DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli: https://fedai.az/?p=47450&fbclid=IwAR0UQmrF5JQcnuad9aUXfZXHdn7JCfXtWtbkuUN5WlKRzxTyQt-lNYxzDJI)


Bildirmək istərdim ki, bu gün də etnik kimliklərə biganəlik Türkiyəyə ziyan verməkdədir. Tarixi, mədəni irsin araşdırılmasını qeyri türklərə həvalə etmək ən böyük yanlışdır. Məsələn, hay Meral Akayın çəkdiyi “Möhtəşəm yüz il” serialı gözlərimiz önündədir.


Türkiyədə və Azərbaycanda konkret adamlar var ki, ağalarından aldıqları təlimatlar üzrə türkün böyüklərinə, sayğılı liderlərinə hədyanlar yağdıraraq çaşbaşlıq yaratmağa çalışırlar.


Böyük Atatürkə, Əmir Teymura, Çingiz xana iftira atan bic “mason qarğaları”, “yəhudi şexinaları”, “hay tərəfkeşləri” olan bu adamlar öz missiyalarını ictimai qınaq gözləməzlər. Hədyanlar yağdırmaqla məzhəb qarşıdurması, milli özünüdərkin zəiflədilməsi, türklərarası etimadsızlıq yaratmağı bacarırlar.


Sadəcə Camaləddin Əfqani kimi bir türk filosofuna hədyanlar yağdıranlara cavab vermədən onun ideyasından danışmağım yersiz olardı. Bir zamanlar ingilisləri öz ideyaları ilə lərzəyə salan birisini ingilis casusu, Rusiya müsəlmanlarının birliyi ideyası ilə çarizmi qorxuya salan birisini “rusa satılmış” elan edən nəcabətsizlər onun İngiltərədən, Osmanlıdan, Rusiyadan, ingilislərin təhdidiylə Hindistandan, İrandan çıxarılmasını kafirliyi ilə deyil, elmli, kamil və türkçü bir insan olmasıyla bağlamalı idilər.


Qızğıncasına İslam birliyi ideyasının ardınca düşsə də bunun mümkünsüz olduğunu anladıqdan sonra türkçülüyü bayraq edən bu şəxs, Əhməd Ağaoğlu, Mehmet Akif Ərsoy, M.Ə.Rəsulzadə, Ziya Göyalp, İ.Qaspıralı, Yurdaqul və onlarla türkçünün yetişməsində rol oynayıb. Bu gün “dəstəmazın” nə olduğunu bilməyən dönmə birisi onu kafir elan edir. Türkiyə ictimaiyyəti isə reaksiya vermir.


Bəs C. Əfqaninin İslam modeli nəydi? O deyirdi: “Getdim Avropaya İslam gördüm, amma müsəlman görmədim, gəldim Asiyaya müsəlman gördüm, amma İslam görmədim”. Bu sözlər bu böyük zatın istəklərini anlamaq üçün yetərlidir. Bu gün dədələrimizin buraxdığı səhvləri təkrarlamaq limitimiz yoxdur. Bu zındıqlar hesabına şiə-sünni qarşıdurması daim pik nöqtəsində saxlanılır. Sünnilər şiələri, şiələr sünniləri kafir adlandırmaqdan belə çəkinmirlər. Sünni türk ilə şiə türkün birgə olması üçün nələr gərəkdir? 13 əsrlik bir qarşıdurmanı qurdalamağa dəyərmi? Nəyə görə eyni bir qövmü məzhəblər bu şəkildə parçalaya bilir? Bu davada haqlı olan varmı?


Haqlı olan və haqq olan Qurani-Kərimdir. Parçalanmaya yol verməyəcək qədər mükəmməl işlənmiş səmavi bir kitab əhlinin bölünməyə və müsəlman dediyi qardaşına iftira, təhqir yağdırmağa haqqı yoxdur. Bu son səmavi kitaba dəyişiklik, sapıqlıq ayətləri salmağa müvəffəq olmayan yəhudilər bir milyona yaxın saxta hədislər (bəzi mənbələrə görə üç yüz min hədis – müəl.) uyduraraq yaymağa nail oldular. Peyğəmbərin sağlığında bircə hədis olmadığı halda öldüyündən illər sonra yayılan hədislər həvarilərin yazdığı İncil risalələrini xatırladır. Çox güman ki, Peyğəmbər (s.ə.s) sağlığında hədislər qadağan olunduğuna görə yazılmayıb. Həzrəti Abubəkr, həzrəti Aişə və həzrəti Ömər də hədislərə qarşı mübarizə aparmışlar. Lakn bu gün bu zatlara istinadən yayılan hədislərin coxluğu hədis toplayanların qeyri səmimi olmalarını sübut edir. Dinimizdə təfriqələri salanların “yaraqları” yalnız hədislərdir. Ona görə də dövrün azsaylı din xadimləri bu hədislərin səhihliyini bir daha yoxlaya biləcək bir komissiya qurmalıdırlar. Çünki hər iki məzhəbdə özlərinə uyğun hədis kitabları var və bunlara əks tərəflər şübhəylə yanaşmaqdadırlar. Deməli, məsələ nə İslamda, nə Quranda, nə də məzhəblərdədir. Bütün bu qarşıdurmaların qaynaqlandığı ünvan hədis kitablarındakı saxtakarlıqlardır.

Peyğəmbərimiz (s) bir suala cavab verərkən səhabənin bütün yanlışlara yol verə biləcəyini, amma yalana əsla yol verə bilməyəciyini söyləmişdi.


İslam dininə dəyən zərbələrin haradan gəldiyini göstərən mənbəni hamı görür. Amma bu həqiqəti deyil, dinimizə yaraşmayan şəkildə şiə, ələvi, yaxud da sünni qardaşlarınızdan hansısa birisinin qəbahətini böyüdərək “fil” düzəldib, sonra bu “fili” qovalamaqla məşğul oluruq. Tarixən bu ocağı “körükləyən” şəxslərin kimliklərini araşdırın. Bu adamların 90 faizi türk olmayanlardır.


“Möhtəşəm yüz il” serialında Osmanlı Şeyxülislamı Əbu Suudun rolu şişirdilir. Çox güman, heç bir ələvi və şiə “şiə və ələvilərin xristian və musəvilərdən öncə öldürülməsinin gərəkliyi barədə” fətva verən, “Qızılbaşın saxladığı heyvanın ətini və yeyilməsini haram sayan” Əbu Suuda müsəlman deyə bilməz. Amma sünni, şiə və ələvilərin yaşadığı bir ölkənin rəhbərinin bu şəxsi tərifləməsi Türkiyə-yə çoxmu lazımdır? Yəni bu kürd din adamı Türk Birliyi üçün bu qədərmi gərəklidir? Hay qızı Meral Akayın belə məqamları qabartması bir gizli savaş sifarişi deyilmi? Bunu anladıq. Bəs ölkə başçısının çıxışını necə yozaq? Bu ağıllamı Türk Birliyi qururuq?
Kimsə də öz yanlışını etiraf etməz. Kimsə də dəqiq tarixi, etnoqrafik və antropoloji mənbələri oxumaz. Hərə əlində bir hədis kitabı “kalaşnikovlu terrorçular kimi” aramsız atəş açmaqdadır. Bu “cəbhədə” əldə etdiyim bilgiləri sizinlə bölüşmək istəyirəm.


Sünnilər şiəliyin yaranmasını əsasən səhabə Salman Farisinin adıyla bağlayırlar. Onlar iddia edirlər ki, Salman farsdır, iranlıdır və Əlinin (ə) tərəfdarıdır. Buradakı Farisi soyadı fars (oxşar olduğuna görə bu iddia öz qüvvəsini saxlayır. Ümumiyyətlə, farslar şiəliyə türklərin təhrikiylə qoşulmuşlar. Salman Farisiyə gəlincə isə o, yəhudi əsilli (“Baqara” 62-ci ayə-nin onunla bağlı nazil oması bildirilir. Mayorki “Reddiyye”-müəl.) idi. Onun mənsub olduğu yəhudi icması sünnət olunub oruc tutar, İsaya (ə) Tanrının oğlu deyil, peyğəmbər deyən, sonuncu Peyğəmbəri (s.ə.s) gözləyən bir toplum idi. Bu icma İordan çayının sahilində yaşayırdı. Salman Farisi Peyğəmbərimizin (s.ə.s) yanına gəlsə də icmanın digər üzvlərini Romalılar bu yoldan döndərərək özlərinin sapıq dinlərinə bağladılar. Öncə Peyğəmbərin (s.ə.s), sonra isə Əlinin (ə) yanında olan bir səhabəyə iftira atmağın, rafizilərin Əbubəkr, Ömər haqqında söylədiklərindən nə fərqi var?


“Farslar bu ada uyaraq onun adının Mahbeh və ya Ruzbeh olduğunu, İsfahanda doğulduğunu, hicrətin 35–36-cı illərində (656-657) öldüyünü söylərlər. Guya İslamı ilk qəbul edən farsdır. Peyğəmbərin dəlləyi olub. Müasir fars dilində bərbərxananın “salmani” adlanması, guya buradan qaynaqlanır. Bir çoxları bu adamın heç olmadığını, farslar tərəfindən uydurulduğunu qeyd edirlər.” (“Qabusnamə” s.226). Bu fikirlər “Qabusnamə” əsərini şərhedən bir iranlı müəllifə aiddir. İranlının söylədiyi fikirlərlə, türkiyəlilərin söylədiyi fikirləri özünüz müqayisə edin.


Bir çox sünni mənbələri isə İmam Hüseynin (ə) arvadının iranlı olmasını İran coğrafiyasında şiəliyin yayılmasının əsas səbəbi sayırlar. Əslində şiəlik hələ İmam Əlinin (ə) sağlığında da vardı. Əbuzər Qiffari, Salman Farisi kimi səhabələr Əli (ə) tərəfdarları – şiə adlanırdılar. Konkret olaraq burada da ərəblərə X-XI əsrədək düşmən gözüylə baxan fars zehninin şiəlik təriqəti yaratması (Ə. Firdovsini oxuyun və onun ərəblərə nifrətinə diqqət yetirin – müəl.) bir mason nağılıdır. Farslar əsasən sünni idilər. Başda “Kutibi – Sittə” olmaqla sünni məzhəbinin ən böyük hədisçiləri iranlı – farslar olub.

Digər bir tərəfdən isə yadıma İmam Hüseyn (ə) barədə eşitdiyim bir rəvayət düşür: “Hüseyn (ə) öldürüldüyü gün qoca bir ərəb əlindəki əsaya söykənərək Kərbəlaya doğru yeriyirmiş. Çətinliklə yeriyən bu qocanı görən biri soruşur: “Sən bu haldaykən hara gedirsən?” Qoca cavab verir: “Elan ediblər ki, Peyğəmbər (s) övladını öldürüblər. Kim ona bir zərbə vursa, cənnətə gedəcək. Mən ölüm ayağındayam, ora gedirəm, bəlkə bir zərbə də mən vura bildim”. Bu rəvayət Yezid dövrünün Peyğəmbər (ə) övladlarına olan münasibətini sərgiləyir. Bu gün cənnət şəhidlərinin əfəndisinə böhtan atan adam o qocanın durumundadır.


Başqa bir yanlış yanaşma onun arvadının Yezdəgird nəslindən olması ilə bağlı deyilən iftiradır. Bu rəvayət də “Qabusnamə” əsərində verilib. Əslində ilk oxunuşda rəvayətin doğru olmadığı görünür. “Belə eşitmişəm ki, Şəhrəbanu hələ kiçik yaşında ikən Əcəmdən Ərəbistana əsir aparılır. Ömər Əmirəlmöminin (r.a) onu görür və deyir ki, bunu satın. Əli Əmirəlmöminin (ə.s) rastlaşır və Peyğəmbər (s.ə.s) adından bu xəbəri deyir: “Şah övladını satmaq rəva deyildir” (yenə orada s.124).

Bir çox mənbələrdə III Yezdəgirdin qız övladının olmaması barədə məlumatlarla yanaşı, rəvayətdə verilən fəth zamanı peyğəmbər artıq dünyasını dəyişmişdi. Xəlifə isə Ömər (r.a) idi. Digər tərəfdən isə bunu əks etdirən heç bir hədis yoxdur. Sadalanan faktlar rəvayətin yanlış olmasını təsdiq edir. Əslində İmam Hüseynin (ə) arvadı Azərbaycan türküdür. Adı Şəhrəbanudur. Qədimdə türklərdə Banu sonluqlu adlar yayğın idi. Banuçiçək (“Dədə Qorqud”– müəl.), Məhinbanu (Nizami Gəncəvi), Şəhribanu (Babur şahın kiçik bacısının adı), Əncümənt Banu — Əkbər şahın xanımı, əslən Qaraqoyunlu tayfasından, Mehribanu (Babur şahın qohumunun adı) var idi.


İmam Hüseyn (ə) ən çox etibar etdiyi, ailəsini tapşırdığı şəxs Kərbəla şəhidi Müslüm Azərbaycani olub. Qureyşi tayfasının İslama qədər və sonra məvali adlandırdıqları şairlər Azərbaycandan gələn şəxslər idi. Musa Şexavat Qureyş tayfasının mollasıydı (Yaqut Həməvi). Abul Yezqana istinadən “Poeziya və şairlər” (“Aş Şir va Ş-Şuara”) əsərinin müəllifi İbn Kuteyba ad-Dinavəri yazırdı:

“Mədinədə Azərbaycandan olmayan şair yoxdur. İsmayıl ibn Yasar, onun qardaşı Musa Şexavat və Abul Abbas”. “Məhəmmədin (s.ə.s) sağlığında və ilk xəlifələr dövründə Azərbaycandan olan məvalilərə hörmətlə yanaşılırdı, yalnız əməvilərin xəlifəliyi dövründə onları kütləvi şəkildə təhqir etməyə başladılar” (А.Сумбатзаде «Азербайджанцы– этногенез и формирование народа». Баку 1990 стр.107).


Ərəblər iddia edirdilər ki, məvalilər (yəni Azərbaycan türkləri– müəl.) şuubizm cərəyanını yaradaraq ərəbləri aşağılayırlar.

Qureyşilərin mollası olan Musa Şexavat şuubistlərdən olmaqla yanaşı, həm də şiələrin tərəfdarı idi.


“Məşhəd əlyazması”nda Peyğəmbərin dilindən türklərin geneloji olaraq seçilmiş qureyşilər olması Abdu Manafın xələfləri və Haşimin nəslindən olmaları və məvali adlandırılmaları aşkarcasına şərh edilib. “Abna” və “məvali” deyimindən başqa əsl ərəblərə “ərəbül-aribə”, İsmayıl (ə) peyğəmbərin nəslinə isə “ərəbə-müstərəbə” deyilirdi.


Al Fateh bin Xaqanın adından VII-IX əsr-lərin bilicisi sayılan Əbu Usman Əmr bin Baxr əl-Cahiz yazır: “Ərəblər adnanilər və qəhtanilər olmaqla iki yerə bölünürlər. Bizim (türklərin–müəl.) xəlifələrə – peyğəmbərin xələflərinə qohumluğumuz qəhtanilərin qohumluğundan daha yaxındır. Bizim (türklərin –müəl.) onlarla daha çox qan qohumluğumuz vardır. Çünki xəlifə Qəhtani və Abiri deyil, İsmayıl bin İbrahimin oğludur” (Абу Усман Амр б. Бахр ал-Джахиз «Послание ал-Фатху б. Хакану о достоинствах тюрков и остального ха-лифского войска»).


Peyğəmbərin (s.ə.s) və övladlarının türk əsilli olması bölgədə hakim mövqelərdə olmuş Azərbaycan türkləri tərəfindən bilinirdi və ona görə də onlar Əhli-Beytə edilən xəyanətlərə hər zaman qarşı durmuşlar. (Bu barədə növbəti kitabımda geniş məlumatlar olduğuna görə bununla kifayətlənirəm-müəl.)

…Kuleyninin “Üsuli-Kafi” adlı Hədislər kitabında isə Şəhribanu Cahanşah adlandırılır. O dövrə ən yaxın olması ilə mötəbər sayılacaq mənbə “Əl Kamili fit-tarix” əsərində yazılanlar hesab olunmalıdır: “Mənsurun Məhəmməd ibn Abdullaha yazdığı məktubda deyilir: “Həzrəti Peyğəmbərin (s.ə.s) vəfatından sonra sizin aranızda İmam Səccaddan (ə) üstün şəxs olmayıb. O, bir kəniz övladı idi” (II c.s. 570). Əsərdə buna etiraz edən mənbə yoxdur. Reydə Şəhribanu bibi ziyarətgahını onun adıyla bağlamaq istəyirlər. Bunun da yanlış olması aşkardır.


Yəni İslamın türklərin iştirakı olmadan yaranması bir ərəb uydurmasıdır. Peyğəmbərin türklərdən olması, ərəblərin məvali dediyi (dönmə – müəl.) Qüreyşlərdən olması faktı araşdırılıb. Ərəblərin keçmişdəki və bu günkü xəyanətlərinin kökündə ibtidai ərəb millətçiliyi dayanır. Kufədə yolunu kəsənlərə İmam Hüseynin (ə) belə söyləməsi rəvayətlərdə var: “Deyirəm Məkkədə yaşayım, qoymursunuz. Mədinədə yaşayım, qoymursunuz. Elə isə izn verin cəddim söylədiyi kimi varıb Türküstana gedim..!” Bu gün Azərbaycanın böyük şəhərlərində İmam övladlarının məzarları var. Quzey Azərbaycanda Bakı, Gəncə, Bərdə və s. şəhərlərdə ziyarətgahlara çevrilən bu məzarlar rəvayəti təsdiqləyir.


Onun nuruyla zülmətlərdən çıxmış ümməti Peyğəmbər (s.ə.s) övladlarına bir damla suyu belə çox gördülər. Bu səhnə qarşısında əzilə-nin, haqqı əlindən alınanın yardımına yalnız türk yetə bilərdi və yetdi də…

İslamiyyətin parçalanmasında Müaviyyənin və onun cəddinin rolu hər iki məzhəbdə eyni dərcədə qəbul olunur. Hərçənd bəzi sünni qardaşlarımız “həzrəti Müaviyyə”, “həzrəti Yezid” deyə müraciətlər etsə də tarixi həqiqətlər bu şəxslərin İslama vurduğu yaraları hələ də sağalda bilməyib. Bu gün mömin xəlifələrin şəhid edilməsində Müaviyyənin əli olduğu aydındır. Onun ərəblərə xas tayfa düşmənçili-yini İslama daşıması da öz təsdiqini tapıb. Bu gün məzhəbarası qarşıdurmanın mahiyyəti bundan ibarətdir.


Müaviyyənin vəziri Mənsur bin Səlcun adlı xristian olub. Bu şəxs Müaviyyəyə yaxınlığı ilə tanınıb. O, İslama qarşı səlibçilərin bacarmadığı bir işi bacarıb. Onun atası keşiş Yohanna Dəməşqidir. Sünni – şiə qarşıdurmasını dərinləşdirmək üçün Kərbəla hadisəsini onun planladığı barədə məlumatlar var. Xəlifə olduqdan sonra özünü Əhli-Beytdən elan etməsi barədə məlumatlar günümüzəcən gəlib çatıb.

Uzun illər Xilafətdə Müaviyyə Əbu Süfyanın ruhuna dua oxumuşlar. “Xəlifə Mütəzid 897-ci ildə göstəriş verdi ki, məscidlərdə xütbə oxunurkən Müaviyyə Əbu Süfyanın ruhuna dua oxumağı tərk etsinlər. Hətta deyilənə görə, o, Müaviyyəyə lənət oxunması göstərişini yazılı surətdə bütün əyalətlərə göndərmək fikrində idi. Onu bu fikirdən vəziri daşındırdı. Bu addımın əhalinin narazılığına səbəb olacağını və Əli (ə) övladlarının güclənəcəyini, hakimiyyətə iddialarının artacağını söyləyərək onu niyyətindən döndərdi. (“İslam tarixi” III c. s. 272). Məlum olur ki, XIII əsrədək sünni qardaşlarımız Müaviyyəyə salavat çeviriblər və buna Azərbaycan hökmdarı, Hülakü xanın oğlu Xudabəndə xan son qoyub.


Şiə inancına görə 874-cü ilin yanvarında – Hicri 260-cı il Rəbiül-əvvəl ayının 8-də artıq Həzrəti Mehdi (ə) qeybə çəkilmişdi. Amma Abbasi xəlifələri hələ də qorxu içində idi. Bu fakt bir daha sübut edir ki, Abbasilər hakimiyyət xatirinə Müaviyyəyə də dua etmişlər. Onlar vəziyyətdən asılı olaraq gah şiəliyə, gah da sünniliyə üstünlük verirdilər. Məzhəbləri qızışdıraraq hakimiyyətlərini möhkəmləndir-məyə çalışırdılar…


Söylənənlərə görə, Əbu Müslüm Xorasani əsirlikdən Abbasilərin vasitəçiliyi ilə azad edilib. O, Xorasanda Mərv şəhərinə ayaq basar-basmaz silahlı hərəkatın açıq mərhələsinə başlayıb. Qısa hazırlıqdan sonra Hicri 129-cu il Ramazan ayının 25-də (miladi 747, iyun) 60-dan çox kəndin əhalisi Mərv vadisinə toplaşıb iri tonqallar qalayıblar. ( Bəzi tədqiqatçılar Əbu Müslüm Xorasaninin türk olmaması ilə bağlı versiyalar irəli sürməkdədirlər. Bu tam yanlışdır. ”Qabusnamə” əsərində Sultan Mahmudun xəlifəylə bir məktublaşması qələmə alınıb: ”Xəlifəyə de ki, o, nə danışır? Məgər mən Əbu Müslümdən əskiyəm?” (“Qabusnamə” s. 176. 2005 ci il nəşri ).


Türklərin üzərində hakimiyyət istəyən Sultan Mahmud özünü türk Əbu Müslümlə müqayisə etməsi anlaşılır. Abbasilərin Türk qvardiyası həmişə olub. Bunun əsasını da mənşəcə türk olan Əbu Müslüm qoyub. O, əslən Azərbaycan türküdür. Atalığı Xorasana əmir təyin olunmasıyla bağlı Xorasanda yaşayıb.


Tarixi mənbələrdə adları qalan türk-islam sərkərdələrindən Xəlifə Əl-Mənsurun hərbi komandanı olan Hammada ət-Türki, Xəlifə Əl-Mehdinin ordu komandanı (775-785-ci il) Mübarək ət-Türki və s. hamıya məlumdur.


Ümumiyyətlə, Əbu Müslüm Xorasan və Azərbaycan ərazilərində İslamın yayılmasının memarıdır. Azərbaycan və Dağıstan mənbələri bu faktları təsdiqləyir. IX-X əsr ərəb tarixçisi Əbu Muhəmməd Əhməd İbn Asam əl-Kufi də öz əsərlərində bu hadisələrdən söz açıb. (Z. Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”).


Xəlifə əl-Mütəsimin türk korpusunun (817-818-ci illər) tam sərbəst şəkildə hərbi səfərlər etməsi faktı da ərəb tarixçilərinin əsərlərində əks olunub.)

“Qiyamçılar sünni və şiələrdən, hətta müsəlman olmayanlardan təşkil edilmişdi. Onlar qara bayraqlar altında hərəkətə keçdilər.


Bir zamanlar Peyğəmbər (s.ə.s) də qara bayraq altında döyüşə yollanmışdı. Abbasilər də bu rəngi sonralar özlərinə rəmz seçdilər. Özlərini Məhəmməd (s.ə.s) övladlarının qisas üçün bu rəngi seçdiklərini bəyan etdilər. Bununla da siyasi cəhətdən Əbu-Müslümün Əməvilərin qeyri-ərəb olması iddiasını alt-üst edərək ərəb təəssübü faktorundan da yararlandılar. Xorasanda ərəbləri iki yerə bölən Əbu-Müslüm bir hissənin dəstəyini qazandı. İkinci hissə isə Nəsr ibn Səyyarın tərəfinə keçdi.


Əbu Sələmənin Abbasi hökumətinə tərəfdar olması barədə fikirlər mövcuddur. Amma 40 gün Abbasiləri və Xorasan ordusunu bir-birindən gizli saxlamağı bacararaq ilk müraciəti İmam Əli (ə) övladlarına etməsi onun Əli (ə) tərəfdarlarından olması faktını ortaya qoyur. Əbu Sələmə İmam Əli (ə) nəslindən və Bəni-Haşimin ən nüfuzlu şəxslərindən üç nəfərə məktub yazır. Həmin üç nəfərdən biri İmam Cəfəri Sadiq (ə), ikincisi Məhz ibn Həsən ibn Həsən (ə), üçüncüsü isə İmam Zeynəlabidinin oğlu Ömər (ə) idi.


Əbu Sələmə məktubları qasidə verəndə tapşırdı ki, öncə İmam Sadiqin (ə) hüzuruna getsin. Əgər imam razılığını versə, digər iki məktubu cırıb atsın. Razı olmasa, Abdullahın yanına getsin. Abdullah razılıq versə, digər məktubu cırıb atsın. Əgər Abdullahdan da cavab almasan, onda Ömərə müraciət et.

Qasid öncə İmam Cəfəri Sadiqin (ə) yanına getdi. İmam (ə) məktubu oxumadan cırıb atdı. Qasid cavab tələb edəndə isə o, “Mənim cava-bımı gördün” – dedi. Qasid ikinci məktubu Abdullah Məhzə təqdim etdi. Abdullah (ə) məktubu oxuyub İmam Cəfəri Sadiqin (ə) yanına getdi: “Bu məktubu mənə Əbu Sələmə göndərib, məni xəlifə olmağa çağırır. Məktubu mənə xorasanlı tərəfdarlarımız gətirib”.


İmam (ə) onun bu sözlərini eşidincə buyurdu: “Xorasanlılar nə vaxtdan sənin tərəfdarların olublar? Məgər Əbu Müslümi Xorasana sən göndərmisən? Xorasanlılar arasında bir kimsəni tanıyır, bir nəfərin adını bilirsənmi? Tanımadığın adamlar necə sənin tərəfdarın ola bilərlər? Abdullah da İmamın sözlərindən sonra məktuba yox cavabını verdi. Qasid Ömər ibn Əlidən (ə) də yox cavabını alınca geri döndü” (“İslam tarixi” III c. Bakı. 2005 s. 16-18).

Bu tarixi olay bir daha sübut edir ki, İmam-ların məqsədi hakimiyyət deyil, dinin qorun-ması olmuşdur. Nə radikal şiələrin, nə də sünni qardaşlarımızın söylədikləri kimi Əli (ə) tərəfdarları sırf hakimiyyət uğrunda mübarizə aparmayıblar. Yoxsa ilkin olaraq bu şansı dəyərləndirə və hakimiyyəti ələ keçirə bilərdilər. Bu fakta geniş yer verməm sanki “bələdiyyə seçkilərindən” danışırmışlar kimi İmamların hakimiyyət uğrunda mübarizə aparmalarını dönə-dönə qeyd etmələridir.


“Əbül Abbasın nitqindən sonra minbərə qalxan əmisi Davud ibn Əli ondan bir pillə aşağıda dayanaraq dedi: “Qiyamımız ona görə idi ki, haqqımızı əlimizdən almışdılar. Biz öz əmioğlanlarımıza olunan zülmlərdən qəzəblənmişdik. Sizin düşdüyünüz vəziyyəti görəndə yata bilmirdik… Bilin ki, Peyğəmbərdən (s.ə.s) sonra bu minbərə Əmir-ül-möminin Əli ibn Əbutalibdən (ə) və Əmir-ül-möminin Abdullah ibn Məhəmməddən (əli ilə Əbül Abbasa işarə edir) savayı xəlifə qalxmayıb. Bilin ki, xilafət artıq bizim əlimizdədir və onu Məryəm oğlu İsaya (ə) təslim etməyincə əldən buraxmayacağıq” (“İslam tarixi” Bakı. 2005 s.22).

“Papadan artıq katolik olmağın” mümkünsüzlüyü kimi sünni qardaşlarımızın da Abbasilərdən çox sünni (əhli sünnə) olması mümkünsüzdür. Əslində burada həm sünnilər, həm də şiələr üçün birləşdirici məqamlar var. Əbül Abbas Mərvanın (əməvi) kəsilmiş başını görəndə səcdə edərək Allaha həmd etmişdi: “Allaha şükür olsun ki, səndən və sənin nəslindən intiqamımı aldım. Hüseyn ibn Əlinin (ə) qanının əvəzinə 200 nəfər əməvini qətlə yetirdim. Zeyd ibn Əlinin (ə) intiqamını alaraq, Hişam Əməvinin sümüklərini qəbirdən çıxarıb yandırdım. Qardaşım İbrahimin qanının əvəzinə isə Mərvanı öldürdüm. Daha ölümdən qorxum yoxdur” (yenə orada səh. 23).


Bu hadisələr hər iki məzhəbdən olan insan-ların iştirakıyla baş verib.


Hakimiyyətə keçən kimi Abbasilər öncə Əbu Sələməni xəyanətlə qətlə yetirdilər. Əbu Müslüm sınaqlardan sədaqətli çıxdığına, həm də ondan qorxduqlarına görə ona xeyli sonra öz xəyanətlərini büruzə verdilər. Əbu Müslümün öldürülməsi, Əhli-Beytə münasibət türklər arasında yeni narazılıqların başlanmasına səbəb oldu (755-ci il). Xorasanlı türklər Əbu Müslümün ölümündən iki ay sonra qiyam etdilər. Bir çox tarixi mənbələr bunu sonralar Hürrəmiyə adını almış üsyanın başlanğıcı sayırlar. Hürrəmilərin üsyanının uzun fasilələrlə Xəlifə Mehdi (778-779-cu illər) və Xəlifə Harun ər Rəşid dönəmlərində də davam etməsi “İslam tarixi” ilə bağlı mənbələrdə yer alıb.


Xilafətə qarşı üsyanlar heç də din xadimlərinin təqdim etdiyi kimi İslama qarşı deyildi. Çünki İslam artıq oturuşmuş ideologiya idi.
Sadəcə xəlifələrin və onların əyanlarının özbaşınalığı, mal-dövlət hərisliyi, əsarət, ağır vergilər xalqın etirazına və qiyamlara səbəb olurdu. Məhəmməd ibn Cəfər Dibac və Əbu Sərayinin qalxızdığı qiyamlar şiə təmayüllü idi. Xalqa “Əhli-Beytin hüquqlarının bərpası” adıyla sırınan yalanlar aşkarlandıqca etirazlar çoxalırdı. Xəlifə sarayında da siyasi böhran yaşanırdı. Bağdadda xəlifəni uzaqlaşdırıb əmisi İbrahim ibn Mehdini gətirməyi planlayırdılar.


Sərkərdə Hərsəmə ibn Əyən də bu oyunların qurbanı oldu. Yəqubinin yazdığına görə, Hərsəmənin oğlu Hatəm Ərməniyyə bölgəsinə vali təyin edilmişdi. Atasının başına gələnlərdən xəbər tutunca xilafətə qarşı çıxmağa hazırlaşır, yerli hakimlərlə və Babəklə əlaqələr yaradır. Hatəm öldürülsə də bu hadisə, Babək üsyanının genişlənməsinə mane olmur (“İslam tarixi” II c. s.133).
Xalqın xəlifələrə qarşı nifrəti günbəgün artmaqdaydı…


Məhz bu hadisələrdən sonra Xəlifə Məmun hicri 201-ci ildə İmam Rzanı (ə) özünə vəliəhd təyin edir. Xəlifəni qorxuya salan üsyan dalğası genişlənirdi. Pərakəndə üsyançıları uzun illər sonra Babək (Həsən – müəl.) Xilafətə qarşı mübarizədə bir araya gətirə bildi. Azərbaycanın bu xalq qəhrəmanına qarşı xilafətin din xadimləri hər cür böhtanlar yağdırmışlar. Əməvilərin İmam Hüseyni (ə) kafir, dinsiz elan etdikləri sayaq, Abbasilər də Babəki kafir, atəşpərəst, zinakar, quldur və s. adlandırırdılar. Əslində isə Babək Əhli-Beytə edilən zülümlərə, xalqın əsarətinə və babası Əbu Müslümə xəyanət edənlərə qarşı bütün dövrlərin ən böyük və uzunmüddətli üsyanına rəhbərlik etmiş qəhrəman bir dövlət xadimi idi.


Ardı var

Bu xəbəri paylaşın: