Şah İsmayılın ata yurdundakı Savalan dağının adı hansı mənanı ifadə edir?

Azərbaycanda Savalan adlı iki dağın olduğunu bilirdinizmi?

1) İran İslam Respublikasının Ərdəbil ostanındakı Savalan dağı;

2) Azərbaycan Respublikasının Qəbələ rayonundakı Savalan dağ silsiləsi və Savalan kəndi.

Bir iddiaya görə, Savalan dağının adı türk dilindəki “saval” (soyuq, sərt hava şəraiti) və fars dilindəki “an” cəm şəkilçisindən ibarətdir. 

Digər ehtimala əsasən, türk dilindəki “sala” (barmaq) və “bu” (çıxıntı) sözlərindən yaranmışdır. 

Belə bir fikir də irəli sürülmüşdür ki, Savalan dağının adı türk dilindəki “saal” (dağ yalı) sözü ilə əlaqəlidir. 

Başqa bir fərziyyə isə budur ki, Savalan oronimi avar dilindəki “şabal” (dağ, zirvə, təpə) sözündən törəmişdir.

Həmçinin deyilir ki, bu ad sanskrit dilindəki «şəblimən» (damar) sözündən əmələ gəlmişdir. Guya dağın müəyyən hissələrində bulaqlardan axan suyun açdığı cığırları insan damarlarına bənzədərək onu Şəblimən — Savalan (?!) adlandırmışlar.

Amma göründüyü kimi, bu izahların hamısı kifayət qədər ziddiyyətlidir. 

Zənnimizcə, Savalan adının birinci hissəsi qədim türk dilindəki “sav” (söz, xəbər, vəhy, el, ulus, aləm, yer) sözü, ikinci komponenti isə alan-aluan-alban etnonimidir. 

Yeri gəlmişkən, Savalan dağı Muğan düzünün cənubunda yerləşir. Muğan düzünün şimal hissəsinin qədim adı isə Alan olmuşdur.

Beləliklə, vahid Azərbaycanın qurucusu Şah İsmayıl Səfəvinin ata yurdundakı əzəmətli dağın adının əsl mənası «alban diyarı»dır.

Sonuncu fərziyyədən doğan ikinci izah isə belədir: Sözün, vəhyin (savın) nazil olduğu alban (alan) diyarı. 

Xatırladaq ki, ehtimallardan birinə görə, qədim zərdüştilik dini Azərbaycanın Muğan bölgəsində yaranmışdır. Savalan dağı isə həmin bölgənin ən sakral yerlərindən biridir.

Görünür, müqəddəs Səfəvi ocağının məhz belə bir mübarək məkanda yerləşməsi heç də təsadüfi deyildir.

Araz Şəhrili

Bu xəbəri paylaşın: