Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovu müalicə olunduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ziyarət etmişdir. Ziyarət zamanı AVMVİB rəhbərliyi müharibə veteranımız Mərdan Ələsgərova mənəvi dəstək nümayiş etdirmiş, onun səhhəti ilə maraqlanmış, həmçinin onu öz qayğıkeşliyi ilə əhatə edən institutun tibbi personalı ilə də görüş keçirmişlər. Görüş zamanı institutun bir qrup əməkdaşı AVMVİB-in Fəxri Fərmanı ilə təltif edilmişdir.
Belə ki, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi, tibb elmləri doktoru Azad Hacıyev, həkim-kardioloq Sevda Qarayeva, tibb bacısı İradə Qasımova müharibə veteranına göstərdikləri xüsusi diqqət və peşəkar tibbi xidmətlərinə görə AVMVİB-in Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Təltifetmə mərasimində çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev müharibə veteranlarımıza və qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, bu istiqamətdə çalışan tibb işçilərinin fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulamışdır. O, Mərdan Ələsgərova Allahdan tezliklə şəfa diləmiş və institutun tibbi heyətinə göstərdikləri humanist mövqe və yüksək peşəkarlığa görə təşəkkür etmişdir.
AVMVİB-in Mətbuat xidməti






