“Müharibə veteranı” adını kimlər ala bilər?

Azərbaycan Respublikasında “Veteranlar Haqqında” Qanun müharibə veteranlarının dairəsini müəyyən edir. Həmin qanuna əsasən növbəti şəxslər müharibə veteranı sayılırlar:

  • İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
  • 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər
  • İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə.

Qeyd: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

“Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün hansı sənədlər tələb olunur? 

“Müharibə veteranı” adını almaq üçün şəxslər aşğıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməlidir:

  • şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti
  • ərizə (xidmət etdiyiniz dövr və hərbi hissələr haqqında məlumat göstərilməklə)
  • hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi xidmət haqqında arayışı
  • arxiv arayışı (yoxdursa komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır)
  • məhkəmə qətnaməsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
  • amnistiya qərarı (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
  • əlillik vəsiqəsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
  • yaralanma, xəsarət və travma almış şəxslərin müayinə və müalicə haqqında sənədin surəti (mövcud olduğu halda)
Bu xəbəri paylaşın: