DÜNYAYA GÜLƏN QOCA

Ələkbər ŞƏHRİLİ

Ötən əsrin 50-ci illərini bu gün də qəlb çırpıntısı ilə xatırlayıram. Ciblər və dükanlar çox vaxt boş olsa da, ürəklər dolu idi – adamlar böyük ümidlər və işıqlı arzularla yaşayırdılar. Azərbaycan Dövlət Universitetinin də gözəl çağları idi. Burada tez-tez maraqlı tədbirlər – mədəniyyət və incəsənət xadimləri ilə, yazıçı və şairlərlə, tanınmış idmançılarla görüşlər, ədəbi-bədii gecələr, disputlar keçirilir, konsertlər təşkil edilirdi. Bunların hər biri tələbələrin qəlbində, yaddaşında silinməz izlər qoyurdu.

Gərək ki, 1957-ci il idi. Günlərin birində xəbər verdilər ki, planetin ən qocaman sakini Mahmud Eyvazov universitetin professor – müəllim heyətinin və tələbələrin qonağı olacaq. Həmin il Mahmud kişi 149 yaşına qədəm qoymuşdu və deyilənə görə Bakıya orden almağa gəlmişdi. Keçmiş sovet dövlətinin Qırmızı Əmək Bayrağı kimi yüksək mükafatına o, “Kolxoz istehsalatında böyük əmək fəaliyyətinə” görə layiq görülmüşdü. O vaxtın “Pravda”, “İzvestiya”, “Kommunist”, “Bakinskiy raboçiy”, “Sovet kəndi” kimi mərkəzi və yerli qəzetlərində yazırdılar ki, Mahmud Eyvazov uzun illərdir kolxozda külüng çalır, ümumiyyətlə isə onun 135 illik əmək stajı var. Amma hamı bilirdi ki, Mahmud kişiyə ordeni “külüngə”, staja, staxanovçuluğa və hansısa rekorda görə deyil, sadəcə olaraq, başqalarından daha çox yaşadığına görə veriblər. Onun rekordu yaşı ilə bağlı idi və belə bir rekorda çoxları həsəd aparırdı.

O illərdə şairlər, yazıçılar, alimlər Mahmud babaya şeirlər, oçerklər, məqalələr, kitablar həsr edir, məktəblilər isə onun boynuna pioner qalstuku bağlayırdılar. Uzunömürlülüyün sirrini Mahmud kişidən öyrənmək üçün xarici ölkələrdən Lerikə gələnlərin ardı-arası kəsilmirdi. Gələ bilməyənlər də ona hədiyyələr göndərir, məktublar yazırdılar. Camaat danışırdı ki, Sovet İttifaqı marşalı Kliment Voroşilov Mahmud kişiyə qaragül dərisindən gül kimi bir papaq alıb göndərib, özünə də bərk-bərk tapşırıb ki, “Tak derjat!” Voroşilov süvari idi, yaxşı bilirdi ki, dağlarda adamın ən yaxın dostu atdır. Mahmud kişinin də həyatı at belində keçdiyindən çox güman ki, Voroşilov ona “yüyəni” elə o cür də saxlamağı tapşırmışdı…

Universitetin akt zalı ağzınadək dolu idi. Mən üçüncü cərgədə müəllimlərimizdən biri ilə yanaşı oturmuşdum. Salona xəbər yayıldı ki, bu dəqiqələrdə Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov ordeni Mahmud kişiyə təqdim edir. Oradakı mərasim bitən kimi onu universitetə gətirəcəklər. Elə də oldu. Heç on dəqiqə keçməmiş biz planetin ən qocaman sakinini gördük. Bu, enlikürək bir kişi idi. Çox sağlam görünürdü. Bəlkə də ona yetmiş-yetmiş beş yaş vermək olardı. Parlaq gözləri var idi. Ağappaq saqqalı ona xüsusi yaraşıq verirdi. Beli bükülməmişdi, şax dayanırdı. Səhv etmirəmsə, əynində boz yun kostyum var idi. Qabarıq sinəsində diqqəti təzəcə aldığı orden cəlb edirdi. Rektorumuz onu hörmətlə salamlayıb, mükafat münasibətilə təbrik etdi. Sonra sözü özünə verib, tribunaya yönəltdi.

Mahmud baba uzun-uzadı danışmadı. Dedi ki, həmişə təmiz havada olub, at belində gəzib, dağlar qoynunda Allahın verdiyindən yeyib, üstündən də dağ bulaqlarının suyundan içib. Başqa bir sirri yoxdur, yəni çox yaşamaq üçün heç bir fövqəladə iş görməyib. Onu da dedi ki, indiyədək dörd arvadı olub. Bunun da günahı elə o arvadların özündə olub – bir-bir qocalıb dünyalarını dəyişdikcə, o da evinə təzə arvad gətirməli olub.

Düzü, Mahmud baba yaddaqalan başqa heç nə demədi və sözünü qurtaranda müəllimim dedi ki, “Qalx, kömək elə, kişi tribunadan düşsün, rektorun otağına qədər də onu özün gətir”.

Mahmud babanın qolundan tutub, tribunadan düşməsinə kömək etdim. Xəbər aldı ki, “Qurtardı?”, mən də dedim “Qurtardı”. Sonra da soruşdu ki, “Hara aparırsan məni?” Cavab verdim ki, “Rektorun otağına”.

Tələbələr, müəllimlər – yüzlərlə adam akt zalının ikilaylı qapısından çıxıb, hərəsi bir tərəfə üz tuturdu. Mahmud baba ilə mən rektordan, dekanlardan, kafedra müdirlərindən və professorlardan arxada gedirdik. Yavaşdan soruşdu:

– Dedin, hara aparırsan məni?

– Rektorun otağına.

– Nə var orada?

– Yəqin birlikdə çay içəcəksiniz, rektor və professorlar səninlə söhbət edəcəklər.

Ayaq saxlayıb, üzümə baxdı, lap astadan – az qala pıçıltı ilə dedi:

– Onlar da çox yaşamaq istəyirlər?

Sual məni qəfil yaxaladı, nə cavab verəcəyimi bilməyib, çiyinlərimi çəkdim.

– Nə bilim?! – dedim və birdən onun gözlərinin dərinliklərindən çölə can atan gülüşü, istehzanı gördüm. Mən də gülümsədim və yolumuza davam edəndə Mahmud kişi yenidən dilləndi:

– Mənim balam, gəlin, siz məni bu iclaslara az çəkin. Axı, mən ölərəm. Ondan sonra dünyaya nə cavab verərsiniz? Heç bilirsən yanıma haralardan gəlirlər?! Dillərini bilmirəm, amma bilirəm ki, onlar da çox yaşamaq istəyirlər.

Yenə gözlərinə baxdım, yenə orada elə həmin gülüşü, həmin istehzanı gördüm və birdən ağlıma gəldi ki, bu kişi, deyəsən, bütün dünyaya, bizim hamımıza gülür. Qəribədir ki, dünyaya və hamıya görə pərt olmadım, əksinə, ürəklənib soruşdum:

– Mahmud baba, arvadların öləndə yəqin sən çox fikir etmisən, kədərlənmisən, eləmi?

Kişi yenə ayaq saxladı, başını qaldırıb dedi:

– Neçə yaşın var?

– On yeddi.

– Neçə?

– On yeddi.

– Həəə. Yaxşı, sənə kim deyib ki, arvad öləndə kişi fikir çəkər? Bu məktəbdə sizə bunu öyrədirlər? Yadında saxla: arvad öləndə kişi sevinər, gedib təzə arvad alıb gətirər.

Bu sözləri eşidəndə elə bil məni ildırım vurdu. Bax, mən indi pərt oldum. Alnımda tər puçurlandı. Mahmud kişi bir anın içində gözümdən nə təhər düşdüsə, daha onun heç üzünü belə görmək istəmədim. Yaxşı ki, artıq gəlib, rektorun otağının qapısına çatmışdıq. Rektorumuz akademik Şəfaət Mehdiyev onu elə buradaca gözləyirdi. Sonra qapı örtüldü və mən daha Mahmud kişinin gözlərini görmədim. Bunun peşmançılığını isə indi də çəkirəm. Çünki elə o vaxtdan bir sual mənə rahatlıq vermir: görəsən Mahmud baba o sözləri ciddi deyirdi, yoxsa zarafat edirdi? Planetin ən qocaman sakini bəlkə yenə planetin özünə gülürdü və onun gözlərinin dərinliklərində bəlkə yenə dəcəl bir istehza vardı?

Təəssüf ki, bunu daha heç vaxt bilməyəcəm…

Bu xəbəri paylaşın: