Əmir Teymurun övladlarına  vəsiyyəti…

Fedai.az  tarixin ən cəsarətli və maraqlı imperatorlarından olan Əmir Teymurun övladlarına  söylədikləri vəsiyyəti təqdim edir.

«Ey oğullarım, millətin rifahını, xoşbəxtliyini təmin etmək üçün sizlərə buraxdığım vəsiyyəti və qeydləri yaxşı oxuyun, əsla unutmayın və bunları hər zaman tətbiq edin. Millətin dərdlərinə dərman tapmaq vəzifənizdir.

Zəifləri qoruyun, yoxsulları zənginlərin zülmünə buraxmayın. «Ədalət və yaxşılıq etmək» düsturunuz, rəhbəriniz olsun.

Mənim kimi uzun səltənət sürmək istəsəniz, qılıncınızı yaxşıca düşünərək çəkin, bir dəfə çəkdikdən sonra da onu ustalıqla istifadə edin.

Aranıza nifaq toxumları əkilməməsi üçün diqqətli olun. Bəzi düşmənləriniz aranıza nifaq salmaq istəyəcək və bundan faydalanmağa çalışacaqlar. Vəsiyyətimdə sizə idarə şəklini, ana fəlsəfəsini göstərdim. Bunlara sadiq qalsanız, tac başınızdan düşməz. Ölüm yatağında olan atanızın bu sözlərini unutmayın.

Məndən sonra imperator Pir Məhəmməd Cahangir olacaq. Ona, mənə itaət edər kimi itaət edəcəksiniz. Sərkərdələrim, indi itaət andı edin! «

(Və bütün sərkərdələr, saray adamları, ağlayaraq and içdilər).

Əmir Teymur, 1405-cü il fevralın 18-də Çinə səfər edərkən vəfat edib. Son sözü «Lə iləhə illəllah» olub. Öldükdən sonra cənazəsini Səmərqəndə aparıblar. Sağlığında çox sevdiyi nəvəsi Məhəmməd Sultan üçün inşa etdirdiyi türbəyə, nəvəsinin yanına basdırılıb.

Bu xəbəri paylaşın: