22 aprel 2025-ci il — Bu gün şəhid Məmmədov Əhəd Həsənalı oğlunun anadan olmasının 57 ili tamam olur. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və sədr müavini Zakif Abbasov şəhidin ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidimizin qardaşı Məhəmməd bəyin ailəsi ilə birlikdə Əhəd Məmmədovun keçdiyi döyüş yolu, uşaqlıq illəri və vətənə sədaqəti haqqında xatirələr paylaşılıb.
Əhəd Məmmədov 1968-ci ildə Zəngilan rayonunun Yenikənd kəndində, Həkəri çayının sağ sahilində anadan olub. 1975–1985-ci illərdə doğma kəndində orta təhsil alıb. Çağırış yaşı çatdıqda rayon hərbi komissarlığının göndərişi ilə Naxçıvan Muxtar Respublikasında sürücülük kursu keçib və Rusiya ərazisində Sovet ordusunda ikiillik hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Zəngilana qayıdaraq qaz təsərrüfatı idarəsində sürücü vəzifəsində çalışıb. O, vətəndaşlıq borcunu yerinə yetirməklə yanaşı, vətənpərvər mövqeyi ilə seçilərək işdən sonra döyüş mövqelərinə silah, sursat və ərzaq daşımaq təşəbbüsü ilə çıxış edib.
Daha sonra özü də könüllü şəkildə silaha sarılaraq Kolluqışlaq, Ağkənd və Şərikan kəndlərinin müdafiəsində mərdliklə vuruşub. Zəngilanın işğalından sonra mübarizəsini davam etdirərək Füzuli və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1994-cü il aprelin 10-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və Şirvan şəhərində torpağa tapşırılıb. Ruhu şad, məkanı cənnət olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev


