AVMVİB sədri Füzuli Rzaquliyev: «Erməninin terrora qarşı mübarizəsi – biabırçı paradoksdur»

Ötən həftə İran və Ermənistan sərhədində hər iki ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirilib. Rəsmi açıqlamalara görə, bu təlimlərin əsas məqsədi «terrorçuluğa qarşı mübarizə» olub. Əslində, istənilən dövlətin digər ölkələrlə hərbi əməkdaşlıq çərçivəsində birgə təlimlər keçirməsi beynəlxalq praktikada rast gəlinən haldır və normal qarşılanır. Amma bu məsələdə anormal və ikrah doğuran məqam, terroru dövlət siyasətinə çevirmiş bir ölkənin – Ermənistanın – bu təlimlərdə guya terrorla mübarizə mövqeyindən çıxış etməsidir. Ermənistan uzun illər boyu bölgədə terroru təşviq edən, separatizmi dəstəkləyən və Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən terrorçuları qəhrəmanlaşdıran bir siyasət yürüdüb.

Tarix və sənədlər təsdiq edir ki, ASALA və digər erməni terror təşkilatlarının törətdiyi qətllər, 20 Yanvar, Xocalı soyqırımı və mülki azərbaycanlılara qarşı həyata keçirilən terror aktları Ermənistanın bu sahədə nə qədər «peşəkar» olduğunu göstərir. Bu baxımdan, Ermənistanın «terrorla mübarizə» adı altında keçirilən təlimlərdə iştirak etməsi sadəcə siyasi riyakarlıq və dünyanı aldatmaq cəhdidir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu cür təlimlər regiondakı gərginliyi artırır və sülhün bərqərar olunmasına xidmət etmir:

«Ermənistanın terrorla mübarizə iddiası – bu, tarixi və siyasi ironiyadır. Regionda 30 ildən artıq müddətdə terror törədən, mülki əhalini hədəf alan bir ölkə indi hansı üzlə terrora qarşı mübarizədən danışa bilər? İranın da bu prosesdə iştirak etməsi, bölgədə sülhə və əməkdaşlığa deyil, əksinə, məkrli planlara xidmət etdiyini göstərir.»

AVMVİB sədri onu da xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli mövqeyi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan regionda sülhün, sabitliyin və güc balansının təminatçısına çevrilib:

«Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də diplomatik müstəvidə düşmənə layiqli cavab verib və verəcək. Azərbaycan xalqı Prezidentimizin ətrafında sıx birləşərək dövlətçiliyini və haqq işini hər zaman qorumağa hazırdır.»

Sonda AVMVİB sədri Füzuli Rzaquliyev mövqeyini bir daha qəti şəkildə ifadə edib:

«Mən hər zaman bildirmişəm: rusun sözünə, farsın ibadətinə, ermənin sədaqətinə heç vaxt inanmaq olmaz!»

AVMVİB-in Mətbuat xidməti

https://vt.tiktok.com/ZSrQy1t1T

Bu xəbəri paylaşın: