Heydər Əliyev Təbrizdə Alman Kəşfiyyatının qarşısını necə aldı…

Cənubi Azərbaycanda, əlbəttə, Moskvanın razılığı ilə Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı. M.C.Bağırovun təklifilə Tehranda çıxan «Acır» qəzetinin redaktoru Mir Cəfər Pişəvəri ADP-nin başında durdu. 1944-cü il yanvarın 27-də Heydər Əliyev Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin xalq komissarı müavininin adına ərizə yazır. Bu sənədin tam mətninə diqqət yetirək: “Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı sistemində əməliyyat işində işləməyə böyük həvəsim var. Ona görə, məni Azərbaycan SSR DTXK-nın məktəblərindən birinə qəbul etməyinizi xahiş edirəm”.
Ancaq belə sistemdə işləmək üçün təkcə arzunun, hətta böyük istəyin olması azdır. Dörd ay yoxlamalar aparılır, bütün detallardan “abituriyent”in xəbəri belə olmur. Heydər Əliyev 1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlayır. O vaxt onun 21 yaşı təzəcə tamam olmuşdu. İlk olaraq Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının Əks Kəşfiyyat idarəsinin sərhəd xidmətində olan Heydər Əliyevin gənc yaşlarından üzərinə ağır bir məsuliyyət qoyulur. Naxçıvan XDTK-da İran istiqamətinə kuratorluq edən Heydər Əliyev bu və digər şəkildə Cənubi Azərbaycanda sovet xüsusi əməliyyatlarının əks-kəşfiyyat mühafizəsində iştirak edirdi. SSRİ-dən Cənubi Azərbaycanda aparılacaq kəşfiyyat və təbliğat işi üçün hazırlanan 80 nəfər adı gizli saxlanan çekistin içərində onun da adı yazılır. Bütün bu dəstəyə — «Cənubi Azərbaycanda sovet missiyası»na Azərbaycan KP MK katibi Əziz Məmmədkərim oğlu Əliyev başçılıq edirdi.
H. Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. H. Əliyev lap gənc yaşlarından cənubi azərbaycanlıların hüquqları, istiqlalı uğrunda mübarizə aparmış bir şəxs idi. O, Təbrizdə işləyərkən cənublu gənclərin Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı. Amerika Birləşmiş Ştatlarında İrandan gələn kəşfiyyat sənədində yazılır:“Azərbaycandan gələn və SSRİ-nin əmrini icra edən çekistlərin özlərinin şəxsi maraqları var. Bu maraqlara aiddir:
İrandan tarixi Azərbaycan torpaqlarını geri almaq;
Cənubi Azərbaycanın Şimali Azərbaycan Respublikasına qoşmaq və s.
Tehran, Məşhəd və Təbrizdə dövlət təhlükəsizlik orqanlarının əsas rezidenti erməni Aqayans idi. Üzdə SSRİ planlarının icrasını həyata keçirməkdə maraqlı görünən Aqayans bilirdi ki, iki Azərbaycan birləşsə, Ermənistanın özü təhlükə altında qalacaq. Bunun üçün İrandakı daşnaklardan və ermənilərdən istifadə edirdi. Məhz İranda ermənilərin SSRİ qoşunlarına kömək etməməsi və Aqayansın onlara bir söz deməməsi ilə bağlı polkovnik Boyev (Siyasi idarənin rəis müavini) Moskvaya göndərdiyi gizli sənəddə yazır: “Daşnakların dini rəhbəri arxiyepiskop Məlik Tanyan şəxsi bağında daşnakları toplayıb deyir ki, onlar qırımızı orduya aktiv kömək etməsinlər. Sovet qoşunları İranda müvəqqətidir, onlar gedəndən sonra İran hökuməti erməniləri təqib edəcək”
Heydər Əliyev və digər azərbaycanlı çekistlər Aqayansın bu addımından xəbərdar idilər. Onlar sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdilər. Həmin şəxslərin fəaliyyətinin əsasını onların milli kimlik şüurunu oyatmaq, fikirlərinə müəyyən mənada təkan vermək təşkil edirdi. O zaman bir çox ziyalılar həmin prosesdə aktiv iştirak etdilər və “bölünmüş Vətən” anlayışını ictimai müzakirəyə gətirə bildilər. Məhz buna görə də Heydər Əliyevin əsas işi ziyalılar arasında Cənubi Azərbaycanın müstəqilliyinin əhəmiyyətini təbliğ etmək, ana dildə dərsliklər nəşr etmək, azərbaycan dilində qəzetlər çap etmək, şeirlər və əsərlərin yazılmasına yerli ziyalıları təhrik etmək idi.
Bu məqsədlə 1944-cü ildə «Təbriz» mətbəəsinin yaradılması və fəaliyyəti üçün ərəb və kiril əlifbası ilə işləyən mətbəə maşını, 30 ton kağız, kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s. göndərildi.
Eyni zamanda, Təbrizdə alman kəşfiyyatının siyasi və ictimai dairələrdə təbliğatının qarşısını almaq Heydər Əliyevin səlahiyyətlərinə daxil di. Partiyalarda “almanlar” fraksiyasının ləğvi işi isə birbaşa Heydər Əliyevə həvalə olunur. Əliyev əməliyyata başlayarkən siyasi partiya rəhbərliyində “almanlar” fraksiyası çox güclü idi. Lakin buna baxmayaraq, Heydər Əliyev faşizmə meylli şəxsləri milli azadlıq cəbhəsindən uzaqlaşdıra bilir. O, milli düşüncəli insanların Azərbaycan Demokratik Partiyası ətrafında toplanmasına nail olur.

İran məclisi və hökuməti Cənubi Azərbaycan əyalət və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan edəndən sonra, hökumət çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi. Azərbaycan tacirlərinin 15 milyon tümənə yaxın pulunu Tehran banklarına köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaradırdı. Bunu görən Heydər Əliyev sahibkarla görüşür, burdan getməmələri üçün onlarla söhbət edirdi.

1946-cı il martın 18-də «İran məsələsi» ikinci dəfə Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıldı və martın 26-da bu məsələyə baxıldı. Ancaq sovet qoşunlarının martın 24-də yenidən təxliyəsi getdiyi üçün müzakirə İran hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər. Həmin tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü maddəsində deyilirdi: «Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur) məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır». 1946-cı il aprelin axırından həyata keçirilən sovet qoşunlarının təxliyəsi İranın başqa əraziləri kimi, Cənubi Azərbaycanda da mayın 26-da başa çatdırıldı.
Yazıçı Anar “Tarixi şans — 21 Azər” adlı məqaləsində yazır: “Təbrizə iki min nəfərlik qoşunla qayıdan şah qarşısına çıxanı qətlə yetirirdi, evləri bir-bir yandırırdı. Şah qoşunları Miyanəyə daxil olanda 53 adamı edam etdilər, Urmiyada (Rezayedə) 30, Mərənddə isə 90 adam edam olundu. Təbrizdə qan su yerinə axırdı, Azərbaycan silahlı qüvvələrində xidmət etmiş fars zabitlərini də edam edirdilər. Bir həftə ərzində 3000 nəfər öldürüldü, 11000 adam məhkum olundu, onların 8000-i İranın cənubuna sürgün edirdi. Təbii ki, baş tutmayan seçkiləri Tehran qoşunları belə “müşahidə” etdilər.

Çoxları edamdan əvvəl “Yaşasın Azərbaycan Demokratik Partiyası!” deyə qışqırır, himni və Səttərxana həsr olunmuş vətənpərvər şeirlər oxuyurdular. Onları tikə-tikə doğrayırdılar və qalıqlarını da şəhərin küçələri ilə gəzdirirdilər. Təbrizdə milli ordunun cavan leytenantı öz həyətində mühasirədə qalanda, ələ keçməsin deyə arvadını, azyaşlı uşağını öldürəndən sonra bir neçə düşməni də güllələdi, sonuncu gülləni isə öz başına çaxdı. Milli ordunun beş döyüşçüsü Təbrizdə Ərk qalasının zirvəsinə qalxaraq, üç gün düşmən qoşunlarını atəşə tutaraq duruş gətirdilər, patronları tükənəndən sonra isə “Yaşasın Azad Azərbaycan!” deyə özlərini qalanın zirvəsindən atdılar”.

Bu hadisədən sarsılan Heydər Əliyev Naxçıvana geri qayıdır. Tezliklər onu Bakıya təyinatla göndərirlər. Lakin buna baxmayaraq, Heydər Əliyev Cənubi Azərbaycan məsələsini unutmur. SSRİ dövründə hakimiyyəti illərində H. Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi:
Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir,
Cənub mövzusunun unutdurulmamasına çalışır,
Elmi araşdırmaların aparılmasını təşviq edir,
Alim, yazıçı və şairləri Cənub mövzusundan yazmağa çağırır,
Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edir.
H. Əliyev cənub və şimalı vəhdətdə görərək hər iki taylı azərbaycanlıları ümumi məsələlərdə bir olmağa çağırır, Cənubi Azərbaycan üzərində şimalın təsirinin güclənməsinə çalışırdı.
Bu ifadələr əslində elə Bütöv Azərbaycan, birlik ideyasının geniş təbliği demək idi.
1981-ci ilin noyabrında Abdulla Şaiqin 100 illik yubiley mərasiminin rəsmi hissəsindən sonra az adamın iştirak etdiyi ziyafətdə Heydər Əliyev «İndi bizim üçün ən əsas məsələ Cənubi Azərbaycan məsələsi olmalıdır” – demişdi. Məlumdur ki, o vaxt sovet qoşunları Əfqanıstana girmişdi, Heydər Əliyev düşünürmüş ki, indiki şərait Cənubi Azərbaycana müdaxilə üçün də uyğundur və ona görə buna hər an hazır olmaq üçün güclü ictimai təşkilat lazımdır. Lakin SSRİ dövründə ermənilərin apardığı əks işlər ona bu arzunu həyata keçirməyə mane olurdu.

Müəllif: Siyasi elmlər üzrə fəlsəfə doktoru Z.Əliyev

Bu xəbəri paylaşın: