QAFQAZ ALBANLARININ VARİSLƏRİ: BAKILILAR

II hissə – üç əfsanənin izi ilə

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Albanlarla alanların mənşəcə yaxın olduqlarını göstərən iki əfsanəyə nəzər salaq…

“Nar qızı” adlı Azərbaycan xalq nağılında deyilir: “Padişahın oğlu bir gecə yuxuda Nar qızını görüb ona aşiq oldu. Sübh açılanda vəziri çağırıb ona dedi ki, gərək gedib Nar qızını mənə alasan. Vəzir yola düzəldi, gəlib bir evə çıxdı. İçəridə alt dodağı yer, üst dodağı göy süpürən bir qarı oturmuşdu. Qarının adamyeyən oğlanları evə yaxınlaşanda vəzir çuvalduz iynəsinə çevrilib bir deşiyə girdi. Oğlanlar evə girib analarına: – Ana! Adam-badam iyisi gəlir, yağlı badam iyisi gəlir, de görək buraya kim gəlmiş? – deyib bağırdılar. Vəzirə yazığı gələn qarı cavab verdi: – Buraya kimsə gəlməyib, yəqin, özünüz bağda, dağda adam tapıb yemisiniz, iyi də özünüzdən gəlir”.

Oxşar epizod qaraçaylıların, balkarların və osetinlərin müştərək xalq yaradıcılığı nümunəsi olan “Nartlar haqqında dastan”da da vardır: “Uaiqin (adamyeyən təpəgözün) arvadı gənc nartları arxa otaqda gizlətdi. Elə bu zaman uaiq evinə gələrək havanı qoxuladı və dedi: – Alan-billon iyisi gəlir. Qadın cavab verdi: – Ay kişi, kəndimizə iki cavan oğlan gəlmişdi, biri tütək çalırdı, digəri barmaqlarının ucunda oynayırdı. Camaatın da heyrətdən matı-qutu qurumuşdu, hələ belə qəribə oyun görməmişdik. Yəqin onların qoxusu qalıb”.

Gördüyümüz kimi, “Nartlar haqqında dastan”dakı “alan-billon iyisi gəlir” ifadəsi “Nar qızı” nağılındakı “adam-badam iyisi gəlir” ifadəsinə bənzəyir. Bu folklor nümunələri arasında bir oxşarlıq da vardır – onların hər ikisinin adı “nar”la başlayır: “Nar qızının nağılı” və “Nartlar haqqında dastan”. Şimali Qafqaz alanlarının əfsanəvi adı nart olmuşdur.

Maraqlıdır ki, qədim Romanın qurucusu Romulun mənsub olduğu etnik qrupun da adı alban idi. Qədim romalıların inanc sistemində əsas yerlərdən birini müharibə tanrısı Mars (ismin yiyəlik halında Martis) tuturdu. Onun şərəfinə ilin birinci ayını mart adlandırmışdılar.

Azərbaycan xalq nağılında padişahın oğlu Nar qızına vurulduğu kimi, qədim romalıların müharibə tanrısı Mars da Nerio adlı tanrıçaya aşiq olur. Şahzadə vasitəçilik üçün atasının vəzirinə, Mars isə qoca tanrıça Anna Perennaya müraciət edir. Vəzir padişah oğlunun tapşırığını yerinə yetirsə də, Anna Perenna Marsı aldatmağa çalışır. Amma sonda padişahın oğlu Nar qızı ilə, Mars isə tanrıça Nerio ilə evlənir. Onu da qeyd edək ki, qədim Roma mifologiyasına görə, Marsın atası baş tanrı Yupiterdir. Beləliklə, hər iki rəvayətin əsas qəhrəmanları – “Nar qızı” nağılındakı şahzadə ilə qədim romalıların müharibə tanrısı Mars padişah oğlanlarıdır. Maraqlıdır ki, onların sevdikləri qadınların – Nar qızı ilə tanrıça Nerionun da adları bir-birinə bənzəyir. Bu paralellərin hamısı təsadüfdürmü?

Haşiyə. Bəzi tədqiqatçılar güman edirlər ki, Abşeronun ən qədim yaşayış məntəqələrindən biri olan Nardaranın adı fars dilindəki “nər” (ikihürgüclü erkək dəvə) və “daran” (yer, məkan) sözlərindən düzəlmişdir. Digər ehtimala əsasən, bu kəndin adı “nur olan yer” mənasını ifadə edir. Başqa bir fikrə görə, Nardaranın əski adı Nurdelan (nur–del–an: qəlblər nuru) olmuşdur. Son iki mülahizə onunla izah edilir ki, IX əsrdə Azərbaycana pənah gətirmiş Peyğəmbər övladı Rəhimə xanımın məzarı (Nardaran piri) Nardaran kəndində olduğu üçün sakinlər buranı “nurlu yer” və ya “qəlblər nuru” adlandırmışlar. Yeri gəlmişkən, Siyəzən və Qobustan  rayonlarında da Nardaran adlı kəndlər vardır. Lakin onların da adının müqəddəs ziyarətgahlardan biri ilə bağlı olduğunu göstərən məlumatımız yoxdur. Qeyd olunanları nəzərə alaraq, belə bir fərziyyə də irəli sürə bilərik: Nardaran toponimi qədim alan–aluan–alban–türk dilindəki “nard” (alanların əfsanəvi adı olan nart) və “aran” (düz, hamar çöl) sözlərindən yaranmışdır.

Nardaran ziyalısı, filoloq Kəmalə Cəfərova yazır: “Bakının Xırdalan kəndini nardaranlılar salmışlar. Nardaran kəndində yaşayan tayfalardan biri polek (polak və ya polyak?) adlanır. Nardaranın başqa sakinləri kimi poleklər də Azərbaycan türkləridir. Polşanın Gmina Jezove və Gmina Vizna dairələrində isə Novıy Nart, Starıy Nart və Nart adlı kəndlər vardır. Xorvatiya və Macarıstanda da Nard və Narda adlı kəndlər mövcuddur. Dağıstanda isə Nard yer adıdır”.

Alban və alan rəvayətləri arasında yaxınlıq yalnız bir epizodla bitmir. Azərbaycan folklorunda Cırtdanın işıq gələn tərəfə getməsi, “Kitabi-Dədə Qorqud”da Basatın Təpəgözü öldürməsi və s. əhvalatların əksəriyyətinə “Nartlar haqqında dastan”ın süjet xəttində də rast gəlirik. Adlar fərqli, obrazlar və məzmun isə, demək olar ki, eynidir.

Ardı var…

P.S. Qaraçay–balkar türkləri bu gün də özlərinə alan deyirlər. Xarəzm alimi Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973–1048) yazır: “Alanların və asların dili xarəzmlilərin və peçeneqlərin (oğuz türklərinin əsas tayfalarından birinin) dilinə bənzəyir”.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: