Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eləcə də təşkilatın Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri və üzvlərinin iştirakı ilə Fəxri Xiyaban ziyarət olunmuşdur.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzülmüş, əbədi xatirəsi dərin ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur. AVMVİB sədri Füzuli Rzaquliyev, ziyarətdən sonra çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın tarixində oynadığı müstəsna rolu, siyasi uzaqgörənliyi və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərini yüksək dəyərləndirmiş, onu böyük strateq, müdrik dövlət başçısı və əsl xalq lideri kimi xarakterizə etmişdir.
“Bugünkü müstəqil, güclü və qalib Azərbaycanın təməlində məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və xalqına sonsuz sevgisi dayanır. Onun siyasi irsi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, hər bir azərbaycanlının qürur mənbəyidir. Biz veteranlar olaraq, onun əziz xatirəsini daim qəlbimizdə yaşadır və uca tuturuq,” – deyə Füzuli Rzaquliyev nitqini tamamlamışdır.
Allah rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti
















