Faşizm üzərində qələbədən 80 il ötür

Bu il İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədən 80 il ötür. Məhz 1939-cu ildə bəşəriyyətin başına gətirilmiş ən qanlı faciələrdən biri olan İkinci Dünya müharibəsi başlandı. Hitlerin rəhbərlik etdiyi nasist Almaniyasının dünyaya hökmranlıq etmək ambisiyası milyonlarla insanın həyatına son qoydu, şəhərlər yerlə-yeksan edildi, xalqlar böyük itkilərə məruz qaldı.

Azərbaycan da bu qanlı müharibənin ağrı-acılarını öz üzərində hiss etmiş, həmin illərdə Sovet İttifaqının tərkibində olaraq müharibənin taleyini həll edən amillərdən birinə çevrilmişdir. Azərbaycanın zəngin təbii sərvəti olan neft, müharibə illərində cəbhənin əsas yanacaq təminatçısı kimi çıxış etmiş, Bakının qara qızılı müharibə maşınının hərəkətverici qüvvəsinə çevrilmişdir. Statistik göstəricilərə əsasən, o illərdə istifadə olunan yanacağın 75 faizdən çoxu məhz Azərbaycanın neft mədənlərindən hasil olunmuşdur. Bu isə, müharibənin taleyini həll edən əsas faktorlardan biri hesab olunur.

Azərbaycanlılar həm cəbhədə, həm də arxa cəbhədə müstəsna qəhrəmanlıqlar göstərmişlər. Yüzlərlə azərbaycanlı əsgər və zabit müharibənin ən ağır döyüş bölgələrində rəşadətlə vuruşmuş, bir çoxu qəhrəmancasına həlak olmuşdur. Xüsusilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general Həzi Aslanov, eləcə də Mehdi Hüseynzadə (Mixaylo), İsrafil Məmmədov, Aslan Vəzirov, Ziya Bünyadov kimi qəhrəman azərbaycanlı hərbçilər xalqımızın igidliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişlər.

Bu gün öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müstəqil Azərbaycan Respublikası, 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə ilə bir daha sübut etdi ki, xalqımız qəhrəmanlıq ənənələrini yaşadır və Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə güclü orduya malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu və milli maraqlara əsaslanan dövlət siyasəti nəticəsində Azərbaycan regionda sabitlik və təhlükəsizliyin əsas təminatçısına çevrilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə bütün müharibə veteranlarını, o cümlədən İkinci Dünya müharibəsində döyüşmüş, həmçinin müasir dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş hərbi qulluqçuları və qaziləri ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, uzun ömür və firavan həyat arzulayır. O, çıxışında bildirmişdir ki, müharibə iştirakçılarının qəhrəmanlığı və fədakarlığı heç zaman unudulmayacaq, onların igidliyi gələcək nəsillər üçün əbədi nümunə olacaqdır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: