Bu gün silahdaşlarımızdan biri — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri Beydullayev İlham Rəşid oğlunun doğum günüdür. Yanvarın 1-də onun 59 yaşı tamam olur.
Beydullayev İlham Rəşid oğlu 1 yanvar 1967-ci ildə Ağdaş rayonunda zəhmətkeş ailədə anadan olub. 1983-cü ildə Ağdaş şəhər orta məktəbini, 1986-cı ildə Şirvan şəhərində Sənaye texnikumunu, 1995-ci ildə isə Tümen şəhərində Rabitə və Texnologiya İnstitutunu bitirib. 1986–1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçib.
Vətənimizin aslan ürəkli övladı könüllü olaraq 1990–1992-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şuşa və Göygöl (Xanlar) rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib, üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirib. O, 1994-cü ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri vəzifəsində fəaliyyət göstərir.
Bu əlamətdar tarix münasibətilə AVMVİB-in rəhbərliyi İlham Beydullayevi səmimi qəlbdən təbrik edir, ona insan üçün ən böyük nemət sayılan möhkəm can sağlığı, ailə səadəti və həyat yolunda bitib-tükənməyən uğurlar arzulayır. Arzu edirik ki, yaşının üstünə gələn bu yeni il ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili ötən illərdən daha uğurlu və arzularına uyğun keçsin.

.jpg)
.jpg)

.jpg)
