Bu gün daha bir silahdaşlarımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan mayor İsayev Çingiz Yaqub oğlunun doğum günüdür. Yanvar ayının 3-ü onun 58 yaşı tamam olur.
Müharibə veteranı, ehtiyatda olan mayor İsayev Çingiz Yaqub oğlu 3 yanvar 1967-ci ildə Tərtər rayonunun Qaraağacı kəndində anadan olmuşdur. Çingiz İsayev 1984-cü ildə Tərtər rayonunun Qaraağacı kənd orta məktəbini bitirmiş, 1988-ci ildə Talin Ali Hərbi Siyasi Məktəbini müvəffəqiyyətlə tamamlamışdır. O, 1988-1991-ci illərdə Sovet Ordusunun Qazaxıstan Respublikasında yerləşən hərbi hissəsində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri kimi fəaliyyət göstərmişdir. 1991-2002-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqatala və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində nizami hissə rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində çalışaraq, Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
Xidmətə məsuliyyətli yanaşmasına görə SSRİ Ali Soveti tərəfindən «SSRİ Silahlı Qüvvələrinin 70 illiyi» yubiley medalı ilə, həmçinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı ilə, «Qüsursuz Xidmətə Görə» III dərəcəli medal ilə təltif olunmuşdur. Bununla yanaşı, AVMVİB tərəfindən «Müharibə Veteranı» və «AVMVİB-nin 25 illiyi» yubiley medalları, «Azərbaycan Ordusunun 100 illiyi» və «Böyük Zəfər» xatirə medalları ilə mükafatlandırılmışdır. Bu mükafatlar onun hərbi sahədəki xidmətlərini və vətənpərvər fəaliyyətini yüksək səviyyədə əks etdirir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi İsayev Çingiz Yaqub oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.