elxan idi.
Onu nə qədər sevə-sevə, əzizləyə-əzizləyə böyüdürdü xalam. Hələ bacıları, onlar pərvanə olub qardaşlarının başına dolanırdılar. Hətta, əsən küləkdən də qoruyurdular. Onu verən Allaha sonsuz minnətdar idilər. Bacıların güvən yeri qardaşı olacaqdı. Böyüyüb hərəsi bir ocağa gedəndə də gözləri arxada qalmayacaqdı. Çünki, ata ocağında bir kişinin olmasından arxayın idilər. Oğul böyüyüb bu ocağı yandıracaq, oraya bir xanım gətirib nəsli davam etdirəcəkdi. Əmiraslan kişi taleyindən razı idi. Xalam da xoşbəxt idi. Arzularla, ümidlərlə övladlarının böyüyüb boya-başa çatmasının qayğısına qalırdılar.
Bədnam azğınlar 1988-ci il hadisələrini başlayanda Elxanın cəmi 13 yaşı vardı. Tərslikdən Ermənistana ən çox həmsərhəd rayon elə Zəngilan olduğundan uşaqlı-böyüklü beş il Zəngilan ən sarsıdıcı acıların şahidi oldu və Elxan da bu beş ildə cavanlara qoşulub milli münaqişələrə dözdü. Bu burulğanda beş ilin necə keçdiyini bilmədik.
Elxan artıq böyük oğlan olmuşdu. Müddətli xidmətə qədər onsuz da müdafiə dəstələrinin yanında olurdu. Sonra Rəzdərə, Bartaz, Kolluqışlaqda xidmət edir.
Zəngilanın işğalı hamını sarsıtdı. Evakuasiyadan sonra cavanlar ailələrinin harada məskunlaşmasından asılı olmayaraq yenidən ön cəbhəyə qayıtdılar. Ona görə də Zəngilan oğullarının çoxu Füzulidə və Ağdamda həlak olaraq şəhadətə qovuşdular.
Xatırladım ki, Elxan 20 yanvar 1994 cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə bir çox Zəngilanlı kimi Qəhrəmanlıqla döyüşərək Şəhadət zirvəsinə yüksəlmiş və Bakı şəhərində 2 ci Fəxri- Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elxan şəhid olandan sonra mən xalamın və onun qızlarının halından danışa bilmirəm. Onların ağı deməsi, bu günə qədər göz yaşlarının qurumaması yadıma düşəndə hələ də bu itki ilə barışmadıqlarını görürəm:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölüb,
Göy kişnər, bulud ağlar.
Əvvəla, o vaxtlar illərlə yataq xəstəsi olduğumdan çox vaxt həkimlər mənəvi əzab çəkməyim deyə məni sakitləşdiricilərlə yuxuya verirdilər. Çünki, çox vaxt ümidim yerdən-göydən kəsilir, yurd-yuvalarımızın dağılmasından, doğmalarımızın itkisindən doğan kədərə dözə bilmirdim. Artıq dünyaya nifrət edir, yaşamaq istəmirdim. Bir müddət onun ölümünü məndən gizlətdilər. Ona görə də baş verən hadisələrin əksəriyyətindən xəbərim olmurdu. Sonralar bunları biləndə onsuz da depressiyada idim. İndi də bunları yazdıqca məni soyuq tər basır, xəyalən o günlərə qayıdır, onları yenidən və yenidən yaşayıram. Hərdən uzun zaman o qədər fikrə gedirəm ki, ayılanda görürəm ki, bədənim tamam qıc olub. Çalışıram fikrimi dağıdım. Amma, bu kitab üzərində işlədikcə və şəhidləri bir-bir xatırladıqca təkrar-təkrar onları yaşamalı oluram.
Şikayətlənmirəm, artıq bu bizim şanlı tariximizin səhifələrinə çevrilib bizdən yetişən nəslə yadigar qalacaq. Bu günki azadlığımızda iştirakı olan, Vətən uğrunda fəda olanların hamısını – o cümlədən, xalam oğlu şəhid Elxan Hacıyevi minnətdarlıqla anırıq. Sözümü şair dostum Həsən Lütfinin bir şeiri ilə tamamlayıram:
İntiqam günündə Ana Vətənin,
Yetişdin dadına, şəhid qardaşım.
Uğrunda canından keçdiyin ellər,
Baş əyir adına, şəhid qardaşım.
Cənnətdə açmaqçün dünyada soldun,
Döndün xatirəyə, qəlblərə doldun,
İgidlik yolunda nümunə oldun
Vətən övladına, şəhid qardaşım,
Min alqış adına, şəhid qardaşım!
Hələ də dağlardan getməyib səsin,
Ən əziz kəsisən bu gün hər kəsin,
Qara buludları qovdu nəfəsin,
Yetdin muradına, şəhid qardaşım,
Min alqış adına, şəhid qardaşım!
Yerin behişt olsun qardaşım Elxan! Amin!




Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazi, İlahiyyatçı – Hacı Həsən Hüseyni