Həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonrakı bərpa və quruculuq mərhələsi ərzində daim əsgərlərimizin yanında olan, öz halal zəhməti ilə əldə etdiklərini hərbçilərimiz ilə bölüşən bu Vətən oğullarından biri də Fərzəliyev Orxan Əliyar oğludur. O, müharibə ərəfəsində ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında və cəbhəyə çatdırılmasında da fəal iştirak etmişdir. İstəyirik ki, oxucularımız onu daha yaxından tanısın. Öz halal zəhməti ilə dolanan, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmayan Orxan Fərzəliyev bu gün də müharibə veteranlarımızın, qazilərimizin təmənnasız xidmətində dayanır.
Orxan Fərzəliyev avtomobil təkəri diskləri üzrə ustadır. Orxan lazım gələrsə, hətta özü qazilərimizin evinə gedir, onların təmirə ehtiyacı olan avtomobillərinin təkərlərini açıb öz emalatxanasına gətirir və təmir etdikdən sonra yenidən maşın sahibinin evinə gəlib diskləri yerinə bərpa edir. Haqqında danışdığımız onun gördüyü və təvazökarlıqla gizlətdiyi işlərin bəlkə yarısı da deyil. Bu gözəl qəlbli insanın Vətən fədailərinə olan sevgisi, Vətənə bağlılığından doğan daxili qürur və fədakarlıq ruhu onun simasına da həkk olunub.
Müharibə veteranlarımıza və qazilərimizə olan bu diqqət və qayğısı Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin diqqətini cəlb etmiş və o dərhal təşkilatın Mərkəzi ofisinə dəvət olunmuş, bu Vətən sevdalısı ilə səmimi söhbət əsnasında daha yaxın tanışlıq əldə edilmişdir.
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin əmri ilə Fərzəliyev Orxan Əliyar oğlu Vətən qarşısında könüllü xidmətlərinə, həmçinin müharibə veteranlarına və qazilərimizə təmənnasız kömək etdiyinə görə AVMVİB-in Fəxri Fərmanına layiq görülmüşdür.
Fəxri Fərmanı Fərzəliyev Orxan Əliyar oğluna Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədrinin I müavini Vahid Abdurəhmanov təqdim etmiş və bu gözəl qəlbli Vətən övladına can sağlığı, uzun ömür və uğurlar arzulamışdır.
Fərzəliyev Orxan Əliyar oğlunu təbrik edir və hər kəsə örnək olan bu addımını cəmiyyətimiz üçün vətənpərvərliyin parlaq nümunəsi hesab edirik.
AVMVİB-in Mətbuat xidməti



