Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsinin sədri, Müharibə Veteranı ehtiyatda olan polis mayor Nəsibzadə Fəqan Sabir oğlunun doğum günüdür. Yanvar ayının 3-də onun 57 yaşı tamam olur.
Nəsibzadə Fəqan Sabir oğlu 03 yanvar 1967-ci ildə Qazax rayonunun Alpout kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. O, 1984-cü ildə Alpout kənd orta məktəbini, 1990-cı ildə isə Kalininqrad vilayətində Daxili İşlər Nazirliyinin Ali Milis (polis) məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1984-1986-cı illərdə Sovet Ordusunun Kamçatka şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1990-2007-ci illər arasında Daxili İşlər Nazirliyinin müxtəlif strukturlarında müxtəlif vəzifələrdə çalışaraq, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş və üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmişdir. Fəqan Nəsibzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və öz igidliyi ilə seçilmişdir. O, Qarabağ müharibəsi veteranıdır.
Öz xidməti və ictimai vəzifələrinin icrasına yüksək məsuliyyət və peşəkarlıqla yanaşdığına, eləcə də nümunəvi xidmətlərinə görə, Fəqan Nəsibzadə Daxili İşlər Nazirinin, onun müavinlərinin, Milis Ali Məktəb rəisinin, Baş İdarə və şöbə rəislərinin, habelə AVMVİB sədrinin müvafiq əmrləri ilə müxtəlif medallarla, “Əla Xidmətlərə Görə” və yubiley döş nişanları ilə təltif edilmişdir. O, həmçinin çoxsaylı fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona bir neçə dəfə təşəkkür elan olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Nəsibzadə Fəqan Sabir oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti